Yaxın Şərq üzrə ən iri aviasalonun açılışı olub- Ər Riyad

13-03-2019, 23:23           
Yaxın Şərq üzrə ən iri aviasalonun açılışı olub- Ər Riyad
Ər-Riyadda Yaxın Şərqdə ən iri aviasalonun – Səudiyyə Ərəbistanı Beynəlxalq Aviasiya Sərgisinin təntənəli açılış mərasimi olub.

Azərtac Səudiyyənin SPA Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Ər-Riyadın qubernatoru Əmir Feysəl bin Bəndar bin Əbdüləziz və Səudiyyə Aviasiya Klubunun banisi və prezidenti Əmir Sultan bin Salman bin Əbdüləziz mərasimdə iştirak ediblər.

Ər-Riyadın qubernatoru çıxışında aviasalonun açılışını əməkdaşlıq ruhu və səmərəli fəaliyyət nümayiş etdirən əsl milli hadisə adlandırıb. Onun sözlərinə görə, bu uğurlar “Baxış-2030” strategiyasının bəhrəsidir.

Səudiyyə Aviasiya Klubunun Ər-Riyadın Əl-Tamam aeroportundakı iqamətgahında, ərazisi 100 min kvadratmetr olan meydanda keçirilən sərgidə 260-dan çox regional və beynəlxalq təşkilat iştirak edir. Gözlənildiyinə görə, sərgi üç gün ərzində aviasiya dünyası və aviakosmos sənayesi ilə maraqlanan 20 mindən çox qonaq cəlb edəcək, habelə aviaşirkətlərin və aviasiya sektorunda qərar qəbul edən şəxslərin mühüm əlaqə mərkəzinə çevriləcək.

Sərgidə “Saudi Airlines”, “Emirates Airline”, “Adeel Airlines”, “Alfa Star” kimi aviaşirkətlər, habelə “Lockheed Martin” şirkəti və Rusiya şirkətləri təmsil olunublar.

Sərginin birinci günü Ər-Riyadın qubernatorunun və Səudiyyə Ərəbistanı Aviasiya Klubunun prezidentinin iştirakı ilə qarşılıqlı anlaşma haqqında bir sıra saziş və memorandumlar imzalanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.