Telman İsmayılova məxsus aktivlərin bir hissəsi Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib

19-10-2015, 11:50           
Telman İsmayılova məxsus aktivlərin bir hissəsi Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib
İş adamı Telman İsmayılova məxsus olan bəzi aktivlər Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti yazır.

Nəşrin iddiasına görə, 2010-2011-ci illərdə biznesmen Serqey Yançukova məxsus "Sezaria" şirkəti T. İsmayılovun "Tandum" offşor şirkətinə 100 mln. dollar həcmində kredit ayırıb. Kredit 2013-cü ilədək verilib.

"Çox keçmir ki, İsmayılov kreditlərə xidməti dayandırır. Bundan sonra, 2014-cü ildə "Sezaria"nın şikayəti əsasında Nikosiya (Kipr) məhkəməsi İsmayılova məxsus 134 milyon dollarlıq aktivləri dondurub", - deyə nəşr yazır.

"Kommersant" bildirir ki, məhkəmənin qərarı ilə dondurulmuş aktivlər sırasında Türkiyədə yerləşən "Mardan Palace" oteli, T. İsmayılovun Fransadakı baş evi, Moskvada yerləşən "Safisa" şadlıq evi, "AST Qof" oteli və Moskva nəşriyyat evi var. Qəzet yazır ki, aktivlərin bir hissəsinə digər kreditorlar da iddia edib. Məsələn, "AST Qof" oteli və Nikitsk bulvarında yerləşən mehmanxana kompleksinin layihəsi Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib.

Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti olan "ABB-Moskva"nın Strateji inkişaf idarəsinin rəisi Leonid Mileyev "Vedomosti" qəzetinə bildirib ki, "bankın "AST Qrup"la heç bir kommersiya əlaqəsi olmayıb" və informasiya əldə etmək üçün Azərbaycan Beynəlxalq Bankının baş ofisinə müraciət etməyi tövsiyə edib.

Azərbaycan Beynəlxalq Bankı "Vedomosti" qəzetinin müvafiq sorğusuna cavab verməyib. "Maraqlıdır ki, biznesmenin Nikitsk bulvarındakı layihəsinin sifarişçisi Azərbaycan Beynəlxalq Bankına yaxın olan "Forstrat qlobal" şirkəti olub. Bu barədə Moskvanın Memarlıq Şurasının təqdim etdiyi sənədlərdə qeyd edilib", - qəzet yazır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.