Jirinovski Türkiyədə nə üçün həbs edilib – şok səbəb

11-02-2017, 10:27           
Jirinovski Türkiyədə nə üçün həbs edilib – şok səbəb
Azərbaycanı quberniyalara bölməyi təklif edən cığal və çılğın rus siyasətçi haqda ilginc faktlar...

“Yeni Rusiyanın siması kimdi” sualı havada səslənincə bəziləri mütləq gözləri qarşısına Vladimir Volfoviç Jirinovskinin tərs sifətini gətirirlər. Yeni məhsulunu bazara çıxarmaq istəyirsən? Rusiya ilə məxfi əlaqələrə girmək fikrindəsən? Reklama ehtiyacın var? Hə... işin qəlizdi. Gərək mütləq Jirinovskinin bığı, yaxud qılıncı altından keçəsən.

Misal üçün, tanınmış rus oliqarxı, nikel maqnatı Mixail Proxorov bir gün, tam yeni elektrik avtomobili istehsal etmək xəyalına düşür. Reklama ehtiyac yarandığını görüb, əvvəlcə Putini qatır bu işə. Ümumdünya zarafat günündə - 1 aprel 2011-ci il tarixində Vladimir Putin həmin elektromobili sürüb gətirir növbəti hökumət iclasına. Ancaq nooolsun?

Avtomobilin bu reklam çarxı, ümidləri doğrultmur. Avtomobil yatıb qalır Kremlin it-bat bir küncündə. Proxorov axır, ən sınanılmış son variantını işə salır bu zaman. Telekameraların gözü qarşısında Vladimir Jirinovskiyə həmin elektromobilin birini hədiyyə verdiyi vaxt, həəəə, qaval çönür necə deyərlər. Avtomobilin qara bəxti açılır. Banklar, çar-naçar qalıb, layihəni maliyyələşdirməyə razılıq verirlər.

Ancaq sonra Jirinovski dinc dayanmır. Anadan əmdiyi südü Proxorovun burnundan gətirir. Jurnalistləri yığır başına. Elektromobilin nasaz akusunu telekameralara göstərib dişinin dibindən gələni deyir Rusiya avtomobil sənayesi ünvanında. Həmin andaca Jirinovskinin əl telefonu başlayır durmadan zəng çalıb titrəməyə. Proxorovun zənginə cavab olaraq Jirinovski deyir ki, 2004-cü ildən veqeterian mətbəxini seçib. Ət, kabab-filan yemir. Ancaq, zərf içində ünvanına göndərilən bank kartlarının dəlicəsinə vurğunudur...

Qısası, Jirinovskiylə iş görənlər, əlbir olanlar həmişə... bəli, həmişə peşmançılıq, təəssüf hissləri keçirirlər lap axırda.

Azərbaycan nümunəsində bu, son zamanlar özünü bir daha isbatladı. Darıxmayın buna görə. Azərbaycan mətbəxinin əvəzsiz dadı, Jirinovskinin hələ də damağındadır. Azərbaycana gəldiyi vaxtlar o, adətən həmişə öz veqeterianlığını unudur. Gözlərini yumub başlayır xeyrimizə danışmağa.

***
25 aprel 1946-cı ildə, uzaq Alma-Atada dünyaya göz açan Vladimir Volfoviç öz bioloji atasını - təmiz yəhudi əsilli Volf Eydelşteyni heç vaxt görməyib.

Bu Volf Eydelşteynin atası İshaq, mənşəcə Polşanın Rovno şəhərindəndi. Fabrikantdı. Mebel istehsal edib məhsulunu yaxşı qiymətə müştərilərinə satırmış. 1939-cu ildə Qızıl Ordu hissələri Rovnanı işğal edib qatırlar Ukraynanın tərkibinə. İstismarçı burjuyları, o cümlədən Jirinovskinin atası Volf Eydelşteyni, yığıb basırlar qatarlara. Sürüyüb gətirirlər uzaq Alma-Ataya.

