TARİXİ FAKTLAR: Erməni kəşfiyyatı sovet vaxtı Azərbaycanın əleyhinə işləyirmiş (VİDEO)

31-10-2016, 19:55           
TARİXİ FAKTLAR: Erməni kəşfiyyatı sovet vaxtı Azərbaycanın əleyhinə işləyirmiş (VİDEO)
“Erməni lobbisi hələ Stalinin dövründən Rusiyada güclü mövqeyə malik idi. Erməni güc strukturlarının nümayəndələri Azərbaycana və xüsusilə İran ərazisində Azərbaycanın güc strukturlarına qarsı mübarizə aparırdı. Bu, görünməmiş hadisə idi. Bir sovet respublikası digəri ilə mübarizə aparırdı…”

AzVision.az xəbər verir ki, bunu Rusiyada yaşayan tanınmış politoloq Heydər Camal çıxışı zamanı deyib. Politoloqun fikrincə, erməni kəşfiyyatı Sovet dövründə Azərbaycan əleyhinə iş aparıb.

[media=https://www.youtube.com/watch?v=fLT3SQTvuLs]

Tarixçi, millət vəkil Musa Qasımlı AzVision.az-a bildirib ki, uzun illər boyu "məxfi", "tam məxfi" və "xidməti istifadə üçün" qrifləri ilə saxlanan arxiv materiallarında bununla bağlı çoxlu maraqlı faktlar var: “Onların bir qismindən mən İstanbulda nəşr olunmuş "Azərbaycan türklərinin milli mücadilə tarixi. 1920-1945" əsərimdə istifadə etmişəm. Sovet dövründə ermənilər SSRİ-nin xüsusi xidmət orqanlarında, xüsusən xarici kəşfiyyat sahəsində çalışırdılar. Onlar fəaliyyətlərində azərbaycanlıları gözdən salır, böhtanlar atır, zəiflətmək, gələcəkdə Cənubi Qafqazda onların əsassız ərazi iddialarını reallaşdırmağa mane ola biləcək qüvvəni sıradan çıxarmaq üçün müxtəlif vasitələri işə salırdılar.

Çoxlu arxiv məlumatlarından bir neçəsini misal gətirim. İkinci dünya müharibəsi başlayan zaman sovet xarici kəşfiyyatının erməni mənşəli agenti Türkiyədən yazırdı ki, hərbi əməliyyatların gedişində SSRİ zəifləyən kimi, Türkiyə Qafqaza hücum edəcək və azərbaycanlılar, digər türk xalqları ona yardım edəcəklər.

İrandakı fəaliyyətlərində də onlar iyrənc metodlardan istifadə edirdilər. Məsələn, SSRİ-İran sərhədindən Ermənistana öz adamlarını göndərmək adı altında daşnaklar İran vətəndaşı olan azərbaycanlılardan istifadə edirdilər. Daşnakların hiyləsini anlamayan azərbaycanlı adamlar sərhədi keçirdilər. Sovet orqanları azərbaycanlıları tutur, onlara qarşı təqibləri artırırdılar, azərbaycanlılara olan etibar azalırdı”.

Tarixçi alim vurğulayıb ki, sovet dövründə xarici ölkələrdə çalışan erməni mənşəli xüsusi xidmət əməkdaşları Moskvada çalışan azərbaycanlı dövlət və siyasi xadimlər haqqında böhtanlar dolu yazıların yazılmasını təşkil edirdilər: “Sovet İttifaqına həsr edilmiş əsərlərdə onların türkçü, pantürkçü olmasına dair uydurma məlumatlara yer verilirdi. Bu barədə istənilən qədər misallar gətirmək olar. Həmin fəaliyyətin konkret məqsədləri var idi. Bu üsullar yeni deyildir. Hələ birinci dünya müharibəsi ərəfəsində Daşnaksütyun Partiyası Cenevrədə keçirdiyi qurultayında qəbul etdiyi qərarında ayrıca bənd ilə yazmışdı: "Partiya üzvlərini - daşnakları Cənubi Qafqaza panislamçı və pantürkçü adı altında göndərib, təbliğat aparmaq. Bununla da çarizm orqanları duyuq düşəcək, azərbaycanlıları təqib edəcək və gələcəkdə Cənubi Qafqazda ermənilərə mane ola biləcək qüvvə zəifləyəcəkdir. İyrənc üsullar indi də davam edir. Xüsusən, Yaxın, Orta Şərqdə baş verən hadisələrin fonunda".

