Uşaqbaz keşişlər və bic doğan rahibələrin ünvanı... - katolik kilsəsi

17-04-2015, 16:08           
Uşaqbaz keşişlər və bic doğan rahibələrin ünvanı... - katolik kilsəsi
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə çıxış edən Roma papası Fransisk “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb. Ayindən sonra Papa erməni liderlərə yazılı mesaj verib. O, Tanrıdan türk və erməni toplumlarının uzlaşmasını, Dağlıq Qarabağ münaqişəsində tezliklə sülhün əldə edilməsini arzuladığını deyib.

Türk dünyasını sarsıdan bu qalmaqal artıq müxtəlif səviyyələrdə etiraz və bəyanatlarla müşayiət olunur. Bununla paralel, diqqət həm də Roma katolik kilsəsinin tarixindəki utancverici qalmaqal və təqvimlərə damğa vuran iyrənc hekayələrə yönəlib. Türk dünyasına zərbə vuran Roma kilsəsinin tarixi hansı eybəcərliklərlə xatırlanır? Tarixin səhifələrini vərəqlədikcə gördüyümüz hansı mənzərələr bizi şoka salır?

Vatikan kilsəsi divarları arxasında gey fahişəlik - polis cinayətin üstünü açıb

Heç kimə sirr deyil ki, son illər Vatikanın adı həm də seksual qalmaqallarla yadda qalıb. 2010-cu ildə bunlardan ən səs-küylüsü cəmiyyətə çıxarıldı. Qalmaqalın mərkəzində Roma papası 16-cı Benediktin kamerdineri Ancelo Balduççi və Müqəddəs Pyotr xorunun üzvü Qined Exiyemin adları çəkilirdi. Müqəddəslər müqəddəsi hesab olunan Roma Katolik kilsəsində növbəti qalmaqalın izinə təsadüfən düşmüşdülər. Belə ki, Balduççini tikinti maxinasiyalarında şübhəli bilən polis onun telefon danışıqlarını izləyib. Polis təsadüfən müqəddəs məkanın divarları arxasında gey- fahişəliyin mövcud olmasının üstünü açıb. Polisin məlumatına görə, 40 yaşlı xor müğənnisi mənşəcə nigeriyalı olan Exiyem telefon danışıqları gedişində Balduççiyə kişilərin seksual xidmətini təklif edib.

Polis ən azı 10-a yaxın belə bir halın olmasından bəhs olunduğunu bildirib. Polisin şübhələrinə görə Exiyem Balduççiyi gənc seminarçılarla təmin edib. “Qardian” qəzeti Balduççi və Exiyem arasındakı telefon danışıqlarında seminarçı tələbələrin Vatikana gəlişinin təşkilindən danışıldığını bildirirdi. Vatikanı sarsıtmış qalmaqalda daha bir italiyalı ittiham olunur.
Xatırladaq ki, sözügedən xorun əsası 6-cı əsrdə qoyulub və o, ancaq Papanın iştirak etdiyi mərasimlərdə oxuyub.

Bir dəfə çıxışında “Bir insan homoseksualsa və yaxşı niyyətlə Tanrını axtarırsa, mən kiməm ki, onu yarğılayım”, - deyən Papa Francesco homoseksual hüquqlarına normal yanaşan katolik kilsəsi lideri olaraq tanınır.

Vatikanın keçmiş səfiri uşaqbazlığa görə ev dustağı olub

Qalmaqallardan ən səs-küylüsü isə 2014-cü ildə baş verib. Həmin vaxt Vatikan keçmiş səfirini ev dustağı etdi. Vatikan bildirdi ki, Domikan Respublikasında keçmiş səfiri olan 66 yaşlı Josef Wesolowski həbs olunub. Amma yaşı və səhhəti nəzərə alınaraq onu ev dustağı ediblər. 2008-ci ildə Dominikanda vəzifədə olduğu vaxtda pedofiliya - uşaqbazlıq cinayətlərinə onun adı qarışmışdı. Josef Wesolowskinin ruhani rütbəsi hələ iyunda alınıb. Sentyabrın 24-də isə Vatikan cinayət məhkəməsində bu işə dair ilkin dinləmə başlayıb və o, ev dustağına çevrilib.

