Türkiyə nüvə dövlətinə çevrilə bilər:"Ərdoğan 6 il əvvəl uranı zənginləşdirəcək qurğu yaratmaq göstərişi verib" – Təhlil

20-10-2016, 10:16           

Hidrogen bombasının partlayışı
İrina Corbenadze

Rosbalt.ru, 18.10.2016

ABŞ-ın Tükiyədəki “İncirlik” bazasından öz nüvə sursatlarını daşımaq niyyəti (yaxud artıq daşıdığı), həmçinin energetikanın inkişafı üçün Ankaranın atom reaktorları inşa etmək üzrə irimiqyaslı proqram açdığı haqda informasiya müxtəlif fikirlər doğurur. Xüsusən də Ankara “nüvə klubu”nun üzvümü olmağa hazırlaşır – Türkiyə prezidenti Rəcəb Ərdoğan, necə oldusa, artıq öz ölkəsinin uyğun iddiaları haqda ağzından söz qaçırıb. Buna Vaşinqtonun ona aşkar inamsızlığı, Türkiyənin İrandan “geri qalmamaq” və ümumiyyətlə, ən azı, Yaxın Şərqdə həlledici rol oynamağa çoxdankı cəhdini də əlavə etməyinə dəyər.

“Nüvə klubu”nun legitim və yaxud kölgə üzvü olmaq fikri ilk baxışdan görünə bildiyi qədər də sərsəm ideya deyil. Əldə olan rəsmi məlumata görə, hazırda Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin, Pakistan, Hinduistan, KXDR və İsrailin nüvə silahı var. Bundan savayı, Türkiyə daxil olmaqla NATO üzvü bir neçə ölkənin ərazisində ABŞ-ın nüvə silahı var və bu ölkələr savaş vaxtı bundan istifadə edə bilər – əlbəttə, “sahib”in razılığı ilə. Lakin, görünür, Türkiyənin Amerikanın “etibarlı şəxslər” siyahısından çıxması onu, qeyri-rəsmi məlumata görə, klub üzvü olmayan və yaxud əldə etməyə gerçək imkana malik dövlətlərdəki kimi nüvə silahı yaratmağa təhrik edə bilər. Söhbət o cümlədən Yaxın Şərqin – dünyann, az qala, ən münaqişəli bölgəsindəki dövlətlərindən gedir. Hələ də hesab edilir ki, İran potensialca nüvə silahı yaratmağa yaxındır və bu, təkcə Yaxın Şərqdə deyil, həm də bütün dünyada qüvvələr tarazlığını pozmağa qabildir.

Lakin bununla belə, nədənsə İsrailin nüvə potensialına və Türkiyədə döyüş başlıqlarının olduğuna diqqət yetirilmir. Çünki birinci ölkə ABŞ-ın müttəfiqi, ikinci isə NATO üzvüdür. Lakin Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etmək niyyətini gizlətmir – xüsusən də Pakistandan. Amma Qərb də məlum səbəblər üzündən bu cür təhlükəyə barmaqarası baxır.

Bu qayda ilə hər halda bölgədə qüvvələr tarazlığı pozulub və yaxud buna çox yaxındır. Deməli, ciddi potensialı olan Türkiyə bunu ölkənin təhlükəsizliyi ilə bəraət qazandırıb nüvə silahlanması yarşına niyə qoşulmasın?

Müxtəlif hərbi ekspertlərin müştərək məlumatına söykənib qeyd edək ki, ABŞ-ın “sayəsində” Türkiyə ərazisində 50-dən çox B 61 tipli nüvə bombası var və bunu bu ölkənin artıq nüvə dövlətinə çevrilməsi kimi dəyərləndirmək olar. Lakin ciddi danışsaq, bombaların varlığı çox şeydən xəbər vermir, amma bunlar modernləşdirilsə, onda “sadə bomba” çox təhlükəli kütləvi qırğın silahı ola bilər.

Bundan başqa, ekspertlər qeyd edirlər ki, Türkiyə 215 ədəd F-16 döyüş təyyarəsini modernləşdirib və bunlar nüvə silahı ilə təchiz olunmaq üçün yararlı olub. Ən pis halda Türkiyə İsrail və yaxud Səudiyyə Ərəbistanından “xidmət” xahişi edə bilər.

Lakin Barak Obama ABŞ-ın prezidenti olunca, bu cür ssenari çətin baş tutar. Amma Ağ Evdə onu tezliklə Klinton, yaxud Tramp əvəzləyəcək və hadisələrin o zaman necə inkişaf edəcəyi böyük sualdır. Hər şey Ərdoğanın ABŞ-ın yeni prezidenti ilə razılığa gəlib-gələ bilməyəcəyindən asılıdır, ya da əksinə, Ankara-Vaşinqton münasibətləri daha da soyuyacaq.

Düşünmək olar ki, Türkiyə bu halı nəzərdə tutub – həm də çoxdan. “Die Welt” hələ iki il qabaq yazıb ki, Almaniya federal kəşfiyyatı Türkiyəni “güdür”, çünki Ərdoğanın öz ölkəsini nüvə silahı ilə təchiz etmək niyyətindən şübhələnir – təbii ki, dinc atom proqramı və elektrik enerjisi hasil etmək pərdəsi altında.

