Bakıda ev satanda nə qədər vergi ödəmək tələb olunur? – Açıqlama

13-04-2015, 11:07           
Bakıda ev satanda nə qədər vergi ödəmək tələb olunur? – Açıqlama
Bir müddət öncə Vergilər Nazirliyi mənzil satışından tutulan verginin məbləği ilə bağlı məlumat açıqlamışdı. Qeyd olunmuşdu ki, 30 min manatadək hissədən 14%, 30 min manatdan artıq hissə isə 25%-lə vergiyə cəlb ediləcək. Məsələn, bir neçə il əvvəl 50 min manata alınan mənzil 100 min manata satılırsa, əldə edilən 50 min manatlıq gəlirdən vergi tutulur. Bu məbləğin ilk 30 min manatından 14%-lə vergi tutulur (4200 manat), sonrakı 20 min manat isə 25%-lə vergiyə cəlb edilir (yəni 5 000 manat).

Başqa sözlə, 50 min manatlıq gəlirdən tutulan vergi 9 min 200 manat təşkil edir. Mənzil satışından əldə edilən gəlir, məsələn, 10 min manatdırsa, bu zaman həmin məbləğ 30 min manatdan az olduğuna görə, 14%-lə vergiyə cəlb edilir və 1400 manat vergi tutulur. Vergi Məcəlləsinə görə, vətəndaş yaşadığı mənzili aldıqdan sonra azı 3 il ərzində satırsa, bu, əmlak gəlir vergisindən azaddır. Ancaq 3 il ərzində əsas yaşayış yeri olmayan bütün daşınmaz əmlakın satışından əldə edilən gəlir vergiyə cəlb ediləcək. Deməli, mənzil sahibi yaşamadığı evi, hətta uzun müddət bundan əvvəl almış olsa da, onu satanda vergi ödəməli olacaq.

Başqa sözlə, bir şəxsin mülkiyyətində bir neçə mənzili varsa, onların yalnız birinin - yəni vətəndaşın daimi yaşayış yeri olan mənzilin satışı vergidən azaddır. Bir şərtlə ki, həmin mənzil alınandan 3 il sonra satılsın. Şəxsin mülkiyyətində olan digər mənzillərin satışından isə vergi istənilən halda tutulacaq. Hətta alınandan 10 il sonra satılsa belə. Başqa sözlə, bir neçə evi olan şəxslər mənzillərini satdıqda istənilən halda vergi ödəməli olacaqlar.

Ev-alqı satqısı ilə məşğul olan Elçin Qəmbərov deyir ki, hazırda satılan mənzillərdən vergi tutulur. Və daşınmaz əmlakdan vergi tutulması bazara müəyyən qədər təsir göstərir. E. Qəmbərov Analitik.az-a onu da dedi ki, bu səbəbdən mənzil satanlar əsasən öz yaşadıqları evlrii satır və daha yaxşısını almağa çalışırlar.
Notarius xidmətində çalışan Cəmaləddin Rüstəmov isə bildirdi ki, ev-alqı satqısından qanunvericiliyə görə vergi tutulur: “Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanır. Tərəflər əmlakın qiymətində razılaşdıqdan sonra satış həyata keçirilir. Və satış haqqında tərəfimizdən Vergilər Nazirliyinə məlumat göndərilir. Sonra Vergilər Nazirliyi vətəndaşın nə qədər vergi ödəyəcəyi ilə bağlı onun ünvanına bildiriş göndərir.”

Əmlak üzrə Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı isə deyir ki, yaşayış məqsədi üçün alınan mənzilin satışı zamanı vergi tətbiq edilməsindən söhbət gedə bilməz: “Əgər qeydiyyata düşübsə və orada yaşayıbsa, bu evə heç bir halda vergi tətbiq edilə bilməz. Vətəndaş bunu investisiya məqsədi üçün alıbsa, həmin dövrdən bu yana əmlaklın təmirinə, saxlanmasına çəkilmiş xərclər onun alış qiymətinin üzərinə əlavə olunmalıdır. Bu günkü reallıqlar baxımından hətta ora qoyulan vəsaitin konvertasiyası məsələsi də aktual ola bilər. Yəni 10 min manata 2000-ci ildə mərkəzdə mənzil almaq mümkün idisə, bu gün həmin mənzilin real bazar dəyəri 150-160 min manatdır. Bu o deməkdir ki, əmlak o zamanki dəyərini tədricən 15 dəfə artırıb. Bu müvafiq alqı-satqı əməliyyatlarında nəzərə alınmalıdır. Təbii ki, vergiyə cəlb olunma zamanı da. Əgər alınan əmlak sahibkarlıq məqsədi üçün istifadə olunmayıbsa, bu gün də həmin əmlak 200 min manata satılıbsa, bu halda o zaman verilən vəsaitin dəyəri bu günkü real bazar dəyərinə konvertasiya olunmalıdır. Bunun üçün təbii ki, manatın məzənnəsinin dəyişməsi və ya əmlak qiymətinin dəyərinin artması məsələsi mütəxəssislər tərəfindən tam əsaslandırılmış şəkildə alqı-satqı müqavilələrində nəzərə alınmalıdır.”

Ekspertin sözlərinə görə, ilkin mərhələdə daşınmaz əmlaka verginin tətbiqi müəyyən qədər ajiotaj yaratdı və bazarda vəziyyəti dəyişdi. Amma bunun ardından isə qısa zamanda manatın devalvasiyası gündəmə gəldi və demək olar ki, bu mövzu aktuallığını itirdi: “Hazırda alıcılar və satıcılar daha çox vergi ödənişi haqqında deyil, manatın devalvasiyası haqqında müzakirələrə başladılar və proses bu istiqamətdə getdi. Əmlakın vergiyə cəlb olunması məsələsi gündəmdən düşdü. Bu o demək deyil ki, əmlak vergiyə cəlb olunmayacaq. Vətəndaş bilməlidir ki, mənzildə qeydiyyatdadırsa və bu mənzil onun daimi yaşayış yeridirsə, o əmlakın alqı-satqısına görə o heç bir halda vergi ödəmir. Əgər bir insanın 5 ərazidə adına əmlak varsa, bu əmlakların alış və satış qiyməti arasındakı fərq gəlir vergisi kimi vergiyə cəlb edilir.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.