“Qanunsuz fəaliyyətlə məşğul olan deputatlar var” - Millət vəkillərindən qalmaqallı maaş açıqlaması

21-11-2016, 19:26           

""Xəstəlik kağızı” alıb, iclaslara qatılmayan, biznesmen deputatlar...”


Xəbər verdiyimiz kimi Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu millət vəkillərinin maaşının ləğv edilməsi təklifi ilə çıxış edib.

Jurnalist bildirib ki, millət vəkillərindən 5-6 nəfəri çıxsaq, parlamentdə əyləşənlərin əksəriyyətinin aylıq 1500-2000 min manata ehtiyacı yoxdur: "Köməkçiləri də ləğv edilsin. Kim istəyir canı çıxsın öz pulu ilə özünə köməkçi saxlasın. Köməkçiləri ilə birlikdə ilə 3-4 milyon manat edir. Təkcə bu qənaətlə dövlət 4 ilə şəhid ailələrinə olan borcunu tam bağlaya bilər. 10-15-20-25 ildir deputatdırlar, qoy bundan sonra millətə pulsuz xidmət etsinlər. O pulu da yönəltsinlər şəhid ailələrinin 20 ildir, verilməyən qanpulunun (hər ailəyə 11 min manatdır) ödənilməsinə. Cəbhədə hər iki ayağını itirmiş 18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən adamlara pul düşmür! Şəhid ailəsinin 200 manatın ümidinə buraxılmasına səs verən deputata pul düşmür”.

teref.az bildirir ki ,BakiPost.az jurnalistin bu təklifinə deputatlardan bəziləninin münasibətini öyrənib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc düşünür ki, deputatın maaşının ilk növbədə qabardılması onun xalq təmsilçisi olmasıyla bağlıdır:

“Qanunsuz fəaliyyətlə məşğul olan deputatlar var” - Millət vəkillərindən qalmaqallı maaş açıqlaması

"Həmkarlarımızdan birinin fikirlərinin müəyyən qədər konteksdən çıxarılması fonunda parlament üzvlərinin maaşı mövzusu gündəmə gəldi. Deputat xalq təmsilçisi olaraq diqqət mərkəzindədir. Ona digər hakimiyyət orqanlarından fərqli münasibətin əsası dediyimiz amilə bağlıdır. Vətəndaş düşünür ki, onun təmsilçisi istənilən halda bu ictimai problemlərlə daha çox yüklənməli, bu məsələləri daha fəal şəkildə tribunaya gətirməlidir. Həmçinin ölkə əhalisinin şəraitinin yaxşı olmasında ən məsuliyyət daşıyan orqan olmalıdır. Ümumiyyətlə, əhalinin bütün kateqoriyalarının həyat şəraiti arasında bir mütənasiblik olmalıdır. Əgər burda qeyd etdiyimiz tarazlıq pozulursa, avtomatik olaraq qanunverici orqan birinci hədəfə gəlir. Çünki insanların şəraiti bizim qərarlarımızdan, qanunvericilik aktlarımızdan, büdcənin icrasının vəziyyətindən asılıdır. Burada nəinki parlament üzvü ilə vətəndaş arasında, o cümlədən məmurla vətəndaş arasında da həyat şəraitinin təminatında məsafə böyükdürsə, problemlər çoxdursa avtomatik olaraq biz qınaq daşıyıcısına və məsuliyyət sahibinə çevrilmiş oluruq. Cəmiyyətdə müxtəlif ayrı-ayrı qüvvələrdən bu mövqelər var ki, parlament üzvləri nə üçün özləri haqda belə mövqe göstərir. Amma biz bunu yuxarıda qeyd etdiyim səbəbdən ötrü elə də qətiyyən pis qarşılamırıq”.

Millət vəkilinin sözlərinə görə, parlamentdə əhalini düşünən, onların problemlərinin həlli üçün çalışan deputatlar var: "Həmişə cəmiyyətin sosial rifahının yaxşılaşması üçün ən müxtəlif məsələlərdə addım atan, hökumətə yönəlik tənqidlərini dilə gətirən insanlar deputatlardır. Düşünmürəm ki, biz bu gün müzakirə predmeti kimi onu götürməliyik ki, bir təbəqə olaraq parlament üzvləri vəzifə daşıyıcıları kimi özlərinin güzəranlarının yaxşılaşması üçün savaş aparırlar, vətəndaşın hansı şəraitdə yaşaması onların heç birinin vecinə deyil. Ümumiyyətlə, məsələ belə qoyulmamalıdır. Parlamentdə insanları düşünən çoxlu sayda həmkarlarım var. Onların da zəhmətlərini yerə vurmaq haqsızlıq olar”.