Və burada xatırlatmağına dəyər ki, Ankara hələ beş il əvvəl Rusiyanın “Rosatom”u ilə 15 milyard dollar dəyərində böyük reaktor kompleksinin inşası üçün müqavilə imzalayıb. Bir qədər sonra bir qədər böyük məbləğli oxşar saziş Yaponiya-Fransa konsorsiumu ilə də bağlanıb.

Almaniya nəşrinin yazdığı kimi, əsas mətləb müqavilələrin özündə deyil, məzmunundadır. Yəni Türkiyə işlənmiş yanacağın ölkədən daşınmasına razılıq verməyərək məsələnin həllini “nə zamanasa” saxlayıb. Bu isə fikir doğurur ki, o, nüvə silahı, AES-in fəaliyyəti ilə əldə etmək mümkün olan plutonium bombası əldə etməyə cəhd edir. Qeyri-rəsmi məlumata görə, Ərdoğan hətta altı il əvvəl uranın zənginləşdirilməsi üçün qurğu yaratmaq göstərişi verib. Həm də danışırlar ki, Türkiyənin artıq guya Pakistandan aldığı uyğun sentrifuqası var. Buna əlavə etmək olar ki, Türkiyə, təxminən, yuxarıda göstərilən vaxt uzaqmənzilli raketləri sınaqdan keçirmişdi.

Əslində, Türkiyənin nüvə dövləti olmaq cəhdinə təəccüblənməyinə dəyməz – çətin ki, nüvə silahından istifadə edər, əvəzində əla önləmə rıçaqı əldə edəcək. Eyni zamanda daim tələbat artan elektrik enerjisi generasiya etməkdə sabit qaynaq.

Lakin, bax, bu maraqlıdır – “Akkuyu” AES-ə görə Rusiya-Türkiyə sazişi Türkiyənin nüvə iddialarının gerçəkləşməsinə dolayısı ilə şərait yarada bilər və Moskva, çox güman ki, buna qarşı çıxmayacaq. Çünki fakt üzrə Ərdoğanın planlarının gerçəkləşməsində “iştirakçı” olacaq. Özü də bir ölkə başqa ölkədə AES inşa edib nüvə yanacağı da daxil olmaqla ona xidmət edirsə, buna görə çox böyük pul əldə edir. Hələ Qərbi demirik, İranın buna necə yanaşacağı başqa bir məsələdir.

Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının yekunu üzrə bu yaxınlarda xəbər verdiyi kimi, tərəflər təkcə “Türk axını” layihəsinin gerçəkləşməsini deyil, həm də “Akkuyu” AES üzrə işi daha da sürətləndirmək üçün mühüm razılaşma əldə edib. O, həm də əminliyini bildirib ki, Rusiya və Türkiyə “əldən buraxılmış vaxtın əvəzini çıxmağı” bacaracaq.

Putin isə xüsusi qeyd edib ki, söhbət təkcə sadəcə atom elektrik stansiyasının inşasından deyil, “Türkiyəyə tam yeni yüksək texnologiya sahəsində texnologiyanın ötürülməsi və kadr hazırlığından” gedir. RF prezidenti əlavə edib ki, hazırda 200-dən çox uyğun mütəxəssis Rusiyada hazırlıq keçir.

Bundan əlavə, Putinin mətbuat katibi Dmitri Peskov bu günlərdə İrəvanda KTMT-nin sessiyasında jurnalistlərə bildirib ki, Türkiyə tərəfi istəsə, Rusiya ona “müxtəlif HHM sistemləri” tədarük etmək məsələsini nəzərdən keçirə bilər. Və ümumiyyətlə, tərəflər hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edir.

Xülasə, görünür, ortamüddətli perspektivdə Yaxın Şərqi nüvə iddiaları paradı gözləyir və güman etmirəm ki, bunun öhdəsindən gəlmək mümkün olsun – onları yalnız dinc nüvə institutları ilə nəzarətə götürmək olar və lazımdır.

Lakin nüvə silahı Türkiyəyə nə dərəcədə lazımdır? Ola bilsin, ona böyük ziyan gətirəcək, çünki bölgədə açıq şəkildə qızğın nüvə silahlanması başlanacaq və Yaxın Şərq bu günkindən daha qorxunc olacaq. Buna etiraz etmək olar ki, təkcə Ankarada “kiçik bomba”nın olması haqda informasiya ölkənin milli maraqlarını qoruya bilər – xüsusən də amerikalıların onun ərazisindən nüvə döyüş başlıqlarını çıxartdığı və əksər ekspertlərin iddia etdiyi kimi, NATO RƏM-nin (raket əleyhinə müdafiə) Türkiyənin təhlükəsizliyini təmin etmədiyi bir şəraitdə. Hətta RƏM bir çox baxımdan Türkiyənin Yaxın Şərqdəki əsas rəqibi İranla qarşılıqlı münasibətlərinə ziyan vurur.

Amma Türkiyənin mərhələ-mərhələ nüvə dövlətinə çevrilməsi haqda məlumat düzgündürsə, onda İran dinc atom hüdudunu keçməzmi və İranın nüvə proqramı ilə bağlı bütün epopeya təzədən başlamazmı?



Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.