APARILAN QÜSURSUZ XİDMƏT ÜZ AĞARDIR

20-10-2018, 17:26           
APARILAN QÜSURSUZ XİDMƏT ÜZ AĞARDIR
Turizmin yüksək templə inkişaf etdiyi Xaçmaz rayonu artıq tək Azərbaycanda deyil, bir çox xarici dövlətlərdə, o cümlədən MDB ölkələri arasında turizm məkanı kimi tanınır. Təmiz havası, göz oxşayan sıx meşələri və dəniz sahili ilin hər fəsli bura gələn turistləri özünə cəlb edir.Hər zaman qonaqlı-qaralı olan rayonda təhlükəsizliyin təmin olunması yüksək səviyyədədir. Polis əməkdaşları tərəfindən aparılan xidmət şəhər sakinləri və qonaqlar tərəfindən yüksək qiymətləndirilir.
Başqa rayonlarla müqayisədə hərəkətin sıx olduğu Xaçmaz rayonunda yol hərəkət qaydalarına riayət olunması və baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. Rayon ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə görülən qabaqlayıcı tədbirlər barədə danışan DYPB-nin rəisi, polis mayoru Elşad Nəbiyev bildirdi ki, inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə mütəmadi olaraq reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür. Belə tədbirlərin mahiyyətindən danışan həmsöhbətim, cari ilin ilk doqquz ayı ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları haqda da məlumat verdi. Polis mayoru bildirdi ki, cari ilin ilk doqquz ayı ərazində rayon ərazisində 7467 qayda pozuntusu aşkar olunub ki, onlardan 7316 şəxs barəsində inzibati protokol tərtib edilib. Barələrində tədbir görülən şəxslər arasında 117-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər və 158-i isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər olub. 2017-ci ilin müvafiq dövriyyə müqayisədə göstəricilərin sayında artma olduğunu bildirən bölmə rəisi, keçən il sərxoş halda nəqliyyat vasitəsini idarə edənlərin 113 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlərin 155 nəfər olduğunu bildirib. Bundan əlavə manevr qaydalarını pozan 366, ötmə qaydalarını pozan 1032 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 442 sürücü aşkar edilərək barələrində inzibati qaydada protokol tərtib edilib. Bir nəfər isə rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə barəsində inzibati qaydada protokol tərtib olunub və Xaçmaz rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.
Rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verən bölmə rəisi bildirdi ki, qeyd olunan müddətdə Xaçmaz rayonu ərazisində 24 yol nəqliyyat hadisəsi baş verib ki, bu da keçən illə müqayisədə 2 fakt azdır. Sürücülərlə aparılan profilaktiki söhbətlərin nəticəsində yol nəqliyyat hadisələrinin sayının azalmasını sevindirici hal kimi dəyərləndirən Elşad Nəbiyev, qayda pozan sürücülər barəsində tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinində yüksək olduğunu bildirib. İlk doqquz ayda tərtib olunan 7316 inzibati protokolun 88 faizi qayda pozmuş sürücülər tədəfindən ödənilib.
Söhbətimiz zamanı polis mayoru Elşad Nəbiyev bildirdi ki, DYPB-nin əməkdaşları tərəfindən yalnız sürücülər arasında deyil, mütəmadi olaraq rayon və kəndlərdə yerləşən təhsil ocaqlarında şagirdlərlə maarifləndirici görüşlər keçirilir, məktəblilərə yol hərəkəti qaydaları və yol nişanları haqqında geniş məlumatlar verilir. Bunun nəticəsidir ki azyaşlıların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı minimuma endirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.