Zahid oruc qeyd edib ki, əhalinin ümumi yaşayış səviyyəsi yaxşılaşdırıldığı təqdirdə deputatların maaşları məsələsi gündəmdə olmaz: "Rey Kərimoğlu Qarabağ uğrunda savaşda iştirak edən çox dəyərli bir qələm adamıdır. İllərdir onu tanıyıram. Onun Milli Məclis üzvlərinin bir çoxları ilə birgə ictimai tədbirləri keçirdiyinin şahidi olmuşam. Bu zəmində onun da bu mübahisələrə belə reaksiya verməsini normal qarşılıyıram. Bəzən buradakı qəzəb amilinə müəyyən qədər haqq qazandırıram. Çünki hesab oluna bilər ki, bu vasitə ilə kimlərinsə problemini çözmək olar. Amma məsələyə hüquqi kontekstdə yanaşsaq, çözüm yolu ayrıdır. Məsələn, Rusiyada son dövrün yeni qanunvericilik aktına görə parlament iclaslarında iştirak etməyən şəxslərin maaşından müəyyən məbləğ kəsiləcək. Son dövrlər mətbuatda fəal şəkildə informasiyalar gedir ki, xəstəlik adı ilə bülletenə çıxan və bununla bağlı "üzrlü səbəb” adı ilə arayışlar təqdim etmələr artıb. Millət vəkilləri də öz əmək haqlarının qorunması uğrunda müxtəlif vasitələrə əl atırlar. Düşünürəm ki, meyarlar hüquqi olmalıdır”.



Zahid Oruc bildirib ki, deputatlar arasında qanunla qadağan olmasına rəğmən biznes fəaliyyəti ilə məşğul olanlar da var: "Parlament üzvləri sırasında keçmişdə böyük biznes fəaliyyəti, sahibkarlıqla məşğul olanlar olub və var. Bir çoxları düşünürlər ki, bu gün də onlar dolayı yolla bu prosesi həyata keçirirlər. Baxmayaraq ki, qanunvericilik bunu yasaq edir. Amma bu reallıq mövcuddur.

Son bir il ərzində manatın dollar qarşısında dəyərinin xeyli itirməsi fonunda əhalinin gəlirlərinin azalması, ölkənin bütövlükdə xarici ticarət dövriyyəsinin bir neçə pay geri düşməsi, sahibkarlıq mühitindəki qeyri-fəallığın yaranması, əhalidəki gözləmə mövqeyi, investisiyaların qoyuluşunda müəyyən qədər azalmalar durdurularsa, ölkə əhalisinin bütün təbəqələrinin həyat şəraiti yaxşılaşarsa, insanlar da deputatların onlardan çox yüksək şəraitdə yaşadıqlarını deməz. Mən əminəm ki, dediyim balans yalnız bu cür qorunula bilər. Belə olan təqdirdə hər hansı problem olmaz. Həmçinin əhali də deputatların maaşlarının azalması və verilməməsi ilə bağlı çıxış etməz”.

İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa hüquqi baxımdan deputatların maaşının ləğv edilməsinin mümkün olmadığını deyir:

“Qanunsuz fəaliyyətlə məşğul olan deputatlar var” - Millət vəkillərindən qalmaqallı maaş açıqlaması

"İnsanların rəyi müxtəlif ola bilər. Bir rəyə görə kimisə qınamıram. Deputatlara da münasibət mənfi və ya müsbət ola bilər. Onların fəaliyyətinə insanların subyektiv dəyərləndirməsi var. Bu da bir fikirdir, Amma hüquq başqa şey deyir. Belə ki, bəlli bir statusu olan insanlara dövlət tərəfindən müəyyən vəsait ödənilməli, köməkçi təyin olunmalıdır. Hazırda kimsinə bunu keyfiyyətsiz yerinə yetirdiyini, öz işini vicdanla edib-etmədiyini seçicinin öhdəsinə buraxmaq lazımdır. Seçicinin özü bunu qiymətləndirər. Amma bütövlükdə bunun qadağan olunması hüquqa uyğun olmadığı üçün müzakirəsini aparmaq doğru deyil”.

F. Mustafa hesab edir ki, deputatlar bu çıxışları diqqətdə saxlamalıdırlar: "Digər deputatlar da bu cür insanların açıqlamalarını hər halda nəzərə alıb daha fəal olmalıdırlar. İnsanlara kömək etməlidirlər. Ən azından aldıqları maaşın halallığını əldə etməlidirlər. Həmçinin aldıqları maaşa görə heç olmasa minnətdar olduqları seçiciyə xidmət etsinlər. Əsas prinsip budur. İnsanların hamısı bunu eyni dərəcədə dərk etməlidir. Bu cür açıqlamaların xeyri odur ki, deputatları düşünməyə vadar edir”.

Millət vəkili vurğulayıb ki, deputatların maaşlarının alınıb şəhid ailələrinə və vətən uğrunda əlil olanlara verilməsi ilə bağlı deyilənlər bir az populizmdir: "Çünki pulu dövlət öz büdcə imkanları hesabına verməlidir. Ona qalsa, sosializmdə də Lenin inqilab edəndə dedi ki, burjuaziyanın pulu alınıb fəhləyə verilməlidir. Sonra da həmin pulu öz ciblərinə qoydular. Ona görə də belə populist yanaşmalar artıq yüz il bundan öncənin aktual çağırışları idi. Müasir dövrdə və müasir kapitalizm cəmiyyətində hamının pul qazanması üçün normal şərait yaratmaq lazımdır. Dövlət özünün maksimum imkanlarından istifadə edib onlara dəstək verməlidir. Onlar vətən uğrunda vuruşduğu üçün dövlət də onlara dəstək verməlidir”.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.