VETERANLAR QALMAQALI: Səngərdə bir olanlar Plenumda qarşıdurmada

22-11-2016, 04:17           
VETERANLAR QALMAQALI: Səngərdə bir olanlar Plenumda qarşıdurmada
Bu gün Respublika Veteranlar Təşkilatının plenumu keçiriləcək. Məlumat üçün bildirək ki, qurumun bu toplantısı nizamnaməyə uyğun olaraq, ildə bir dəfə, adətən noyabrda, yaxud dekabrda keçirilir. Plenumda Təşkilatın il ərzində gördüyü işlər müzakirə edilir, növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilir. Bu gün keçiriləcək plenumun adi olmayacağı haqda məlumatlar var. Əvvəla, bu toplantıda qurumda sədr dəyişikliyi olacağı ehtimal edilir, həmçinin təşkilatda təmsil olunan bəzi veteranların rəhbərlikdən narazılığını açıq ifadə edəcəyi gözlənilir. Onu da bildirək ki, cumhuriyyet.az olaraq Respublika Veteranları Təşkilatı daxilində baş verənlər haqda son günlər bir neçə silsilə yazılar dərc etmişik. Plenuma qədəeki dönəmi xarakterizə etmək üçün həmin yazılardan bəzi məqamları yenidən xatırlatmağı lazım bildik.
Bizim iddiamız: generalı devirmək istəyirlər…
İlk yazımızda bildirmişdik ki, Şura daxilində bəzi qüvvələr aktivləşərək rəhbərliyin dəyişdirilməsi üçün fəaliyyətə başlayıblar. Onu da qeyd etmişdik ki, Şuranın hazırki sədri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin səhhətində problemlər yaranıb və “çevrilişçilər bu durumdan bəhrələnməyə çalışırlar.
Məsələ ilə bağlı redaksiyamızı məlumatlandıran mənbə generala qarşı duran qüvvələr və onun rəhbəri haqda müəyyən məlumatlar verib. Belə ki, Şuradakı proseslərdən tam məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə general D.Rzayevin postuna ən çox iddialı şəxs Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovdur: “Qarşıda Şuranın geniş toplantısı keçiriləcək. General Dadaş Rzayevin səhhətində problemlər olduğu üçün bu toplantıda yeni sədr məsələsinə baxıla bilər. Cəlil Xəlilov da bu məqamları hesablayaraq indidən hazırlıq və təbliğat işlərinə başlayıb”. Mənbəmiz həmçinin C.Xəlilovun Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədrliyini ələ keçirmək üçün apardığı söhbətlərdə “artıq “yuxarılar”in razılığını almışam, Adminstrasiya məni dəstəkləyir” deməsini, onu müdafiə etmələri üçün bəzi şəxsləri vəzifə ilə şirnikləndirməsini önə çəkdi.
Mənbənin söylədikləri arasında daha çox diqqət çəkən məqam həm Qarabağ, həm Böyük Vətən Müharibəsi veteranlarının, eləcə də Əfqanıstan döyüşçülərinin C.Xəlilovun namizədliyinə qarşı kəskin etirazlarının olmasıdır. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, ehtiyyatda olan polkovnikin Qarabağ döyüşlərində iştirak etməməsi belə bir quruma rəhbərlik etməsi üçün ona ən azı mənəvi baxımdan məhdudiyyətlər yaradır: “C.Xəlilov bir gün də olsun Milli Ordunun zabiti olmayıb. O, 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. “Ştab zabiti” olan, səngər görməyən, Milli Ordu sıralarında olmayan birinin bu gün Silahlı Qüvvələrin formasını geyməsi, hələ üstəlik Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədrliyinə iddia etməsi ciddi etirazlar yaradır. Çünki bu qurumda Qarabağ müharibəsində, Əfqanıstan döyüşlərində iştirak edən kifayət qədər mərd və hörmətli, cəsurluğu ilə ad çıxarmış zabitlərimiz var”.
Qarşı tərəfin mövqeyi
Bizim ilk yazımızdan sonra Respublika Veteranlar Təşkilatı tərəfindən redaksiyamızın elektron poçtuna elektron
“Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı” başlıqlı yazı daxil oldu. Biz cumhuriyyet.az olaraq həmin yazını da dərc etdik və indi sözügedən məktubu da olduğu kimi diqqətinizə çatdırırıq: “Bir neçə gündür ki, ölkənin bəzi saytları və xəbər portalları, əsasən cumhuriyyet.az, anaxeber.az, aztoday.az, xalqxeber.az və digərləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında bəzi qüvvələrin, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun təhriki ilə bu təşkilatın rəhbərliyinin dəyişdirilməsinə çalışdığı, Qarabağ, Böyük Vətən və Əfqanıstan müharibələri veteranlarının buna kəskin etiraz etdikləri barədə hansısa naməlum mənbəyə istinadən yalan məlumatlar yayırlar.
