Fazil Mustafaya ağır cavab verdilər- Gənc bloqqerdən Fazil bəyə cavab yazısı

4-11-2016, 20:29           
Fazil Mustafaya ağır cavab verdilər- Gənc bloqqerdən Fazil bəyə cavab yazısı
Hörmətli millət vəkili Fazil Mustafa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə İstanbuldan qayıdarkən kitab mağazasında gördüyü "Uydurulmuş din və Qurandakı din" (İstanbul Yayınevi, 2016, Yenilənmiş 54-cü Baskı) adlı kitabı kütləvi tirajla Azərbaycan türkcəsində hazırlayıb insanlara çatdırmağı təklif edir. Fazil bəy hesab edir ki, guya Azərbaycan insanları bu kitabı oxuduqdan sonra Quranla “özlərinin din adlandırdıqları cəfəngiyyat” arasında nə qədər ziddiyyət, nə qədər fərqlilik olduğunu anlayacaqlar.

Mən Fazil bəyin bu təşəbbüsün uğursuz və lazımsız bir iş olduğun düşünürəm- subyektiv fikrim budur. Əsaslandırım.
Fazil bəy, Sizin "uydurulmuş din və Qurandakı din" tezisiniz mənim üçün çürükdü. Sizin islam dininin əhli sünnə icmasına aid olduğunuz açıq-aydındı və yanaşma tərzini qəbul edərək, bu firqəyə inanmağınız və bunu “endirilmiş din” olaraq görməyinizi başa düşmək heç də çətin deyil. Çünki bu sizin öz həqiqətinizi tapdığınız icmadı.

Zamanla tənqid atəşinə tutduğunuz digər firqə və məzhəblərin də (məsələn, İran ayətullahlarının təsiri altından olan şiə firqəsi) uydurulmuş din olmasını düşünür və bunu acıq aydın ifadə edirsiniz. Fazil bəy, sizin özünüzə digər firqə və məzhəblərin baxış bucağından,məsələn elə tənqid etdiyiniz şiə icmasından baxmış olsaq, siz uydurulmuş dinin nümayəndəsisiniz, yoxsa Qurandakı dinin? Bu sualın cavabı bizi bu nəticəyə gətirir: islam dinində ümumi həqiqətlər ya yoxdu, ya da çox azdı. İstənilən şəxs həm uydurulmuş dinin, həm də Qurandakı dinin təmsilcisi ola bilər- baxır hansı bucaqdan yanaşırsan. Sizin "uydurulmuş din və Qurandakı din" tezisinizin “fəlsəfəsi” mənim daxil olduğum icmanın üzvləri “Qurandakı din”in,digər icmalardan olanlar isə “uydurulmuş dinin” nümayədəsidir" yanaşmasından başqa bir şey deyil.

Həmçinin Fazil bəy, nəzərinizə çatdırımaq istərdim ki, ölkəmiz də daxil olmaqla 1.5 milyard nüfuza sahib olan müsəlman coğrafiyası Qərbin istehlak etdiyi neftin 50 faizini ixrac edir. Ki, normal şərtlərdə həmin təbii resursun bu coğrafiyada yaşayan müsəlmanlara iqtisadi rifah gətirməli, bütün müsəlmanlara bu rifahdan pay düşməlidir. Lakin təəssüf ki, təbii sərvətlərlə göstəricilər tərs mütənasibdir. Görəsən bunun səbəbi nədir?

İslam Konfransı Təşkilatının üzvü olan 57 ölkədə ümumilikdə 500 universitet var. Lakin təkcə ABŞ-da 5758 universitet mövcuddur. “Shanghai Jiao Tong” Universiteti “Dünya Universitetlərinin Akademik Dəyər siyahısı”nı hazırlayanda müsəlman ölkələrin heç birindən ilk 500-ə girən universitet yox idi. UNDP tərəfindən toplanan məlumatlara görə müsəlman dünyasında oxuma-yazma nisbəti təxminən 40 faizdir- 100 faiz oxuyub-yaza bilən bir müsəlman ölkəsi yoxdur. Xristian dünyasındakı oxuyub-yazanların 40 faizi universitet məzunudur. Bu nisbət müsəlman dünyasında heç 5 faizi də keçmir. Müsəlman ölkələrində hər bir milyon şəxsin payına akademik səviyyədə elmlə məşğul olanların sayı 230 nəfər olduğu halda, bu rəqəm ABŞ-da 4 min, Yaponiyada isə 5 mindir. Bu vəziyyət İslam dünyasının bilgi səviyyəsini ortaya qoyur.