Vallah, elə bax, bu da Volf Eydelşteyni onu irəlidə gözləyən labüd ölümdən qurtarır. Digər qohumlarının sonrakı acı taleyindən xilas edir bəlkə də. Belə ki, Jirinovskinin Rovnadakı digər qohumlarını - babası İshaqı, nənəsi Rivkanı, habelə digərlərini 1941-ci ildə şəhəri işğal etmiş faşistlər divar önünə düzüb ucdantutma güllələyirlər. Əməliyyat, şəhərdəki yəhudi evlərinin sayına görə “Aksiya 470" adlanırmış.

Hə... talenin tərs sifətini, paradokslarını Jirinovski öz həyatı boyu ilk dəfə məncə bax bu nümunədə hiss edib. Həyata, siyasətə fərqli baxışlarını məhz bu çox acı, faciəli şəxsi təcrübəsi üzərində qurub məncə.

Stalini, NKVD-ni indi bildiz niyə o həmişə xilaskar adlandırır?

Jirinovski nümunəsinə bu “xilaskar” təyini, özünü tam doğruldur axı. Stalin, əslinə qalsa, Volf Eydeynşteyni uzaq Alma-Ataya sürgün etməyib. Əksinə, onu Əzrayılın iti caynaqlarından xilas edib. İndi, bildiz niyə Jirinovski paradoksal düşüncə tərzinə malikdi?

***

Həmin Volf Eydelşteyn Alma-Atada ikən “Turksib” dəmiryolunda işləyən Andrey Vasilyeviç Jirinovskiylə yaxınlaşır. Sonuncu vaxtilə NKVD işçisi olsa da, sonradan işdəki səhlənkarlığına görə, (o, məxfi sənədləri hardasa itiribmiş) orqanlardan kənarlaşdırılmışdı. Taleyin hökmü ilə hər iki bədbəxt arasında dostluq günləri başlayır. 1944-cü ilin 1 avqust tarixində Andrey Jirinovski rəhmətə gedir qəfil. Arvadı Aleksandra Pavlovnanı beş uşaqla taleyin ixtiyarına buraxır.



Nə isə... bir il sonra 32 yaşlı Aleksandra Pavlovna artıq altıncı uşağa - Vladimirə boylu idi. Uşağın doğulmasına beş-on gün qala-qalmaya, bəlli olur ki, Volf Eydelşteyn artıq vağzaldadır. Dövlətlərarası sazişə əsasən, vətəni Polşaya qaytarılır. Qatarın gethaget vaxtı, kimsə özünü qan-tər içində Volf Eydelşteynə çatdırıb deyir ki, bəs muştuluğumu ver, oğlun doğulub. Oğlun...

Volf Eydelşteyn, eşidirmi bu xəbəri, yoxsa eşitməzliyə vurur özünü? Bunu indi kimsə söyləyə bilməz. Qatar gedir.

Əvəzinə, “Jirik” ayamalı bir dəcəl oğlan peyda olur az sonra soyuq Alma-Ata həyətlərinin birində. Uşaqların acı atmacaları, söyüşləri bir vaxt heç əskik olmur bu yazıq, ancaq çox inadkar uşağın başından.

Elə indiyədək də davam edir.

***
Qatarla demək olar bütün SSRİ ərazisini keçib arxada buraxan Volf İshakoviç, daşıdığı Polşa pasportunu sonra İsrail sənədləri ilə əvəzləyir. Eşidəndə, qohumlarının hamısı qonşu həyətdə güllələnib, Volf İshakoviçin əli gedir ürəyi üzərinə... Doğma Rovnaya qayıtmağa o, cürət etmir bir daha.

İsraildə çox adi, sadə həyat sürən Volf, 1983-cü ildə avtomobil təkərləri altında həlak olur. Lolo adlı bir qadınla ailə qursa da, övladı yoxmuş.

Oğlu Vladimir Jirinovskini görmək isə bu ataya nəsib olmur.

İndi bildiniz, hansı qara qanlar axır Jirinovskinin daxilində? Hansı əzablar, dözülməz ağrılar onu bütün həyatı boyu müşayiət edir?