Respublika Veteranlar Təşkilatı bu məlumatların yalan və böhtan xarakteri daşıdığını, Dadaş Rzayevin səhətinin hazırda normal olduğunu və sədrin yaxın günlərdə işə çıxacağını bəyan etməklə, elektron KİV nümayəndələrini dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırır.
Əsassız xəbərləri yayanların qeyri-peşəkarlığını, hərbi sahə barədə məlumatsızlıqlarını göstərən faktları (Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibinə daxildir) bir kənara qoysaq, C.Xəlilovun Qarabağ və Əfqanıstan müharibələri veteranı olması faktının bilərəkdən gizlədilməsinin yalnız qərəzdən qaynaqlandığını demək olar. Nə əcəb istinad edilən “daxili mənbə” Respublika Veteranlar Təşkilatının veteran.az saytında neçə aylardan bəri yerləşdirilmiş həmin məlumatdan xəbərsizdir? Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, yaxud veteranları barədə məlumatların açıqlaması praktikasına və onların digər hərbi qurumlardan fərqinə gəlincə, bunun da xüsusi bilik tələb etdiyini düşünmürük.
Digər tərəfdən, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş bir şəxsin barəsində “Milli Ordu sıralarında olmamış” ifadəsi işlədilməsi özünü jurnalist adlandıran şəxslərin nəinki məlumatlılıq və peşəkarlıq, hətta ümumi “səviyyə”sindən xəbər verir. C.Xəlilovun Əfqanıstan müharibəsi veteranı olması faktının dəqiqləşdirilməsi üçünsə, müəlliflərə keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası Uzaq Şərq Dairəsi Sərhəd Qoşunlarının komanlanlığına müraciət ünvanlamalarını tövsiyə edərdik.
Böhtan və yalanları tirajlayanlar vaxtında Təşkilata müraciət etsəydilər, nəinki həmin məlumatların əsassız olduğunu, hətta sədr müavininin qeyd edilən fəaliyyətlərə qarşı barışmaz mövqe tutduğunu yəqinləşdirərdilər. Biz bu barədə təfərrüata varmadan yalnız onu qeyd etməyi vacib bilirik ki, Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yayanlar hansı məqsəd daşımaqlarından asılı olmayaraq, gələcəkdə də ifşa olunacaq və Təşkilatın son vaxtlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən fəaliyyətinə kölgə sala bilməyəcəklər.
Biz məhkəmə perspektivi olan bu qarayaxmalara veteran dözümü ilə yanaşmaqla, həmin sayt və xəbər portallarının həm Təşkilat, həm də onun rəhbərlərindən biri barəsində yaydıqları yalan məlumatlarla əlaqədar təkzib verəcəklərinə inanırıq.
Həmçinin bildiririk ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz ölkə KİV-ni və onun nümayəndələrini özümüzə ən yaxın həmkarlar hesab edirik”.
Veteranlar arasında ikitirəlik: döyən də var öyən də…
Bu yazılarımızdan sonra həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranları tərəfindən redaksiyamıza müraciət olunaraq müxtəlif mövqelər sərgiləndi. Məsələn, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Cəmşid Naxçivanski adına hərbi litseyin müəllimi, iki dəfə Döyüş Bayrağı Ordeni ilə təltif edilmiş Əfqanıstan Veteranlar Cəmiyyətinin üzvü Şakir Əhmədov cumhuriyyet.az-a açıqlamasında C.Xəlilovun Əfqanıstan döyüşlərində iştirakı ilə bağlı hər hansı bir məlumata malik olmadığını, belə bir fakta rast gəlmədiyini və Əfqanıstan müharibəsi veteranı olan soydaşlarımızdan kimsənin də onun bu müharibədə iştirakının şahidi olmadığını bildirdi. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev isə C.Xəlilovun Qarabağ savaşında iştirakından məlumatsız olduğunu bildirdi: “Döyüşdə iştirak edənin döyüş yoldaşı olar, hansı döyüşlərdə iştirak etdiyi bilinər. Mən bu vaxta qədər belə bir fakta rast gəlməmişəm. Nə də tanıdığım qarabağ veteranlarından kimsə bunu bildirməyib”.
