ABŞ ali məktəblərində rüşvət qalmaqalı

13-03-2019, 23:36           
ABŞ ali məktəblərində rüşvət qalmaqalı
ABŞ Federal Təhqiqatlar Bürosu Hollivud aktyorlarının və məşhur iş adamlarının övladlarını rüşvətlə ölkənin nüfuzlu ali məktəblərinə düzəldən mütəşəkkil dəstəni ifşa edib.

Teref.Az Meduza-ya istinaden xəbərinə görə, 50 nəfərə qarşı ittiham irəli sürülüb

Saxlanılanlar arasında olan tanınmış Hollivud aktrisası Felisiti Haffman böyük qızının giriş imtahanındakı cavablarının yenidən yazılması üçün 15 min dollar məbləğində rüşvət verib. Los-Anceles şəhərindəki evində saxlanılan Haffman istintaqla əməkdaşlıq edəcəyini bildirəndən sonra 250 min dollarlıq girov müqabilində sərbəst buraxılıb.

Aktrisa Lori Laflin isə iki qızını saxta idmançı sənədləri tərtib etməklə akademik avarçəkmə komandasının üzvü qismində Cənubi Kaliforniya Universitetinə düzəltdirmək üçün 500 min dollar rüşvət verib.

Dəstənin başçısı, ali məktəblərə qəbul üzrə hazırlıq şirkətinin rəhbəri Uilyam Singer törətdiklərini etiraf edib.

Korrupsiya faktları aşkarlanmış ali məktəblər arasında Yelski, Stenford, Corctaun, Texas, Cənubi Kaliforniya, Los-Ancelesdə yerləşən Kaliforniya universitetlərinin adları çəkilir.

Araşdırmalar zamanı məlum olub ki, adları korrupsiya qalmaqalında hallanan tələbələrin bu fırıldaqçılıqdan xəbərləri olmayıb. ABŞ Ədliyyə Nazirliyi bildirib ki, universitetlər həmin tələbələrin gələcək taleyi barədə özləri qərar verəcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.