Vatikanın bəyanatında deyilir ki, Wesolowski səhhətinə dair sənədlər təqdim edib, onu daha sərt şəraitdə saxlamaq mümkün olmayacaq.

Qeyd edək ki, katolik kilsəsi uzun müddət media və hətta bəzi siyasətçilər tərəfindən dünyanın bir çox ölkələrində rahiblərin uşaqbazlıq əməllərini ört-basdır etməkdə ittiham olunurdu. Vatikanın sözçüsü Federico Lombardi bildirirdi ki, Papanın göstərişinə uyğun olaraq, bundan sonra bu cür iddialar tam ciddi və təcili şəkildə araşdırılacaq.

“Hər 50 katolik keşişdən biri uşaqbazdır” - Fransiskinin etirafı dünyanı silkələyib

Pedofiliya ittihamı hər zaman Roma katolik kilsəsinin “Axilles dabanı” olub. 2014-cü ilin iyun ayında isə bu mövzu ilə bağlı qalmaqallı bir açıqlama yayılıb. “Məndə olan dəqiq məlumatlara görə, hər 50 katolik keşişdən biri uşaqbazdır. Əfsuslar olsun ki, kilsə uşaqbazlıq iyrəncliyinə tutulub”. Roma katolik kilsəsinin rəhbəri Papa 1-ci Fransiskin bu açıqlaması “bomba partlayışı” effekti yaradıb. İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Vatikanın rəhbəri uşaqlara qarşı zorakılıq və təcavüzü kilsənin mübtəla olduğu cüzam adlandırıb. “Müşavirlərimin dediklərinə görə, keşişlərin 2 faizi uşaqbazdır. Bu bəlaya qarşı bacardığım qədər sərt mübarizə aparacağam. Həmin 2 faiz arasında keşişlər, yepiskoplar, kardinallar var. Bəladan xəbərdar olan, amma susan keşişlərin sayı daha çoxdur”, - Roma Papası deyib. 1-ci Fransiskin sözlərindən belə çıxır ki, hazırda katolik kilsəsində ən azı 8 min uşaqbaz, əxlaqsız keşiş var.

Roma papası uşaqbazları niyə qoruyub?

2010-cu ildə isə Roma papası Benedikt 90-cı illərdə uşaqlarla cinsi ünsiyyətdə olmaqda şübhəli bilinən amerikalı keşişə qarşı tədbir görməməkdə ittiham edilib. O zaman kardinal Cozef Ratzinger olan Benedikt seksual cinayətləri təhqiq edən Vatikan idarəsinin rəhbəri idi. Həmin vaxt “Nyu York Tayms” yazmışdı ki, papa Benedikt bu işlə bağlı iki məktuba cavab verməyib. Keşiş Lorens Mörfi səhhətinin pis olmasını səbəb gətirəndə onun üzərində kilsə məhkəməsi dayandırılıb. Vatikan sözçüsü bu hadisəni faciəvi adlandıraraq, Kilsə qanunlarında avtomatik cəzalandırmanın nəzərdə tutulmadığını səbəb gətirib.

Çirkli pulların yuyulduğu, korrupsiya ocağı - Vatikan kilsəsi...