Bundan başqa Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan, Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucov redaksiyamıza öz mövqeyini göndərərək Cəlil Xəlilov haqda gedən məlumatları “qərəzli, ədalətsiz, böhtan xarakterli” adlandıraraq “belə təxribat xarakterli yazıların həqiqəti əks etdirmədiyini” bildirdi: “ki, bu gün böhtan xarakterli yazılarla ittiham edilən ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi ilə də Azərbaycan Sərhəd qoşunlarının formalaşmasında böyük əməyi olan və 1993-cü ildə özünü Talış-Muğan Respublikasının rəhbəri elan edərək qiyam qaldırmış Əlikram Hümbətovun dəstəsinin və özünün tərkisilah edilməsində həbs edilməsində Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi xüsusi xidmətləri olmuşdur”. Dünən isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri əməkdaşı, Əfqanıstan, Qarabağ müharibələri, Müstəqil Dövlətlər Birliyinin Döyüş əməliyyatları, Azərbaycan Republikası Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov redaksiyamıza öz fikirlərini bildirərək C.Xəlilov haqqında yüksək fikirlərin ifadə etmişdir: “Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvələrinin Veteranları, ehtiyatda olan hərbiçilər və keçmiş döyüşçülərlə birlikdə Azərbaycan Resublikası Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər an səfərbər olaraq torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda yenidən döyüşlərə qatılmağa hazır olan vətənpərvər zabitlərimizdn biridir”.
500 minlik korrupsiya ittihamı və şok iddialar
Amma səsləndirilən ittihamlar arasında sərt iddialar da var idi. Belə ki, məsələ ilə bağlı cumhuriyyet.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatı sədrinin keçmiş müavini ehtiyatda olan polkovnik, Silahlı Qüvvələr veteranı, Çernobıl qəhrəmanı və əlili Əliyev Kamal Müslüm oğlu bildirdi ki, 2009-cu ilin mart ayından Respublika Veteranlar Təşkilatında əvvəl mütəxəssis, sonra baş mütəxəssis, sonra 5 il təşkilatın sədr müavini vəzifəsində işləyib. Keçmiş müavin deyir ki, Təşkilat yarandığı gündən 30 il ərzində belə bir vəziyyətə düşməyib. O, baş verənlərdə Təşkilatın sədr müavini Cəlil Xəlilovu günahkar bilir: “Cəlil Xəlilov öz gəlişi ilə təşkilatı parçaladı. Orduda xidmət etmiş, müharibədə iştirak etmiş zabitlərin hamısını oradan uzaqlaşdırmağa nail oldu. Bu gün Respublika Veteranlar Təşkilatında orduda xidmət etmiş bir nəfər də zabit qalmayıb. İndi orda olanlar hamısı Cəlil Xəlilovun yaxın adamları və veteran hərəkatına heç bir aidiyyatı olmayan insanlardır. Cəlil Xəlilov Təşkilata təzə gələndə sabiq nazir Eldar Mahmudovun adamı olduğunu deyirdi. İndi Akif Çovdarovun məhkəmə prosesi onu göstərir ki, doğrudan da Cəlil Xəlilov onların məktəbindən keçib. Cəlil Xəlilov gəlişi ilə məni müavin vəzifəsindən və rəyasət heyəti üzvlüyündən uzaqlaşdırmağa nail oldu. Son iki ildə beynəlxalq tədbirlərin heç birinə veteranların getməsinə imkan vermədi, baxmayaraq ki, tərtib olunmuş planlarda belə tədbirlərin keçirilməsi nəzərdə tutulurdu. Bütün ezamiyətlərin hamısına özü getdi. Araşdırılsa, ezamiyyət xərclərində ciddi qanun pozuntuları aşkar ediləcək. Cəlil Xəlilov şəxsi marağı naminə Ulu Öndər Heydər Əliyevin 1975-ci ildə təşəbbüsü ilə yaradılmış, uzun müddət sovet ittifaqı qəhrəmanı, generalların rəhbərlik etdiyi Bakı Şəhər Veteranlar Şurasının ləğvinə nail oldu. Eyni zamanda Respublika Veteranlar Təşkilatının balansında olan Bakı Şəhər Veteranlar Şurasının mənzil qərargahının satılmasına nail oldu. Həmin bina Sahil metrosuna yaxın ərazidə yerləşirdi. Oradan