“Putinin növbəti hədəfi Xarkovdur”

12-04-2015, 12:12           

Ötən gecə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda sovet liderlərinə qoyulmuş üç heykəl dağıdılıb.


Bundan bir gün əvvəl Ukrayna parlamenti – Verkhovna Rada Ukraynada “kommunust və faşist təbliğatının və hər cür sovet rəmzlərinin qadağanı barədə qanun” qəbul edib. Qanunun qüvvəyə minməsi üçün onun prezident Petro Poroshenko tərəfindən imzalanması tələb olunur, lakin belə görünür ki, parlament aktının icrasına dərhal başlanıb.

Müxbirlər xəbər verirlər ki, əyinlərində balaklava olan şəxslər Serqo Ordjonikidzenin, Yakov Sverdlovun və Nikolay Rudnevin heykəllərini troslarla kəməndləyərək mikroavtobusların köməyi ilə yıxıblar.

Bundan sonra Youtube saytına yüklənmiş videolarda Xarkovda “kommunist rejiminin mühakiməsinə başlandığı” deyilir, sözü gedən üç sovet lideri “totalitar keçmişin rəmzləri” adlandırılır.

Artıq bundan əvvəl də Ukraynanın bir-neçə başqa şəhərlərində Leninin heykəlləri dağıdılıb.

Rusiya mətbuatı yazır ki, Xarkovda heykəllərin dağıdılmasından sonra vilayətin qubernatoru İgor Baluta onların ləğvi barədə sərəncan verib, milis isə heykəllərə ziyan vurulması ilə əlaqədar bundan əvvəl açılmış bütün cinayət-axtarış işlərini dayandırıb.

Dağıdanlar rusca danışırdılar

Sergo Ordjonikidzenin abidəsi Xarkov Traktor Zavodunun həyətində, Nikolay Rudnevin heykəli eyniadlı meydanda, Sverdlovun heykəli isə Poltavski şlyax küçəsində idi.

YouTube-dakı videoda üç abidənin üçünün də dağıdılması qeydə alınıb. Heykəlləri dağıdanların hamısı maskalıdır, lakin maraqlıdır ki, onlar öz aralarında rusca danışırlar.

Xəbər verilir ki, Rudnevin heykəlinin dağıdılması ərəfəsində milis hadisə yerinə gəlib, lakin “demontajçılar”a mane olmaylb.

Heykəllərin qırıntıları elə yerindəcə tökülüb qalıb. Təkcə Sverdlovun metal heykəlini maşına yükləyib harasa aparıblar.

Vandalizm, yoxsa patriotizm?

BBC-nin Ukrayna xidməti yazır ki, bu hadisəyə Xarkov ictimaiyyəti birmənalı reaksiya verməyib.

Şəhər bələdiyyə rəisinin müavini İgor Terekhov “112 Ukraina” telekanalına müsahibəsində deyib ki, bəzi şəhərlilər abidələrin uçurulmasını “vandalizm” kimi qiymətləndirə bilərlər.

“Belə hərəkətlər heç də Ukraynada sabitliyə xidmət etmir” – deyib Terekhov, lakin əlavə edib ki, “kommunist və nasist təbliğatının qadağanı haqqında qanun prezident onu imzalayandan sonra icra olunacaq”.

“Müxalifət blokunun” bəyanatında isə deyilir ki, “biz heykəllərin təcəssüm etdirdikləri şəxsləri müzakirə etmirik, lakin bu hadisənin özü yalnız vandalizm kimi qiymətləndirlə bilər”.

Müxalifət ağzını aça bilməyib

Xarkovun meri Gennadi Kernes isə deyib ki, Petro Poroshenko sözü gedən qanunu imzalayandan sonra şəhərdə xüsusi toponimiya komitəsi yaradılacaq.

O deyib ki, adların dəyişdirilməsi bahalı işdir. Təkcə Lenin prospektinin adının dəyişdirilməsinə milyonlarla dollar vəsait lazım gələcək.

Müçşahidəçilər bildirirlər ki, ümumiyyətlə, Ukraynanın ikinci böyük şəhərinə son günlərdə böyük bir hadisə gözlənilirmiş kimi izaholunmaz fəallıq var.

Ötən həftə Xarkov Şəhər Regional Şurası ölkə parlamentinin “Rusiyanın təcavüzkar ölkə kimi tanınması haqqında” qanununu dəstəklədiyini təsdiq edən qətnamə qəbul edib.

Bu qətnamənin leyhinə şuranın 99 üzvü səs verib. “Müxalif blok”un nümayəndələrinin danışmasına imkan verilməyib.

Xarkov niyə qaynayır?

Təhlilçilər bildirirlər ki, ukraynalılar Xarkovda da Donetsk və Luqansk ssenarisinin keçməməsi üçün önləyici tədbirlərə əl atırlar. Belə olmasaydı, parlament qətnaməsinin ayrıca bir əyalətdə təkrar qəbuluna ehtiyac olmazdı.

Ukraynanın xronika.info saytı diqqəti Steven Blank-in “The Washington Times” qəzetində dərc olunmuş məqaləsinə cəlb edir.

Həmin məqalədə deyilir: “Bir çoxları qorxurlar ki, bundan sonra Rusiya Mariupol istiqamətində hərəkət edib Ukraynanı Krım sahillərindən ayıra bilər və beləliklə, Vladimir Putin tərəfindən başlanmış qondarma Novorossiyanın quruculuğuna yol açılar. Lakin başqa ssenari də var. Bu ssenariyə görə Rusiyanın növbəti hədəfi Xarkov olacaq”.

“Sibir səfərbərləri”

Məqalədə deyilir ki, Xarkovda çoxsaylı Hərbi Sənaye Kompleksi müəssisələri var və şəhər bu mənada Moskva üçün son dərəcə əhəmiyyətli görünür.

Blank NATO-dakı mənbələrə istinadən yazır ki, Rusiyanın öz Hərbi Sənaye Kompleksi də çətinliklər yaşayır və sanksiyalara görə daha əvvəlki rahatlıqla silah “çap” edə bilmir.

Məqalədə yenə də NATO mənbələrinin məlumatına əsasən qeyd edilir ki, Rusiya Ukraynanın şərqində döyüşmək üçün səfərbərləri getdikcə daha çətinliklə tapa bilir. Buna görə də Ukraynaya ezam etmək üçün “Çeçen döyüşçülər” həbsxanalardan azad edilir.

Belə məlumatlar da var ki, Ukraynaya ezam edilmək üçün orduya daha çox Buryatiyadan və Sibirin azsaylı xalqarından çağırış edilir. Təhlilçilərsə bu qənaətdədirlər ki, qeyri-rus olan belə çağırışçıları daha hay-küysüz dəfn etmək asandır.

Azadlıq.orq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.