Sarayda baş verən dəhşətli qətllə bağlı növbəti FAKTLAR

10-06-2015, 21:09           
Sarayda baş verən dəhşətli qətllə bağlı növbəti FAKTLAR
Sarayda qətlə yetirilən mərhum bələdiyyə sədri Vəsilə Əbilhəsənova cinayəti ilə bağlı yeni faktlar ortaya çıxıb.

Hafta.az-ın məlumatına görə, artıq cinayətdə şübhəli bilinən hər kəs dindirilib. Hadisəni isə Fədai Hüseynov adlı torpaq alqı-satqısı ilə məşğul olan şəxsin tək başına törətməsi şübhə doğurmur. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Fədai Hüseynov bələdiyyə sədrindən Saray qəsəbəsi ərazisində yerləşən 2 hektarlıq əraziyə sənəd verməsini tələb edib. Xəbər verdiyimiz kimi, V.Əbilhəsənova 2015-ci ilin yanvarında bələdiyyəyə sədr gətiriləndən sonra F.Hüseynov ondan qəsəbə ərazisindəki 2 hektarlıq torpağa sənəd verməsini tələb edib. Sədr isə onun bu tələbini yerinə yetirməyib.

Mübahisə obyekti olan torpağı isə V.Əbilhəsənovadan əvvəl həmin postu tutmuş bələdiyyənin sədri veribmiş. Sədr dəyişəndən sonra isə 2 hektar torpağın verilməsində əsas iştirakçılardan olan F.Hüseynovla torpağı alanlar arasında mübahisə yaranıb. Torpağı alan şəxslər ondan torpağa aid sənədləri israrla tələb ediblər.

Məlumat üçün onu da qeyd edək ki, Saray qəsəbəsində hadisə törədilən gün olduğumuz zaman sakinlərdən çox az sayda adam Vəsilə Əbilhəsənovanı tanıdığını söylədi. Onların hər biri köhnə bələdiyyə sədrinin adını çəkir, onun isə vəfat etdiyini bildirirdilər. Mərhum V.Əbilhəsonovanı tanıyan sakinlərin sözlərinə görə, mərhum sədri sakit və mədəni biri kimi tanıyıblar. Onun kiminləsə qərəzli davranışının şahidi olmayıblar.

Lakin qatillə mərhumun arasındakı mübahisənin kökləri dərin olub. Qətlin törədildiyi gün, F.Hüseynovun hadisədən öncə mərhumun digər evində hansısa sənədləri axtarması ilə bağlı xəbər vermişdik. Məsələ ilə bağlı “Yeni Müsavat” qəzeti isə aşağıdakıları yazıb:

“Olaydan bir neçə gün əvvəl V.Əbilhəsənovanın torpağa aid sənədləri F.Hüseynova verməyəcəyini deməsi onu cinayətə sürükləyib. O, sənədləri zorakılıqla əldə etmək qərarına gəlib. F.Hüseynovda torpağa aid sənədlərin yeni bələdiyyə sədrində olması haqda əvvəldən məlumat olub.

Bunu söyləməyə əsas verən isə F.Hüseynovun olaydan əvvəl Əbilhəsənovların Saray qəsəbəsində yerləşən digər mənzilinə gedib orada sənədləri axtarmasıdır.

Əgər F.Hüseynov axtardığı sənədləri orada tapsaydı, bu gün bələdiyyə sədrinin qətlindən yox, mənzilindən sənədlərin oğurlanmasından söhbət gedəcəkdi. Əlbəttə ki, bələdiyyə sədri bu haqda hüquq-mühafizə orqanlarına məlumat versəydi...


Hafta.az-ın əməkdaşının Saray qəsəbəsində olarkən əldə etdiyi məlumata görə, hadisə baş verən M.Ziyadov küçəsində yerləşən ikimərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşıb. Oradan da pəncərə vasitəsilə mənzilə daxil olub. Bunun ardınca isə məlum hadisə baş verib.

Hadisə baş verən gün mətbuatda yayılan bir çox məlumatlar öz təsdiqini tapmadı. Belə ki, hadisənin ardınca mərhumun evinin də yandırılması xəbəri əslində başqa səbəbdən yayılıb. Belə ki, mənzildə olan divanın üzərinə yanan siqaret düşdüyü üçün, divan yanmağa başlayıb. Bunu da hadisədən xəbər tutduqdan sonra qonşular söndürüblər. Hadisə isə mətbuata divanın yox, mənzilin yanması kimi yayılıb. Eyni zamanda, mərhum sədrin Saray sakinlərini incitməsini, onlara məxsus torpaqları mənimsəməsi barədə yayılan xəbərləri də bizimlə söhbət edən sakinlər təsdiqləmədilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.