əldə olunmuş külli miqdarda pul vəsaiti mənimsənildi. Gördüyü bütün işləri yuxarılarla məsləhətləşdiyini qeyd edir. Ölkədə ağır iqtisadi böhranın olmasına, Respublika Veteranlar Təşkilatının tələbatını ödəyə biləcək sayda avtomobil nəqliyyatının olmasına baxmayaraq, Cəlil Xəlilov çox baha qiymətə müasir avtomobil alaraq istifadə etməyə başladı. Baxmayaraq ki, bu vəsait veteranların ehtiyaclarının ödənilməsinə xərclənə bilərdi. Hörmətli Prezidentimizin 2016-cı ildə Təşkilata ayırdığı 500 min manat vəsaitin hara xərclənməsi məlum deyil. Veteranlar üçün hazırlanmış veteran döş nişanları baxmayaraq ki, Azərbaycanda daha ucuz hazırlana bilərdi, nədənsə Cəlil Xəlilovun təşəbbüsü ilə çox baha qiymətə Serbiyada sifariş olundu və Cəlil Xəlilov bu məsələ ilə bağlı dövlət vəsaiti hesabına bir neçə dəfə Serbiyada səfərdə oldu. Bu ezamiyyət xərcləri Təşkilatın hesabından silindi. Bu döş nişanlarının veteranlara verilməsi nəzərdə tutulmuşdu, minlərlə döş nişanı veteranlığa aid olmayan adamlara 7-10 manata satıldı. Oradan gələn vəsaitin hansı məqsədlər üçün xərcləndiyi məlum deyil. Təşkilatın nizamnaməsində nəzərdə tutulmayan veteran həmrəyliyi medalının, Cəmşid Naxçıvanski medalının, Həzi Aslanav medalının, Əliağa Şıxlınski medalının, Səmədbəy Mehmandarov medalının qanunvericiliyə zidd olaraq təsis olaraq hazırlanması Cəlil Xəlilovun təşəbbüsü ilə həyata keçirildi. Həmin medallar ucuz nüfuz qazanmaq üçün veteran hərəkatında əməyi və iştirakı olmayan insanlara verilir. Cəlil Xəlilovun gəlişi ilə Respublika Veteranlar Təşkilatında xəbərçilik, satqınlıq, intirqalar baş alıb getdi. Cəlil Xəlilov təşkilata gələn gündən quruma rəhbərlik etmək üçün böyük intriqalara başladı. Təşkilatın hazırki, sədri e.o general-mayor Dadaş Rzayevin ağır xəstəlik keçirməsinə də Cəlil Xəlilovun hərəkətləri səbəb oldu. Beləki, Cəlil Xəlilov general-mayor Dadaş Rzayevin sürücüsünə və köməkçisinə tapşırıq verib ki, generalın yanına kim gəlsə mənə məlumat verin. Orada olan bir nəfər veteran bunu Dadaş Rzayevə deyib. D.Rzayev sürücü və köməkçisini çağırıb məsələni soruşanda onlar boyunlarına almayıblar. Həmin axşam general Rzayev ağır insult keçirtdi. Cəlil Xəlilovun üzərində gəzdirdiyi Əfqanıstan, Qarabağ Müharibəsi veteranl vəsiqələrini, Silahlı Qüvvələr Veteranı vəsiqəsi yoxlama aparılarsa saxta olduğu üzə çıxacaq. Respublikada fəaliyyət göstərən Əfqanıstan Müharibəsi Veteranları Təşkilatı və Qarabağ Müharibəsi Veteranları Təşkilatı aşardırma aparsa bu vəsiqələrin saxta olduğu ortaya çıxacaq. Bu haqsızlıqları görərək, təşkilatda qalıb öz işimi davam etdirməyi özümə sığışdırmadım, ərizəmi yazıb təşkilatdan getdim. Müvafiq orqanlardan göstərilən məsələlərin araşdırılmasını və Veteranlar Təşkilatından belə lazımsız adamların uzaqlaşdırılmasını xahiş edirəm. Respublika Veteranlar Təşkilatına elə adamlar gətirilməlidir ki, təşkilatın itirilmiş nüfuzunu bərpa etsinlər”.
Plenum sakit keçməyəcək, amma…
Bütün proseslər onu göstərir ki, Respublika Veteranlar Təşkilatının bu günkü toplantısı heç də sakit ötüşməyəcək. Bu plenumda ola bilsin ki, təşlitatı məsələyə baxılmasın, yəni sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev vəzifəsində qalsın. Amma fakt budur ki, qurum daxilində, veteranlar arasında fikir müxtəlifliyi var və Təşkilatın sədr müavini C.Xəlilova qarşı olanlarla onu müdafiə edənlər barışmaz mövqedədir. Nəticələr isə plenumdan sonra bəlli olacaq. Cumhuriyyet.az olaraq mövzunu davam etdirəcəyik…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.