***

Aleksandra Pavlovna beləliklə əvvəlcə ərini itirir. Sonra sevgilisini. Sonra bu itkilərin siyahısı lap böyüyür. Altı başlı ailə son ümidini - həyətdəki sağmal inəyi itirib südsüz qaldığı vaxt, Anna Pavlovnanın əsəbləri tarıma çəkilir lap. Döşündə də süd olmur ki, onu balaca Vladimirə əmizdirsin. Qərara gəlirlər bələkdəki südəmər bəbəni əvvəl körpələr evinə versinlər, sonra gecə-gündüz yetimlər evinə.

11 illik orta təhsilin əla qiymətlərlə başa vuran gənc Vladimiri, sən demə, ən çox cavan coğrafiya müəlliməsi sevirmiş. Dünya siyasi xəritəsi önündə əli xətkeşli dayanmaq, görünür, Jirinovskidə hələ o uzaq vaxtlardan qalmış köhnə adətdi. Sonralar o, bu adətinə dəfələrlə qayıdacaq - xəritədə gah İraqı, gah Liviyanı aşkarlayacaq özü üçün. Qəddafidən, Səddamdan yaxşı pul qoparacaq sonra.



Bir gün o, bu xəritədə Azərbaycanı da kəşf edəcək özü üçün. Deyəcək ki, dünyada ən dadlı mətbəx, ən dadlı pomidorlar məhz bizim günəşli məmləkətimizdədi.

***

Alma-Atada türk dillərinə bələd olmaq, Jirinovskinin Moskvada bəxtini açır. Yazığı, cəld hərəkət edib, Şərq Dilləri İnstitutuna imtahansız qəbul edirlər. Axır kursda “komsorq” seçilməyi, karyera pilləkanında irəliləmək baxımından Vladimirə bəri başdan çox şanslar vəd edir o vaxt. Valdimiri, bir türkoloq kimi, 1969-cu ilin aprelində səkkiz aylığa Türkiyəyə ezam edirlər!

Ancaq atası Volf İshakoviçin şansız taleyi bu vaxt elə bil Vladimirin həyatında bir daha canlanıb təkrarlanır. Alır yazıq Vladimiri öz iti caynaqlarına. İskəndərun alüminim fabrikində sovet mütəxəssislərinə tərcüməçilik edən Valadimir Volfoviç tezliklə türk Milli İstihbarat Təşkilatının diqqətini özünə cəlb edir. Türk fəhlələrinə sovet döş nişanları payladığına görəmi, yaxud bir başqa qələtinə görə, Jirinovskini tutub 17 günlüyünə qazamata atırlar.
Bu 17 gün məşhur kəşfiyyatçı İsayevin (Ştirlisin) taleyini təkrarlamaq şansı idi bəlkə də Jirinovski üçün.

Lakin o, Ştirlis ola bilmədi. Həbsxanada yaşadığı 17 an onu, kəşfiyyatçı deyil, olsa olsa deşifrə edilmiş, vurulmuş bir oyun kartına çevirdi. Onun Türkiyəyə olan nifrəti də elə burdan qaynaqlanır.

Həbsə düşmək isə yanmaq, de-şifrə olmaq deməkdi o vaxtkı sovet təcrübəsində. Jirinovskinin dosyesinə yağlı “Daxili istifadə üçün!” möhürü, məncə, məhz o zaman vurulur. Nəticədə, o, xarici ezamiyyətlərdən mərhum edilir. Atılır “daxili cəbhə”yə. Əvvəlcə göndərilir Zaqavqazya Hərbi Dairəsinin ixtiyarına. Orduda qazandığı “siyasi təşviqatçı” qrafası, şəxsi dosyesini bəzəyib abıra salır bir az.

