“Mənə bəlli olmayan səbəblərdən Xıdırlıya qaz çəkilişi növbəti ilə təxirə salındı...”- Deputat

29-04-2019, 23:47           
“Mənə bəlli olmayan səbəblərdən Xıdırlıya qaz çəkilişi növbəti ilə təxirə salındı...”- Deputat
Xəbər verdiyimiz kimi, Salyan rayonunun sovet dövründə də təbii qaza həsrət qalmış Xıdırlı kənd sakinləri hələ də mavi yanacaqla təmin edilməyiblər və məhdud alə büdcələrinin xeyli hissəsini qış aylarında oduna, ilboyu isə qaz balonlarına sərf etməyə məcburdurlar(bax:http://www.moderator.az/news/268717.html)

Məsələ ilə bağlı müraciət etdiyimiz Milli Məclisin 60 saylı Salyan-Neftçala seçki dairəsindən üzvü Fəzail Ağamalı Moderator.az-a açıqlamasında bunları bildirib:

“Xıdırlı sakinlərinin mavi yanacaqla təmin olunması mənim bir deputat kimi diqqət mərkəzimdə olan məsələdir. Bir neçə il öncə həmin problemlə bağlı müvafiq qurumlara müraciət etmişəm. Bu kəndə qaz çəkilişi artıq Salyan rayonunun qazlaşdırılması proqramına daxil edilib və Xıdırlıya qaz çəkilişinin bu il, yəni 2019-cu ildə baş tutacağı gözlənilirdi. Ancaq mənə bəlli olmayan səbəblərdən bu iş növbəti ilə təxirə salınıb. Yəni, inşallah, 2020-ci ildə Xıdırlı sakinlərinin də mavi yanacaqla təmin ediləcəkləri gözlənilir...

Parlament üzvü “Bəs 3500-ə yaxın sakini olan Xıdırlıya qaz çəkilişinin ləngiməsi konkret hansı amillərlə bağlıdır və buna görə əsas məsuliyyəti hansı hökumət qurumu daşıyır” sualını da cavablandırıb.

“Qaz çəkilişi proqramını, təbii ki, “Azəriqaz” həyata keçirir. Konkret Xıdırlı kəndinə qazla təminatının ləngidilməsi isə bəlkə də maliyyə problemləri ilə bağlıdır. Yəni burada sırf obyektiv səbəblər var, subyektiv səbəblər ola bilməz...

Yeri gəlmişkən, onu da vurğulayım ki, Xıdırlı əhalisi mənim çox hörmət bəslədiyim seçicilərimdir. Onlar mənə hər zaman etimad göstəriblər. Mən də öz imkanlarım daxilində kənd sakinlərinin sosial problemlərinin həlli üçün çalışıram, əlimdən gələni edirəm.

2013-cü ildə Xıdırlı kəndindəki daha ağrılı problem olan su problemini həll edə bildik –kəndə yeni içməli su xətti çəkilməsinə nail olduq. Bunun üçün mən o zamankı hökumət başçısı, çox böyük hörmət bəslədiyim, dəyərli dövlət adamı Artur Rasizadənin qəbulunda oldum, kənd əhalisinin problemini ona çatdırdım, həlli üçün xahiş etdim. O da tapşırıq verdi və yeni içməli su xəttinin çəkilməsi nəticəsində Xıdırlıda demək olar ki, su problemi öz həllini tapdı. İşıqla bağlı müəyyən problemlər var idi, o da tam həll olunmaq üzrədir. Bir qaz çəkilişi qalıb. Bu problemin də həlli üçün mən bir deputat kimi öz üzərimə düşəni etmişəm və edəcəm. Güman ki, çox uzaq olmayan gələcəkdə, məsələ öz həllini tapacaq. Və Xıdırlı sakinləri də mavi yanacaqla təmin olunaraq həyat şəraitlərini daha da yaxşılaşdıracaqlar...”,- deputat Fəzail Ağamalı belə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.