İkinci təyyarə böhranı:Rusiya revanş alır, yoxsa yeni oyuna hazırlaşır?

11-02-2017, 00:50           
İkinci təyyarə böhranı:Rusiya revanş alır, yoxsa yeni oyuna hazırlaşır?
“9 fevral 2017-ci il tarixində təyyarə ilə vurulan hərbçilərimiz, təqribən, 10 gündən bəri eyni nöqtədə yerləşir və son olaraq, 8 fevral 2017-ci il tarixində Rusiya Federasiyası hərbi birliklərinin sözügedən nöqtəyə raket atmasından sonra əsgərlərimizin koordinatları həmin axşam saat 23.11-də Xmeymimdəki Hərəkat Mərkəzinə təkrarən verilmişdir. Eyni saatlarda Ankaradakı Rusiya Silahlı Qüvvələrinin attaşesi Baş qərargaha dəvət edilərək, koordinatlar onlara əllə təqdim edilmişdir".

Strateq.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin bu gün yaydığı yazılı açıqlamada belə deyilir.

TSQ-nın bu açıqlamanı yayması səbəbsiz deyil. Dünən “Fərat qalxanı” çərçivəsində Suriyanın əl-Bab qəsəbəsində 2 aya yaxındır İŞİD-ə qarşı əməliyyat keçirən türk əsgərlərinin yerləşdiyi bina rus təyyarələri tərəfindən vurulub, nəticədə 3 əsgər şəhid olmuş, birinin vəziyyəti ağır olmaqla, 11 hərbçi yaralanıb. Türkiyə tərəfi bunu Rusiya Hava Qüvvələrinin bilmədən atəş açması kimi ictimai rəyə təqdim etməyə çalışsa da, bu gün Moskvadan gələn məlumatlar gündəmi alt-üst etdi.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun mətbuata verdiyi açıqlamaya görə, İŞİD-ə qarşı hava əməliyyatı keçirən rus ordusu Türkiyənin verdiyi koordinatlar əsasında hərəkət etmiş və istəmədən məhmətçikləri vurmuşdu. Peskov bu “səhvin” məsuliyyətini isə Ankaranın üstünə ataraq demişdi: “Səbəbə gəlincə, hər şey çox aydın və ortadadır: təəssüf ki, ordumuz hava hücumlarını həyata keçirərkən, türk ortaqlarının verdiyi koordinatlara güvənirdi. Türk əsgərləri həmin koordinatlarda olmamalı idilər".

Öz əsgərini adi bir səhlənkarlığa qurban verməyin məsuliyyəti altında qalmaq istəməyən TSQ-nın açıqlamaq məcburiyyətində qaldığı faktlar isə Rusiya-Türkiyə arasında növbəti böhranın yaranmaqda olduğunu göstərir. Qarşılıqlı açıqlamalardan məlum olur ki, Rusiya heç də koordinatları qarışdıraraq və istəmədən həmin hədəfləri vurmayıb. Ən əsası isə, onun vurduğu hədəflərin Türkiyə ordusuna aid olmasını bilməməsi də mümkün deyildi. Çünki türk əsgərləri artıq 10 gündür həmin nöqtədə qərar tutub və Ankara bu barədə Rusiyanı dəfələrlə məlumatlandırıb. Hadisədən bir gün qabaq həmin nöqtəyə raket atılması və bundan sonra Türkiyənin həm Xmeymimdəki rus hərbi qərargahına, həm də Ankaradakı rus səfirliyinə koordinatları təkrarən çatdırması hücumun səhvən baş vermədiyinin sübutudur.

Görünən budur ki, Rusiya türk ordusunun regionda mövcudluğunu istəmir və müxtəlif bəhanələrlə zərər vuraraq onu bölgədən uzaqlaşdırmağa çalışır. Türkiyə rəsmiləri hadisəni “dost səhvi və istəmədən açılan atəş” kimi təqdim etdiyi halda, Dimitri Peskovun guya özlərini təmizə çıxarmaq “məqsədilə” hadisəyə aydınlıq gətirməsi də bu mənada təsadüfi deyil. Belə aydın olur ki, rus rəsmisi də koordinatları qarışdırmadıqlarını gizlətmək fikrində deyil və həmin nöqtəni bilərək vurduqlarını açıq-aşkar etiraf edir. “Koordinasiya yetərsizliyi” barədə irəli sürülən iddialar isə, xəbərlərin analizindən də göründüyü kimi, bəhanədən başqa bir şey deyil.

Sual oluna bilər: Rusiya son zamanlar müttəfiq olduğu Türkiyənin əl-Babda olmasını və İŞİD-ə qarşı mübarizə aparmasını niyə istəmir?

Zənnimizcə, bunun bir neçə səbəbi ola bilər.

Əvvəla, Türkiyənin “Fərat qalxanı” əməliyyatı təkcə İŞİD-ə qarşı mübarizə ilə məhdudlaşmır. Bəlkə də ondan daha önəmli hədəf Suriyanın şimalında xəyali “Kürdüstan” dövləti qurmaq istəyən kürd separatçılarıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında dəfələrlə etiraf edib, PYD-ni hədəf olaraq göstərib. İstər Rusiya, istərsə də ABŞ isə açıq şəkildə dəstəklədikləri PYD-nin ortadan qaldırılmasını arzulamırlar. Əks halda regiondan kənarda yerləşən bu dövlətlərin bölgəyə təzyiq imkanlarının tamamilə sıfıra enə biləcəyini düşünürlər.

İkincisi, əl-Babın İŞİD-dən təmizlənməsindən sonra Türkiyənin Raqqaya yönəlməsi gözlənilirdi. Regiondakı kürd separatçıları ilə bu əməliyyata başlamaq istəyən ABŞ-ın bu bəhanəsini əlindən almaq üçün Ankara PYD-nin əvəzinə, özü həmin missiyanı yerinə yetirməyə razı olmuşdu. Bu isə iki NATO ölkəsinin yenidən yaxınlaşmasına aparıb çıxara bilərdi ki, Moskva bunu da arzulamır. Odur ki, dost atəşi “qəzalarıyla” Türkiyəyə çox irəli getməyin xeyirli olmayacağına inandırmağa çalışır.

Hər iki ölkə rəsmilərinin ilk baxışdan adi bir qəza kimi görünən həmin hadisəni qarşılıqlı polemikaya çevirməsi və bu məsələdə Rusiyanın ilk addımı atması da “koordinasiya xətası”nın şüurlu olaraq törədildiyini göstərir. ABŞ-la əlaqələrindəki böhranlı dövrləri geridə qoyan Moskvanın indi regional müttəfiqlərə çox ehtiyacının qalmaması da onun Suriyada istədiyi kimi at oynatmasının digər səbəblərindən biridir. Necə olsa, regiondakı üstün mövqeyindən faydalanıb ABŞ-la dil tapmaq imkanları var və super gücə çevrilmək yolunda xeyli məsafə qət edən Rusiya üçün bu, regional qüvvələrlə bir səfdə görünməkdən daha faydalıdır.

Sadaladığımız bu amillər Rusiya-Türkiyə arasında ikinci təyyarə böhranının yaşandığını göstərir. Amma ilkindən fərqli olaraq, rus təyyarələri bu dəfə vurulan yox, vuran tərəf rolundan iştirak etmək əzmindədirlər.

Rusiya vurulan təyyarəsinin revanşını alır, yoxsa yeni derbi oyununa hazırlaşır?

Bu sualın cavabı yaxın günlərdə aydın olacaq.

Heydər Oğuz

Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.