İsmayıllıda skautlar güclü yağışdan xilas edildi

1-07-2019, 16:34           
İsmayıllıda skautlar güclü yağışdan xilas edildi
Azərbaycan Skautlar Assosiasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşlığı ilə 30 iyun 2019-cu il tarixdə Buynuz kəndi yaxınlığındakı meşə ərazisində “Wonderland Azərbaycan 2019” adlı 7 günlük düşərgə təşkil edib. Düşərgədə 260 nəfər skaut gəlib.

Teref.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti düşərgənin fəaliyyəti üçün lazımi şərait yaradıb, aid təşkilatlara - İsmayıllı Rayon Gənclər və İdman İdarəsinə, rayon mərkəzi xəstəxanasına, Ərazi icra nümayəndəliyinə və bələdiyyəyə, Meşələrin bərpası və mühafizəsi idarəsinə müvafiq tapşırıqlar verib. Lakin təbiət hadisəsinin – güclü yağışın nəticəsində düşərgə fəaliyyətini davam etdirə bilməyib.

Axşam saat 22-dən 24-dək davam edən güclü yağış nəticəsində çadırlar sıradan çıxıb, fövqəladə vəziyyət yaranıb. Düşərgənin rəhbərliyinin telefon bağlantısı nəticəsində RİH başçısının birinci müavini Rövşən Ağayev, RGİİ-nin rəisi Taleh Salehov təcili Buynuza gedib, icra nümayəndəliyinin, bələdiyyənin, Buynuz və Topçu məktəbləri kollektivlərinin köməkliyi ilə skautları Olimpiya İdman Kompleksinə təxliyə ediblər. Kiçik yaşlı skautlara kompleksin kotteclərində gecələmək imkanı yaradılıb. 260 nəfərin hamısı təhlükəsiz və ilkin təminatlı şəraitdə gecələyib.

Sakutların təxliyəsində Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi məsuliyətlə, qayğıkeşliklə və fəallıqla iştirak ediblər.

Düşərgə hələ ki, fəaliyyətini Olimpiya İdman Kompleksində davam etdirir. Rayon mərkəzi xəstəxanasının həkimləri də skautların xidmətindədir.

İsmayıllı Rayon İcra Hakimiyyəti düşərgəni bütün problemləri ilə birgə nəzarətdə saxlayır.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.