Fazil bəy, bilgi tətbiqinin əhəmiyyətli göstəricilərindən biri texnologiyanın ümumi ixracat içindəki səviyyəsidir. Ümumi ixracatın içində texnologiya ixracatı 10-15 faiz olan bir müsəlman dövləti göstərə bilərsinizmi? Əlbəttə, göstərə bilməzsiniz,çünki islam dünyası məlumat tətbiqini gerçəkləşdirə bilmir.

Fazil bəy, gələcək- ona hədəflənən cəmiyyətlərə aiddir desəm, yəqin mənimlə razılaşarsınız. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin qeyri-neft hasilatının məbləği 2 trilyon dollardan aşağıdır. ABŞ təkbaşına 12 trilyon dollar, Çin 8 trilyon dollar, Yaponiya 3.8 trilyon dollar, Almaniya 2.4 trilyon dollar dəyərində əmtəə istehsal edə bilir.

Neft zəngini Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər birlikdə 500 milyard dollarlıq mal və xidmət formalaşdırırlar və bunların da çoxu neft məhsuludur. Mal və xidmət istehsalı İspaniyada 1 trilyon dollardan çoxdur. Katolik Polşada 489 milyard dollarlıq, buddist Taylandda 545 milyard dollar dəyərində mal və xidmət istehsalı gerçəkləşir. Bütün bunların səbəbi, elmdən, təhsildən məhrum olub, mühafizəkar, doqmatik bir din sistemin içində,müxtəlif zamanlarda və məkanlarda dini ədəbiyyatın kütləvi tirajla insanlara çatdırılması deyilmi?

Fazil bəy, Türk dünyasında onlarca elm adamını Albert Eynşteyinin məktubu ilə qurduğu cümhiriyyətə cəlb edən, türk insanın əlindən tutaraq ona yazmağı öyrədən Atatürk adlı bir dahi olub. Bugün Türkiyədə TÜBİTAK kimi bir mərkəzə nəzarət edən Ərdoğan hakimiyyəti İmam Xətib məktəblərini dəstəklədiyi qədər, İlayda Şamilgil kimi bir savadlı gəncə arxa durmadı, əvəzində İlayda xanıma ABŞ öz yardım əlini uzatdı, onu NASA-ya cəlb etdi. Atatürkə düşmən mövqeyində olub, elmdən kənarlaşıb, bütün var gücünü dini idarəciliyə yönəldib, əlində Quranla gəzərək demokratiya, insan haqqlarından danışan Ərdoğan rejimi doğurdanmı işıqlı gələcək vəd edir? Axı dayağı din və ya müqəddəs kitablar olan bir cəmiyyətin sonunu təcrübə olaraq İrakda,Suriyada,Yəməndə görürük!..

Siz ölkəmizdə təhsil sisteminin,univeristet və orta məktəblərin hansı vəziyyətdə olduğunu, ümid edirəm,məndən daha yaxşı bilirsiniz.Enində-sonunda bu sizin borcunuzdur, çünki Milli Məclis üzvüsünüz. Sovetlərdən ayrıldığımız dövrdən bu zamana qədər bir dənə olsun elmi kitab tərcümə olunmayıb və müraciət etsək də, "Gənclərə Yardım Fondu" tərcümə ediləcək elmi kitablara qrant ayırmayıb. Mən bir gənc olaraq öz dilimizdə elmi kitab tapıb oxuya bilmirəm. Bu kimi məsələlər olduğu halda "Uydurulmuş din və Qurandakı din" adlı dini ədəbiyyatı öz dilimizə tərcümə etməyə nə gərək var?
Bu bizə nə verəcək?

Bəlkə elmi kitabların tərcüməsi ilə bağlı məsələ qaldırasınız?
Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən, 36 min şagird Ana dilindən "2" qiyməti almışdı. Vəkilliyini etdiyiniz ölkəmizdə öz Ana dilini bilməyən insanlara "Uydurulmuş din və Qurandakı din" adlı kitabı tərcümə etməklə onları ağ günə çıxarıb üzlərini NASA-ya tərəf yönəldə bilməyəcəyinizi düşünürəm. Elə buna görə də, bu təşəbbüsünüzü uğursuz bir addım hesab edirəm.
Həmin 36 min şagird üçün keşkə Azərbaycan dili kursları açılmasını təklif etsəydiniz...
Taryel Abdullayev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.