Vatikan qalmaqallarından danışıb, 2012-ci ildə yaşananları unutmaq olmaz. Vatikan sözügedən tarixdə son 200 ildə ilk dəfə olaraq belə sərt ittihamlarla qarşılaşmışdı. Dünyanın müxtəlif ölkələrində katolik keşişlərin azyaşlıları zorlamaları ilə bağlı yüzlərlə faktların aşkarlanması belə, Roma Katolik Kilsəsini belə şoka salmamışdı. Səbəb isə Vatikanın narkotik maddələr, insan və silah alverindən əldə edilən çirkli pulların “yuyulduğu” məkanlardan biri sayılması idi. Xatırladaq ki, həmin tarixdə ABŞ Dövlət Departamentinin “Narkotik vasitələrin dövriyyəsinə beynəlxalq nəzarət strategiyası” (İnternational Narcotics Control Strategy) hesabatında Vatikana qarşı həddən artıq ağır ittihamlar irəli sürülmüşdü. Hesabatda narkotik maddələr, silah və insan alverindən əldə edilən pulların yuyulması ilə bağlı əməliyyatların hazırda dünyanın 68 ölkəsində həyata keçirildiyi vurğulanırdı. Belə ölkələr arasında Yəmən, Əlcəzair, Şimali Koreya və Vatikanın “xüsusilə fəal” olduğu bildirilirdi. Amerikalılar hesab edirlər ki, İtaliyanın paytaxtı Romanın mərkəzindəki cırtdan dövlətə nəhəng həcmdə nağd pullar və maliyyə vəsaiti axını var. Bu axında çirkli pulların yuyulması prosedurları isə yetərli səviyyədə deyil.

Roma papası XVI Benedikt çirkli pulların yuyulması ilə mübarizənin gücləndirilməsini xüsusi bulla imzalayaraq “ən vacib işlərdən biri” saydığını bildirsə də, amerikalılar həmin mübarizənin effektivliyinə şübhə etmişdilər. Hesabat Vatikanın məxfi sənədlərinin internetə sızması və bu qalmaqalın “Vatileaks” adlanmasından bir neçə həftə sonra açıqlanıb.

Roma Prokurorluğu Vatikan bankındakı bir neçə hesaba məxfi şəkildə pulların yatırılmasını, o cümlədən kimə məxsus olduğu açıqlanmayan iki hesabda 23 milyon avronun olmasını araşdırıb və korrupsiya faktlarını üzə çıxarıb. Vatikan bankının rəhbəri Ettore Qotti Tedeski və bankın icraçı direktoru Paolo Çipriani həbs olunublar.

Katolik kilsədə hamilə rahibə... lər....

2014-cü ilin yanvarında Roma Katolik Kilsəsində nadir və böyük qalmaqal yaradan olaylardan biri baş verib. 33 yaşlı rahibə Roksana Rodriges hamilə qalıb və ana olub. Katolik kilsəsinin qaydalarına görə, rahibələrin ərə getmək hüquqları əsla yoxdur və onlar “İsa Məsihin gəlinləri” sayılırlar. Əslən Salvadorun paytaxtı San-Salvadordan olan rahibə Roma yaxınlığındakı klinikada övladını dünyaya gətirib.

“İsa Məsihin kiçik şagirdləri” (Little Disciples of Jesus) kilsəsinin rahibəsi olan Roksananın dediyinə görə, hamilə qaldığından xəbərsiz olub.

Qarnındakı kəskin ağrılar, ürəkbulanma, başgicəllənmədən şikayətlərlə xəstəxanaya aparılmış Roksana Rodriges ilkin müayinəyə məruz qalarkən onda doğuş sancılarının başlandığı müəyyənləşdirilib.

“Bu xanımı xəstəxanaya gətirən təcili yardım qrupunun dediyinə görə, monastırda ibadət zamanı rahibə Roksana qəflətən qarnını tutaraq yerə yıxılıb. Müayinə onun hamiləliyin son dövründə olduğunu, doğuş sancılarının tutduğunu göstərdi”, - xəstəxananın həkimləri deyiblər.

Tarixi qaynaqlar göstərir ki, Vatikan kilsəsinin tarixində “hamilə rahibələr”, “bic doğan rahibələr”lə bağlı dosyelər yetərincə qabarıqdır.

Belə bir ənənəsi olan kilsənin ermənilərə sahib çıxması və onların olmayan “soyqırımı”na dəstək verməsi, bəlkə də məntiqidir/musavat.com/.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.