İri şirkətlər Azərbaycandan gedir - səbəb

15-07-2016, 09:28           
İri şirkətlər Azərbaycandan gedir - səbəb
Ekspertlər deyir ki, şirkətlər Azərbaycanı tərk etməklə əlavə xərclərini azaldırlar
“Shell” şirkəti Azərbaycanda nümayəndəliyini bağlayıb. “Royal Dutch Shell”in (Niderland krallığı) törəmə şirkəti “Shell Business Development Cenrtal Asia B.V” Azərbaycanı tərk edir. Kreditorlar hələ iki ay ərzində şirkətə qarşı iddialar irəli sürə bilərlər. Şirkət ölkəmizdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində axtarış, emal və neft hasilatına dair PSA müqaviləsinə görə (məhsulun bölgüsü) 5 faiz paya malik idi.

“Shell” həmçinin “Kaşaqan” (Qazaxıstan) yatağından əldə olunan neftin Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəql olunmasında maraqlı idi. Lakin sonradan bu qərara yenidən baxıldı və qazax neftinin Xəzər boru kəməri konsorsiumu ilə nəql olunması qərarı verildi. (ANS).

Qeyd edək ki, bundan əvvəl “Samsung”, “Nestle” kimi şirkətlər də ölkədən gediblər. Ekspertlər musavat.com-a iri şirkətlərin Azərbaycanı tərk etməsinin səbəblərini açqılayıblar.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, böyük şirkətlərin ölkəni tərk etməsinin bir neçə səbəbi var: “Əsas neft sənayesi ilə bağlı məsələlərdir. Bu, Azərbaycanda artıq böyük neft dövrünün geridə qalması ilə bağlıdır. Bundan sonra neft istehsalı ilə bağlı müəyyən irəliləyişin olmayacağı ehtimalından irəli gəlir ki, bu mənada Azərbaycana ciddi şəkildə maraq azalıb. Neftin pik dövrü artıq geridə qaldı. Hasilat hər il getdikcə də azalacaq. Sadəcə 2018-20-ci illər arası qaz hasilatının artması gözlənilir. Birinci səbəb budur. Digər səbəblər isə Azərbaycanda ümumi investisiya mühiti ilə bağlıdır. Ümumi biznes ilə bağlıdır ki, bu da tək ”Shell" yox, bir neçə böyük şirkətlər son iki ildə Azərbaycanı tərk etmək məcburiyyətində qalıblar. Bu, “Samsung”la da bağlı olub. Dünyanın ən böyük yeyinti məhsulları istehsal edən şirkəti olan “Nestle” ilə bağlı oldu, nümayəndəlikləri bağladılar.



Bu, Azərbaycanda iş şəraitinin, biznes şəraitinin digər ölkələrə nisbətən daha səmərəsiz olmasından irəli gəlir. “Nestle” öz nümayəndəliyini Gürcüstana köçürdü. Orada biznes məsələlərinin, iş şəraitinin daha rahat olduğunu bəyan etdi. Azərbaycan hökuməti bundan dərs çıxartmadı. Azərbaycanda böyük şirkətlərin marağına ehtiyac olmasına baxmayaraq, nə investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı, nə vergi güzəştləri ilə bağlı, nə mülkiyyət toxunulmazlığı ilə bağlı ciddi addımlar atılmır .

Azərbaycan həmçinin Ümumdünya Ticarət Təşkilatının üzvü olmur. Bilərəkdən üzvü olmur. Bunun da səbəbi budur ki, ÜTT-nin öz qaydaları var. Oraya üzv olan ölkələr həm vergi, gömrük siyasətində, investisiyalar məsələsində, mülkiyyət toxunulmazlığı məsələsində beynəlxalq standartlara cavab verməyə çalışmalıdır. Bütün bu birbaşa və dolayı səbəblər böyük şirkətlərin Azərbaycana marağını azaldır və getdikcə də fəaliyyət göstərənlər Azərbaycan nümayəndəliklərini bağlamağa daha çox üstünlük verirlər. Çünki əlavə xərclərdən, izafi xərclərdən özlərini sığortalayırlar. Azərbaycandan getməklə bu xərclərin azaldılmasına çalışırlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.