Suriya Ordusu pilotsuz təyyarələrlə “ən-Nusra”nın toplantısını vurub

12-01-2019, 13:27           
Suriya Ordusu pilotsuz təyyarələrlə “ən-Nusra”nın toplantısını vurub
Suriya Ordusu pilotsuz təyyarələrdən istifadə edərək, ölkənin Həma əyalətində əl-Qaidənin sabiq qolu “ən-Nusra Cəbhəsi”nin (digər adı Heyət Təhrir-Şam) toplantısını vurub.

SalamNews bu barədə TasnimNews-a istinadla xəbər verir.

Suriya Ordusu hərbi mənbələri bildirib ki, ilk mərhələdə Həma əyalətinin şimalında ət-Taminə qəsəbəsi ərazisində “ən-Nusra Cəbhəsi”nin toplantısı kəşfiyyat pilotsuz uçan aparatları tərəfindən qeydə alınıb və daha sonra obyektə zərbə endirilib.

Burada terror təşkilatının ciddi şəkildə canlı itki verdiyi bildirilib.

Sputnik-in bu barədə verdiyi məlumata görə, zərbə “ən-Nusra Cəbhəsi”nin tabeliyində olan “Ceyşul-İzzə” qruplaşmasının üzvlərinin olduğu toplantını hədəfə alıb.

Qeyd edək ki, son iki həftədə Suriyanın şimalında İdlib əyalətində radikal qruplaşmalar arasında gedən qarşıdurmadan sonra tərəflər atəşkəs anlaşması əldə ediblər. Anlaşmaya əsasən bölgənin hamısı “ən-Nusra Cəbhəsi”nin (Heyət Təhrir-Şam) nəzarətinə keçməlidir. Bölgənin HTŞ-ın nəzarətinə keçməsi isə o deməkdir ki, ötən il Rusiya və Türkiyənin İdlibdə atəşkəslə bağlı anlaşması hər an pozula bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.