Bakı meri binaları üzləməkdən əl çəksin! - Penoplasta etiraz

11-04-2015, 13:06           
Bakı meri binaları üzləməkdən əl çəksin! - Penoplasta etiraz
Ötən gecə paytaxtın Nobel prospektindəki 9 mərtəbəli binanın fəsadının tamamilə yanması binalara çəkilən üzlük problemini yenidən gündəmə gətirib. Ekspertlər dəfələrlə mediada çıxış edərək binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulayıb. Ona görə ki, bu materiallar kağız kimi yanma xüsusiyyətinə malikdir.


Qeyd edək ki, bu penoplast üzlüklər Çindən gətirilir. Bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Təəssüf ki, mediada zaman- zaman bu problemə dəfələrlə toxunulsa da, yenə də mütəxəssislərin rəyləri nəzərə alınmadı. Elə ötən gecə binanın 9 və 8-ci mərtəbəsində başlanan qığılcımın 10 saniyə içərisində bütün mərtəbələri əhatə etməsi bu materialın nə dərəcədə təhlükəli olmasının əyani sübutu idi.

Qeyd edək ki, bu üzlük səbəbindən yanan ilk bina deyil. Əvvəllər də paytaxtda belə hadisələr qeydə alınıb. Sakinlər özləri də binalarının üzlənməsinə dəfələrlə etiraz ediblər.

Hazırda fakt olaraq 408 nəfər bina sakini çöldə qalıb. Üstəlik də yanğınsöndürülən zaman suyun vurulması nəticəsində mənzillərin içərisi də yararsız hala düşdü. Bina sakinlərinin əksəriyyəti zəhərlənib.

Qeyd edək ki, prospekt boyu 16 binada belə üzlüklərin çəkilməsi prosesi 8 aydır ki, davam edir.

Paytaxtda binaların bu cür kosmetik üzlənməsi prosesinə isə yerli icra hakimiyyətləri nəzarət edir.

Problem barədə “Qafqazinfo”ya açıqlama verən millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, kiçicik alovlanmadan və qığılcamdan bu yanğın çıxara bilirsə, qorxulu zəhər istehsal edən materialı üzlüyə vurmaq nə dərəcədə qanunauyğundur?:

“Binalar üzlənərkən yanğına dözümlü materiallardan istifadə olunmur. Əgər üzləmək çox vacibdirsə, keyfiyyətli materiallardan istifadə olunmalıdır. Şəhərin hər hansı yerində kiçicik bir təxribat nə qədər insanı təhlükə altında qoya bilir. Yəqin ki Fövqəladə Hallar Nazirliyi bu məsələ ilə bağlı ciddi tədbir görəcək. Bu tipli materialların istifadəsinə qadağa qoyacaq və bundan istifadə edən şirkətlər cəzalandırılacaq”.

Millət vəkili binanın üzlüyünün dəyişdirilməsi anlayışını qəbul etmədiyini də vurğulayıb: “O binanın içinə baxdıqda vəziyyətin nə qədər acınacaqlı olduğu göründü. O yataqxana tipli binadır. Orada yaşayan əhalinin həyat şəraitini yaxşılaşdırmaq istəyirlərsə, bunu içəridən etməyə başlasınlar. Yaxud da iş adamlarına müraciət etmişdik ki, həmin ərazidə ondan da hündürmərtəbəli bina tiksinlər və əhali ora köçürülsün. Amma içəridə yaşayan insanın əzabını, hansı şəraitdə yaşamağını nəzərə almadan üzlük üzləmək gözəllik gətirmir. Nəhayət ki hökumət və BŞİH nümayəndələri almalıdırlar ki, bütün gözəlliklər insan üçün olmalıdır”.

İqtisadçı ekspert Samir Əliyev isə bildirib ki, istər Avropa ölkələrində, istərsə də qonşu ölkələrdə binaların bu şəkildə üzlənməsi məsələsinə rast gəlməyib: “Nəzərə almaq lazımdır ki, bu binalarda çoxlu sayda insanlar yaşayır. Onların təhlükəsizliyi çox vacib məsələdir. Ölkə boyu binaların üzlənməsi prosesi gedir. Bəzi yerlərdə daş hörgülərdən istifadə olunur və bu, yaxşıdır. Əksəriyyəti penoplast materialıdır və bu da yanğına qarşı çox davamsızdır. Gözəllik olsun deyə, bu cür keyfiyyətsiz materialdan istifadə etmək düzgün deyil. Bu birbaşa olaraq insanları təhlükə altına salmaqdır. FHN və yerli icra hakimiyyətləri tikintiyə nəzarət etməlidir. Hesab edirəm ki, Nazirlər Kabineti yaşayış evlərinin normativləri ilə bağlı təlimatlar hazırlamalıdır. Həmin təlimatlarda hansı materiallardan istifadə edilməsi öz əksini tapmalıdır. Buradan o nəticəyə gəlmək olur ki, 2009- cu ildə qəbul edilən Mənzil Məcəlləsi icra olunmur. Həmin Məcəlləyə əsasən binanın idarəsi sakinlərə verilməlidir və onlar təmirlə bağlı qərar qəbul etməlidir. Tender keçirilməlidir ki, hansı şirkətin təmiri həyata keçirəcəyini sakinlər seçsinlər. İndi bu baş verən yanğına görə dəymiş zərəri o binanı təmir edən İcra hakimiyyəti ödəməlidir. Bu kompensasiyaya ona görə ödənilməlidir ki, yanğın hadisəsi birbaşa onun səhvi ucbatından baş verib”.

Millət vəkili Fazil Mustafa isə problemə sosial şəbəkədə toxunaraq bildirib ki, Nobel prospektində 9-mərtəbəli binanın yanıb kül olması təsadüfi hadisə deyil: “Vətəndaşların bu cür izdirabını görmək üzücüdür. Kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular.Yadıma Qabriel Qarsia Markesin illər öncə oxuduğum "Gözlənilən bir qətlin tarixçəsi" əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcəklər, ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı. Oda davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma riski olduğunu ağlı başında olan hər kəs bilir. Xüsusilə də, intensiv küləyin olduğu şəhərdə bu risk daha da artıqdır. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki?.. Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq... Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, "zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq". Görəsən, bu "istəsə" sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni "siz vətəndaşlar istəyirsinizmi bu oda davamsız materialdan binanızı üzləyək?" sualını verən olubmu? Gec də olsa, bütün bu tipli yanğın riski olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir”.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı BŞİH-nin mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.