İki nəfəri maşınla öldürən azərbaycanlının məhkəməsində qalmaqal - 2 aylıq həbs...

25-02-2019, 18:09           
İki nəfəri maşınla öldürən azərbaycanlının məhkəməsində qalmaqal - 2 aylıq həbs...
Xəbər verdiyimiz kimi, fevralın 23-də 30 yaşlı azərbaycanlı Murad Qasımov Sankt-Peterburq şəhərində ağır yol qəzası törədib. Onun idarə etdiyi "BMW X6” səkiyə çıxaraq piyadaları vurub, nəticədə, iki nəfər ölüb və dörd nəfər yaralanıb. Bu saatlarda Kuybışev Rayon Məhkəməsində Murad Qasımov məhkəmə qarşısına çıxarılıb. Ona Rusiya Cinayət Məcəlləsinin 264-ci maddəsinin 6-cı bəndi ilə ittiham elan olunub. Bu maddənin sanksiyası 4 ildən 9 ilədək cəza nəzərdə tutur.
M.Qasımov məhkəmədə deyib ki, baş verən hadisəyə görə peşmandır: "Təəssüf edirəm. Çalışacağam onların ailələrinə kömək edim. Bundan başqa sözüm yoxdur.” Maraqlıdır ki, M.Qasımova tərcüməçinin xidməti də təklif olunub, amma o, rus dilində danışmağa üstünlük verib.
Rusiya KİV-ləri bildirir ki, məhkəmədə iştirak edən jurnalistlər ittiham edilən azərbaycanlının ünvanına ağır ifadələr işlədiblər, hakim qısa müddətli fasilə verməli olub. Məhkəmədə onun iş adamı olduğu deyilən atası da iştirak edib. Məhkəmə M.Qasımovun məsuliyyətdən yayına biləcəyini qeyd edərək onun barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Qeyd edək ki, 2010-cu ildən Sank-Peterburqda yaşayan M.Qasımov Rusiya vətəndaşıdır. O, internetdə dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Qəzadan sonrakı araşdırmada məlum olub ki, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Ötən ilin 14 noyabrında isə onun sürücülük vəsiqəsi alınıbmış. M.Qasımovun qeydiyyatda olduğu Con Rida küçəsində üçotaqlı mənzildə onun düz 21 qohumu da qeydiyyatdadır. Elə qəza yerinə ilk olaraq onlar da gəliblər. Amma xüsusi gərginlik yaranmayıb. Ağır qəza nəticəsində həlak olanlardan biri 40 yaşlı ABŞ vətəndaşı Todd Kroyeldir. 2015-ci ildən Neva sahilindəki şəhərdə yaşayırmış.
Onun Facebook səhifəsindən məlum olub ki, Rusiyanın bir çox vilayətlərdə olub, bu ölkəyə xüsusi sevgisi varmış. O, Sankt-Petrburqda frilanser(azad işçi) kimi pul qazanırmış. İkinci qurban Yevgeniya Korneyenkodur. Onun da 38 yaşı var.

"Daha üç nəfər hazırda Маrinskiy xəstəxanasındadır, onlardan birinin vəziyyəti çox ağırdır, ən yaxşı halda ömürlük əlil ola bilər”, - deyə sayt yazır. Saytın əməkdaşı qəzanı araşdırarkən hadisə yerində olan polisdən Muradın sərxoş olub-olmamasını soruşub. Polis deyib ki, əvvəl onlar da belə hesab ediblər ki, azərbaycanlı sərxoşdur. Amma sonra məlum olub ki, qəzanı törədən indi Rusiyada çox populyar olan "şarik”dən istifadə edib.
Bildirilir ki, "şarik” deyilən hamının bildiyi doldurulmuş şardır. Amma bu şarı nəfəslə deyil, azon qazı ilə doldururlar. Bu qazı "iyləmək” indi Rusiya gəncləri arasında çox geniş yayılıb. Onu məsələn, qəzanın baş verdiyi Sankt-Peterburqda hər tindən qəpik-quruşa almaq mümkündür. Bu qaz ölkədə qanunla qadağan edilməyib və bu səbəbdən də son vaxtlar "şarik”lə bağlı hadisələr artıb. Bu şarikdən istifadə edənlər çox hallarda hərəkətlərinə nəzarət edə bilmirlər. Məsələn, saytın müxbiri bir nəfərin "şarik” dən sonra soyunduğunu müşahidə edib. Rusiya telekanalları azərbaycanlının törətdiyi qəzanı dərhal günün hadisələri sırasına daxil ediblər. Bugünkü məhkəməni də bəzi saytlar online yayımlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.