Tarixçi Qafar Çaxmaqlı da Heydər Camalın dediklərinin həqiqət olduğunu söyləyib. O, məsələ ilə bağlı AzVision.az-a bildirib ki, kommunist donu geyinmiş erməni millətçi ünsürlər yüksək sovet eşalonunda yer alırdılar. Onlardan biri Anastas Mikoyan idi və "İliçdən İliçə", yəni Lenindən Brejnevə qədər Kommunist partiyasının söz sahiblərindən biri idi. O üzdə erməni milliyətçi təşkilatalarına, o cümlədən xaricdə fəaliyyətdə olan Daşnaksütyun partiyasına qarşı sərt fikirlər söyləsə də, maskalanmış siyasət yürütməkdə idi

“O, ikinci dünya müharibəsindən sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasının müəlliflərindən biri idi. Bağırov bu təhlükənin qarşısını almışdı. Elə həmin illərdə Azərbaycanlıların da Ermənistandan köçürülməsi məsələsində Politbürodakı ermənilərin rolu olmuşdu. Onlar belə bir rəy yaratmışdılar ki, xaricdəki ermənilər Ermənistana gəlmək istəyir, amma onları yerləşdirmək üçün ərazi kifayət etmir. Ermənilər 1947-ci ilin dekabrında SSRİ Nazirlər Sovetinin qərarını almağa nail oldular. Hələ Azərbaycanın köçürülməsi planı da olmuşdu. Və buna Mircəfər Bağırov mane olub. Müharibədən sonra Cənubi Azərbaycanın Şimali Azərbaycana birləşdirilməsi üçün yaxşı şərait yaranmışdı. Buna ermənilər mane oldular. Onlar Sovet qoşunlarının Cənubi Azərbaycandan çıxarılmasına nail oldular. O zaman Azərbaycandan cənuba xeyli sayda mütəxəssis getmişdi. O cümlədən xüsusi xidmət orqanlarında , güc strukturlarında çalışanlar var idi. Onların bir çoxu geri dönərkən həbs edildilər. Əgər biz ciddi araşdırmalar aparsaq, bunlara nəzarəti həyata keçirən daha üst qurumlardakı ermənilərin rolu aşkar edilə bilərik”.

Q.Çaxmaqlı bildirib ki, “erməni məsələsi”nin bir qolu kimi bu məsələlər tədqiqatçısını gözləyir. Azərbaycan tarixçiləri bu dövrün bəzi məqamlarını arxiv materialları əsasında işləməkdədirlər:

“Daha sonrakı onillərdə, xüsusən “soyuq savaş” illərində NATO-ya üzv olmasından sonra qarşı blokda yer alanlar Türkiyəyə qarşı əməlli başlı düşmən mövqeyə keçdilər. Sovet höküməti Türkiyəyə qarşı ermənilər tərəfindən əsərlər yazılmasını belə təşviq etmişdi. O dövrdə "Karvanlar hələ yoldadır"(Silva Kaputikyan) kimi əsərlər rus dilində kütləvi tirajlarla nəşr olunurdu. O dövrdə belə əsərlərin sərt sovet senzurasından necə keçdiyini indi analmaqdayıq. 1965-ci ildə Sərdarabadda "Erməni soyqırımı" abidəsinin qoyulmasına Moskvada lövbər salmış ermənilər nail oldular. Ermənilər bizimlə Türkiyədə yaşayan türkləri ayırmırdılar. Mübarizəni də eyni müstəvidən yürüdürdülər. Türkiyəyə gücləri çatmayanda bizi hədəf alırdılar. Azərbaycanın başına gələn bəlaların bir çoxu Moskvada ermənilər tərəfindən planlaşdırılırdı. 1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi ideyasını verən Qorbaçovun erməni məsləhətçisi Abel Aqanbekyan idi. İndi Ermənistan guya müstəqil dövlət olsa da, onun fəaliyyət dairəsi yenə də Moskvadakı ermənilərə işləyən adamlar tərəfindən cızılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.