Sabiq spikerin həyat yoldaşının adı ağır cinayətdə hallanır - FOTO/VİDEO

22-11-2016, 18:31           
Sabiq spikerin həyat yoldaşının adı ağır cinayətdə hallanır - FOTO/VİDEO
Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi keçmiş qohumlar arasında düşmənçiliyə səbəb olub.

BakiPost.az xəbər verir ki, 60-dan yuxarı yaşı olan qadın keçmiş kürəkənindən qisas almaqdan ötrü cinayətə əl atıb. Belə ki, bu ilin sentyabrın 22-də Bakının Akademik Landau küçəsi 535 ünvanında yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 4 otaqlı ev yararsız hala düşüb. Hadisə yerinə cəlb edilən FHN əməkdaşları hündürmərtəbəli binanın digər mənzillərini alovdan mühafizə etsələr də, yanğın baş verən mənzil tamamilə sıradan çıxıb. Evin bütün əşyaları külə çevrilib. Hadisə baş verən gün ev sahibi Rüfət Mövsümovun dayısının yas mərasimi olduğu üçün evdə heç kəs olmayıb.

Sabiq spikerin həyat yoldaşının adı ağır cinayətdə hallanır

Yanğının baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların gəldiyi ilkin nəticəyə görə, hadisə qəsdən törədilib. Şahidlərin və ev sahiblərinin dindirilməsi zamanı şübhəli şəxs qismində bir nəfərin adı keçir - Tövhə Məmmədova. O, ev sahibinin keçmiş qayınanasıdır.

Bir neçə nüans hadisənin həmin şəxs tərəfindən törədilməsi fikrini möhkəmləndirir. Rüfət Mövsümov 1 il əvvələ qədər Tövhə Məmmədovanın qızı Aytən Məmmədova ilə yanan evdə yaşayıb. Sonradan onlar boşanıblar. Hadisə baş verməzdən bir neçə ay əvvəl isə Rüfət ikinci dəfə ailə həyatı qurub və o evdə yaşamağa bağlayıb. Hadisənin bu evlilikdən qısa müddət sonra baş verməsi, Tövhə Məmmədovanın onlardan qisas almaq üçün belə bir addımı atması ehtimalını yaradır.

Həm də deyilənə görə, onda evin açarları olub. Ailə dağılandan sonra isə qapıların kilidləri dəyişdirilməyib. Məlumata görə, işi araşdıran Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları Töhvə Məmmədovanı dindiriblər. Güya, o, ifadəsində hadisəni törətdiyini etiraf etsə də, sonradan izahatı dəyişdirilib.

Məsələ ilə bağlı Polis Bölməsindən BakiPost.az-a verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb: "Yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb və bütün məlumatlar prokurorluğa göndərilib”. Bölmədən hadisəni kimin törətməsiylə bağlı suallara cavab verilməyib.

Tövhə Məmmədova isə BakiPost.az-a açıqlamasında onun haqqında deyilənlərin yalan olduğunu bildirib: "Hər şey yalandır. Elə bir şey ola bilməz. Rüfət mənim keçmiş kürəkənim olsa da, münasibətlərimiz indi də çox yaxşıdır. Hətta bunu onun özündən də soruşa bilərsiz. Bu səbəbdən mənim o hadisədə adımın keçməsi əsassızdır”.


T.Məmmədova hadisə ilə bağlı ifadə verib-vermədiyi barədə suallı eşitdikdən sonra telefonu söndürüb.

Qeyd edək ki, Tövhə Məmmədova 1992-ci ildə (fevral 28-dən mayın 15-dək) 4 ay Azərbaycana rəhbərlik etmiş şəxslərdən biri - Ali Sovetin sədri olmuş Yaqub Məmmədovun həyat yoldaşıdır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.