“Çox keçməz ki, digər bankların problemləri də üzə çıxacaq” –İqtisadçıdan təhlükəli proqnoz

10-07-2016, 10:35           

"Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standart"ı nəzarətə götürüb. Əvvəl 1 ay möhlət istədilər. Ondan sonra daha bir ay uzatdılar. Əvvəlcə, hər əmanətçiyə 1000 AZN verdilər. Sonra dedilər problem yoxdur və işlər yoluna düşüb. Məlum oldu ki, limit yenə qalb. Bu dəfə hər əmanətçi başına 5000 manat verirlər".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, əmanətçilər pulu dollarla yerləşdirsələr də, bank manatla qaytarır:

"Maraqlıdır ki, özü də əmanətləri dolların alış məzənnəsi ilə geri qaytarırlar. Hansı ki, əmanətçi pulu bankdan götürüb, onu yenidən dollara çevirsə, ən azı 4-5% itkiyə məruz qalacaq".

Bunun məsuliyyəti kimin üzərindədir? Niyə tənzimləyici qurum olan Mərkəzi Bank vəziyyətin bu həddə çıxmasına imkan verib? Niyə vaxtında tədbirlər görməyib?

Samir Əliyev bildirir ki, dövlət əmanətləri 100% sığortalayır: "Ancaq hazırkı duruma baxanda bir sıra suallar yaranır. Məsələn, sual oluna bilər ki, bu sığorta sisteminin əhəmiyyəti nədir? Əgər insanlar pulunu vaxtında və tam ala bilmirsə, onda sığorta sisteminin faydası nədir? Bank Standart hadisəsindən sonra kim öz pulunu bank sektoruna etibar edəcək? Axı, problem təkcə "Bank Standart"la yekunlaşmayacaq. Çox keçməz, digər bankların problemləri də üzə çıxacaq".

Müsahibimiz deyir ki, "Bank Standart"ın problemi həll olunan deyil:

"Bu bank Beynəlxaq Bankdan sonra dövlətə başağrısı verən ikinci bankdır. Onun xilası üçün böyük həcmdə vəsait tələb olunur. Vaxtı uzada-uzada problemi insanların əziyyəti, itkisi hesabına həll etmək çıxış yolu deyil.

Göründüyü kimi, suallar çoxdur, cavablar isə yoxdur. Əmanətçilər və kredit müştəriləri banklarla üz-üzə qalıblar. Onların müraciət edəcəkləri nə ünvan var, nə də qanun".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.