"Biz ətə olan tələbatımızın 30 faizini quş ətinin hesabına təmin edə bilərik" - ekspert

20-04-2015, 16:12           
"Biz ətə olan tələbatımızın 30 faizini quş ətinin hesabına təmin edə bilərik" - ekspert
Azərbaycanlılar millət olaraq gündə orta hesabla 90 qram, yəni ildə 33 kiloqram ət yeyirlər. Bu. həkimlərin gün ərzində ən azı 200 qram ət yeməyin vacib olması barədə dediklərinə heç uyğun gəlmir.

“Bu onunla bağlıdır ki, ətin qiyməti yüksəkdir. Ümumdünya Ticarət Təşkilatının normasına görə, adambaşına ildə 84 kiloqram ət istehlak edilməlidir. Bu, ölkə əhalisinin sayına vurulduqda, biz 800 min ton ət istehlak etməliyik. Halbuki, 250 min ton istehlak edirik”, - deyə aqrar ekspert Vahid Məhərrəmov ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. Ekspertin fikrincə, ət istehlakı az olduğuna görə ölkədə xırdaboyluluq geniş yayılıb.

Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə siyasətinə də uyğun gəlmir. 1996-cı ildə Dünya Ərzaq Təhllükəsizliyi Komitəsi tərəfindən qəbul edilmiş “Ərzaq təhlükəsizliyi üzrə Roma bəyannaməsi”nə görə, ərzaq təhlükəsizliyi ölkənin milli təhlükəsizlik elementidir. Bəyannaməyə görə, hər bir dövlət hər bir vətəndaşının sağlamlıq üçün təhlükəsiz və tam keyfiyyətli ərzaq məhsulları qidalanmaq imkanını təmin etməlidir.

Vahid Məhərrəmovun fikrincə, Azərbaycan ət istehsalındakı problemi yerli maldarlığın hesabına tezliklə həll etmək mümkün deyil. Çünki istehlak səviyyəsinin az olmasına baxmayaraq, ətin 15 faizi xaricdən gətirilir. İstehlakın təxminən 8 faizi Gürcüstandan idxal hesabına təmin edilir. Bu, ölkədən il ərzində 109 min dana və 160 min qoyun gətirilir ki, bu da orta hesabla təxminən 20 min ton ət deməkdir. Ət istehlakının 7 faizi kolbasa sexləri tərəfindən Hindistandan gətirilən hazır ət hesabına ödənir. İstehlakın qalan 5 faizi isə Rusiyadan gətirilən hazır ət məhsullarının və Latın Amerikasından gələn toyuq ətinin payına düşür.

Amma buna baxmayaraq, aqrar ekspert bu kəsiri çox sürətlə azaltmağı mümkün sayır. Onun fikrincə, bunun üçün ölkədə toyuq əti istehlakı artırılmalıdır. “Bizdə adambaşına 10 kiloqram toyuq əti istehlak edilir və bunu yetərli sayırlar. Halbuki, Rusiyada adambaşına istehlak 24 kiloqramdır. İnkişaf etmiş ölkələrdə bu, 35 kiloqrama yaxındır. Biz ətə olan tələbatımızın 30 faizini quş ətinin hesabına təmin edə bilərik”, - deyə Vahid Məhərrəmov vurğulayır.

Aqrar ekspert fikirlərini quş əti istehsalının ucuzluğu ilə izah edir: “1 kiloqram quş əti əldə etmək üçün 5 yem vahidi lazımdır, mal ətində bu, 8 yem vahidinə bərabərdir. Qoyun ətində isə 10 yem vahidi təşkil edir. 1 yem vahidi 1 kiloqram arpaya bərabərdir”.

Təbii ki, bu məsələdə milli mentalitet nəzərə alınmalıdır. Son illərin praktikası göstərir ki, hətta üzərində “Halal” markası olsa belə, əhali 4 həftəyə qərb texnologiyası ilə yetişdirilən toyuq ətinə maraq göstərmir. Çünki bu texnologiyada toyuqlara xüsusi çəki artıran hormonlar verilir. Həm də konveyer üsulu ilə kəsilən toyuqların halallığına da inam azdır. Son zamanlarda toyuqların kəsimdən sonra xüsusi kimyəvi məhlullarla şişirdilməsi barədə yayılan videomateriallar da broylerə marağı çox azaldıb.

