Hesabat: Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlar son mərhələyə qədəm qoyur

16-03-2019, 07:33           
Hesabat: Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqlar son mərhələyə qədəm qoyur
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni ətraflı ikitərəfli sazişin imzalanması prioritet vəzifə olaraq qalır.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin hesabatında deyilir.

"Biz regionda əsas tərəfdaşımız olan Azərbaycanla əməkdaşlığımızı fəallaşdırmışıq. Aİ ilə Azərbaycan arasında yeni ətraflı ikitərəfli sazişin imzalanması üzrə danışıqlar həlledici fazaya qədəm qoyur və biz müasir razılaşmanın əldə olunması üzərində ciddi səylə işləməyi davam etdirəcəyik. Saziş münasibətlərimizin bütün aspektlərinə toxunacaq və həm Aİ, həm də Azərbaycan vətəndaşlarının xeyrinə olacaq", - deyə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerinin hesabatda yer alan nitqində bildirilir.

Avropa komissarı Yohannes Han öz növbəsində qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın təhsil, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı kimi əsas sahələr də daxil olmaqla iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması üzrə səylərinə güclü dəstək göstərir.

“Şərq tərəfdaşlığı" proqramının 2020-ci il üçün nəzərdə tutulan prioritetləri və 20 hədəfi bizim gələcək əməkdaşlığımızı müəyyən edir. Bura insanlar arasında daha sıx əlaqələr və Azərbaycanda rabitə, idarəetmə və iqtisadiyyatın möhkəmləndirilməsinə dəstək daxildir”, – deyə komissar bildirib.

Hesabatda qeyd olunur ki, Avropa İttifaqı və Azərbaycan xüsusilə Aİ-nin Bakıya zəruri dəstək göstərməyə hazır olduğu tərəfdaşlığın prioritetləri çərçivəsində ümumi maraq və öhdəliklərə tam riayət edərək, qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığı davam etdirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.