Qafqaz günləri həm də ilk dəfə pul qazandırır Vladimir Volfoviçə. “Qafqaz” deyincə, ağzının sulanmağı, yadda saxlayın, həyatının məhz həmin günlərindən bir yadigardı. Bu pula o, Moskva ucqarlarında kooperativ üçotaqlı mənzil alıb ora sevimli anası Aleksandra Pavlovnanı köçürdür. Qərara gəlir hüquq sahəsində ikinci ali savada yiyələnsin.

Sonra...

Sonra ölkədə yenidənqurma kabusu başlayır. 1989-cu ildən üzü bəri özünü yenidənqurma tufanına atan Jirinovski, tezliklə Rusiya Federasiyasında ilk uzunömürlü siyasi partiyalardan birini, Liberal-Demokrat Partiyasını təsis edərək indiyədək onun əvəzsiz sədri kimi tanınmaqdadır.

***

Bayaq yazdım - Jirinovski hələ məktəbdə ikən həm coğrafiya dərsini çox sevib, həm də öz coğrafiya müəlliməsini. Bu, ilk məhəbbətlə ilk istedadın bir nöqtəyə vurduğu nadir həyat epizodudur. Əli xətkeşli, dünya xəritəsi önündə dayanaraq hamıya yeni coğrafiya dərsi keçmək azarı, Jirinovskidə məhz o vaxtlardan qalmadı. Bu vaxt, bir başqa gözəl xanımı görməsə o, qətiyyən düzəlib sakitləşən deyil. Saçlarını zərif qadın əlləri tumarlamasa, o, ağzına gələni elə hey danışacaq bu zaman. Yəni, Jirinovskinin psixoloji portretini çəkərkən biz bunu qətiyyən unutmamalıyıq.

O ki qaldı Jirinovskinin bütün köhnə sovet ucqarlarını, o cümlədən Azərbaycanı ləğv edib, əvəzində general-qubernatorluqlar yaratmağına, inanın, bu, onun təzə deyil, əksinə, köhnə, həm də çox uğursuz mövzusudur. Belə ki, vaxtilə hələ öz partiyasının nizamnaməsində o, Rusiyanı yeddi quberniyaya bölməyi təklif edibmiş. Ancaq təklif, elə ilk günündən Rusiya siyasi elitasını, ilk növbədə Vladimir Putini əsəbləşdirib. “Bu, Rusiyanı parçalamağa yönəli layihədir” ifadəsi, məncə o zaman boşuna səslənməyib.

Bizdə də, Azərbaycanın mövcud ərazi-inzibati bölgüsünü ləğv edib onu yeddi “xanlıqla”, yeddi xanla, yeddi oliqarxla əvəz etmək istəyənlər var. Vaxtaşırı bəziləri bu təklifi mətbuatda səsləndirib xalqın dözümünü imtahana çəkmək istəyir. Jirinovskinin məlum təklifi, Moskvadan deyil, məncə o tərəfdən əsən yeldi.

Jirinovskilər, Eydelşteynlər öz fikirləri ilə vaxtilə həm kommunistləri əsəbiləşdirib cin atına mindiriblər həm də faşistləri. Qırmızı komissarlar Andrey Vasilyeviç Jirinovskini NKVD-dən qovub sürgünə göndəriblər. Faşistlər, Eydelşteynlərin bütün nəslini divar önünə düzüb ucdantutma güllələyiblər.

Biz nə faşistik, nə də kommunist. Yəni biz nə kommunist olub onu sürgünə göndərənik, nə də faşist olub onu güllələmişik. Bizə Jirinovskini bir başqa cür cəzalandırmaq lazımdı. Jirinovskiyə qarşı “Qovmaq, güllələmək!” cəzalarının növbəti təkrarı məncə müsbət nəticə verməyəcək.

Bakıya gələndə o, veqeterian mətbəxini unudaraq cumur milli süfrəmizə. Onu bir-iki ay süfrəmizdən məhrum edin.

Müsbət nəticələr özünü çox gözlətməyəcək. Vladimir Volfoviç mərkəzi rus kanallarında bülbül kimi ötüb yenə xeyrimizə danışacaq.

Həmid HERİSÇİ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.