Amma qərbdə 8 həftəyə heç bir hormon tətbiq etmədən yetişdirilən kənd toyuğu texnologiyası da var. Praktika göstərir ki, Azərbaycan əhalisi belə toyuqları həvəslə alır. Şəmkirdə uzun illərdir ki, heç bir quş qripi təhlükəsi olmadan belə texnologiya ilə kənd toyuğu yetişdirirlər və satışa diri çıxarılır. Toyuqları satış məntəqələrində halal texnologiya ilə kəsdirmək də mümkündür. Rayon camaatı nişan və toy mərasimlərində məhz bu toyuqları istifadə edirlər. Həmçinin, ailələr bir neçə toyuğu birdən alaraq öz hinlərinə buraxır və mütəmadi kəsirlər.

Bu texnologiya bütün rayonlarda tətbiq edilərsə, həm regionlarda yeni iş yerləri yaranar, həm də əhali ucuz, keyfiyyətli və halal ətdən bol-bol istifadə edər. Ətin qiyməti mal əti ilə müqayisədə 2,5-3 dəfə ucuz olur. 0,8-1 kiloqramlıq toyuqlar 3,5 manata satılır.

Lakin Azərbaycanda ərzaq təhlükəsizliyi üzrə problemlər yalnız ətlə bitmir. Xalqın əsas istehlak qidası olan çörək 100 faiz idxal buğdası hesabına ödənir. “Buğda hesabı ilə biz ildə 1,5 milyon buğda idxal edirik ki, bu da əhalinin ərzaq buğdasına olan 1,3 milyon tonluq ehtiyacının tam ödənilməsidir. Yerli buğda demək olar üyüdülmür. İdxal buğdası üyüdən iri kombinatların inhisarçılığı kəndlərdəki bütün kiçik dəyirmanları sıradan çıxardı”, - deyə Vahid Məhərrəmov vurğulayır.

Bu, çox təhlükəli vəziyyətdir. Əvvəllər Azərbaycan buğdanı əsasən Rusiya və Qazaxıstandan alırdı. Keçən il Rusiya ixrac etdiyi buğdanın qiymətini hər ton üçün 37 avro qaldırdı. Buna görə də hazırda Azərbaycan buğdanı əsasən Qazaxıstandan alır. Əgər Moskva Avrasiya İttifaqı üzrə vahid ixrac qiymətlərinin tətbiqinə nail olarsa Qazaxıstan da buğdanı bahalaşdırmalı olacaq. Bu isə avtomatik Bakıda və digər şəhərlərdə çörəyi bahalaşdıracaq. Azərbaycanın bu təhlükədən xilas olmaq imkanı yoxdur. Bir neçə il qabaq yaradılmış Dövlət Taxıl Fondu yerli itsehsalı stimullaşdırmadı. İl ərzində fondun tədarük etdiyi 740 min ton buğdanın yalnız 3-4 min tonu yerli buğdadır. Hökumətin taxıl istehsalı üçün 50 iri təsərrüfat yaratmaq barədə layihəsi də gerçəkləşdirilməmiş qaldı.

“Bu, çox təhlükəli vəziyyətdir. Misirdə inqilab xarici qüvvələrin ölkəyə idxal edilən ərzaqı bahalaşdırması ilə başladı. Yoxsul əhali ucuz ərzaq ala bilmədi və küçələrə çıxdı”,- deyə Vahid Məhərrəmov həyəcan təcili salıb.

Diqqətlə araşdırdıqda Azərbaycanda əsas qidə məhsullarının əksəriyyəti xaricdən gətirilir. Süd məhsullarının 700 min tonu, yəni istehlakın 33 faizi, şəkər istehlakının 97 faizi, çay istehlakının 99 faizi, bitki yağı və kərə yağ istehlakının 100 faizi məhz idxal hesabına ödənir.

“Bu ərzaq məhsulların əksəriyyətinin itsehsalını Azərbaycanda təşkil etmək mümkündür. Təsəvvür edin , sovet illərində bizdə yerli çay istehsalı 30 min tona bərabər idi, indi 500 tona düşüb. Yerli çuğundur hesabına lazım olan qədər şəkər, yerli günəbaxan və qarğıdalı hesabına lazım olan qədər bitki yağı istehsal etmək mümkündür. Dövlət bu sahələrin stimullaşdırılıması üçün xüsusi proqram tərtib edib, yerli məhsulu ildən ilə artırmalıdır”,- deyə Vahid Məhərrəmov vurğulayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.