Belarus Rusiyadan uzaqlaşır? - ABŞ-la gizli təmaslar..

12-01-2019, 10:10           
Belarus Rusiyadan uzaqlaşır? - ABŞ-la gizli təmaslar..
Belarusun əvvəl Avropa, indi isə ABŞ-la münasibətlərinin qurulması söhbətləri intensivləşməkdədir.

Bu sözləri Axar.az-a Belarusun ABŞ diplomatlarının sayına qoyduğu məhdudiyyət qadağasını ləğv etməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Belarus Rusiyadan çox asılıdır və Putin Rusiyası Belarus üçün də təhlükədir:

“Ümumiyyətlə, Putin Rusiyası bütün dünya üçün təhlükədir. Bu təhlükədən hər kəs qorunmaq istəyir, o cümlədən Belarus da. Belarusun Rusiyadan bu qədər asılılığının səbəbkarı Lukaşenkodur. Vaxtında Lukaşenkonun islahatlara getmək istəməməsi onu Kremlə yaxınlaşdırdı”.

Politoloq vurğulayıb ki, Rusiyanın Ukraynaya hücumu ən çox Belarusu qorxutdu:

“İstər Krımın ilhaqı, istərsə də Donbasın işğalını Lukaşenko dəstəkləmədi, əksinə, bunun əleyhinə çıxdı. Lukaşenkonu anlamaq olar. Bu gün Ukraynanın başına bu oyunları açan slavyan qardaşı sabah eyni və daha betərini Belarusa qarşı edə bilər. Belarus Ukraynadan daha balaca və zəifdir. Ona görə Belarusun indidən Qərbə çıxış axtarmasında təəccüblü heç nə yoxdur. Rusiyanın Belarusa qaz problemi yaşatmasını da Lukaşenko bu yaxınlarda yenə xatırlatdı. Lukaşenko təbii ki, ABŞ-la münasibətlərin qurulmasını təkzib edəcək. Lakin amerikalı diplomatlarla bağlı qoyduğu məhdudiyyətin aradan götürülməsi Belarusla ABŞ arasında gizli təmasların qurulması anlamına gəlir”.

Qeyd edək ki, Belarus ABŞ diplomatlarıyla bağlı 2008-ci ildə qoyduğu say məhdudiyyətini ləğv edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.