“İŞİD Azərbaycanda yaranıb!” - Şok İDDİA

29-10-2015, 17:21           
“İŞİD Azərbaycanda yaranıb!” - Şok İDDİA
Suriya və İraqda fəaliyyət göstərən radikal qruplaşma olan İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı ABŞ və Rusiya kimi iri dövlətlər mübarizə aparmaqda davam edirlər.

Hətta Rusiya İŞİD-i bombalamaq üçün Xəzər dənizi üzərindən Suriyaya hərbi hava qüvvələrindən atəş də açıb. Türkiyədə isə İŞİD-in həyata keçirdiyi iddia edilən terror hadisəsi zamanı 100-dən çox insan həyatını itirib. Maraqlıdır, İŞİD-in Türkiyə sərhədlərinə qədər irəliləməsi Cənubi Qafqazı hansı təhlükə ilə üz-üzə qoyur?

İŞİD-in Cənubi Qafqaza, eləcə də, Azərbaycana gəlməsi mümkün ola bilərmi?! Modern.az saytı məsələyə müxalifət partiyalarından münasibət öyrənməyə çalışıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının fikrincə, İŞİD Azərbaycana gələ bilər:

“Çünki Azərbaycanın sərhədlərinin tam qorunduğu fikrinə şübhə ilə yanaşıram. İŞİD qonşu Türkiyəyə və başqa ölkələrə gedib çıxa bilirsə, deməli, onların Azərbaycana gəlmə ehtimalı da var. Ona görə də Azərbaycanın sərhəd xidməti, xüsusi xidmət orqanları ciddi proqramlar əsasında işləməlidirlər ki, İŞİD-in ölkəyə girməsinin qarşısı alınsın.
Digər tərəfdən, Azərbaycandan gedib İŞİD-ə qoşulanların bəziləri geri qayıdırlar. Təbii ki, onlarla çox diqqətli olmaq lazımdır və hərtərəfli yoxlanılmalıdırlar”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu konkret faktlarla İŞİD-in Azərbaycana bağlı olduğunu deyib:
“İŞİD-in hərəkətləri yeni deyil. 10 əsr bundan qabaq İslamda Həşaşilər hərəkatı yaranıb. Həsən əs Sabahın vaxtında meydana gəlib. Həsən əs Sabah Misirdən Azərbaycana qaçaraq Əlamut qalasına sığınıb. Bütün islam dünyasına 30-40 il qan uddurub. Axırda monqol tayfaları tərəfindən məhv edilib.

Bugünkü İŞİD lideri Bağdadi hardansa Həsən əs Sabahın ideyalarını mənimsəyib. 10 əsr bundan əvvəl Həşaşilər Avropa dövlətlərində xof yaradıb. Avropa kralları Əlamut qalasına bac-xərac göndəriblər.

İŞİD tarixən Azərbaycan ərazisində yaranan təşkilat olub. Faktiki olaraq, İŞİD-in tarixi ana vətəni Azərbaycan olub. İŞİD ideologiyası birinci dəfə də, indi də Azərbaycanda ortaya çıxıb. İndiki mövcud olan İŞİD vaxtilə Təbriz yaxınlığındakı Həşaşilərin əsasında yaranıb.

Hətta sizə yeni fakt deyim. Babəkin Xürrəmilər hərəkatı və Koroğlunun hərəkatının da mahiyyətində İŞİD-ə xas faktlar olub. Sadəcə, Koroğlunun hərəkatı olduqca qansız, lokal olub. Azərbaycan sərhədlərindən kənara çıxmayıb. Babəkin hərəkatı isə qanlı olub və Azərbaycan çərçivəsindən çıxaraq Xilafəti əldə edib.

Tariximizdə 4 İŞİD nümunəsi var. Bunlar faktdır. Həşaşilər, Babək, Koroğlu və bugünkü İŞİD. Bu hərəkatların mahiyyəti ədaləti zorakı yolla bərpa etməkdir.

Amma İŞİD Azərbaycana gələ bilməz. Çünki İŞİD Azərbaycandan dünyaya yayılır. Bu gün Türkiyədə tutulan insanlar azərbaycanlılardır. İŞİD-in hərbi komandasında da azərbaycanlılar iştirak edir. Prezident İlhm Əliyevin keçmiş mühafizəçisi Suriyada İŞİD-in döyüş hazırlığının öyrədilməsinə bilavasitə rəhbərlik edir. Suriyada 200 azərbaycanlı müfəttiş var. İŞİD-in bir çox lideri azərbaycanlıdır. Azərbaycanda yetişmədən gedib Suriyada lider olmaq mümkündürmü?!

Bu adamların təşkilatçıları Azərbaycandan çıxır. Sadəcə, Bağdadi azərbaycanlı deyil. Bununla belə, İŞİD-in Azərbaycana gəlib nəsə etməsi gözlənilmir. O vaxtlar Həşaşilər Azərbaycanda oturub başqa müsəlman ölkələrində terror hadisələri törədirdilər. İndi də İŞİD Azərbaycana müəyyən dəstələr göndərə bilər. Amma İŞİD-in fəaliyyət sahəsi Azərbaycan olmayacaq”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İŞİD-in Azərbaycana gələ bilməsini istisna etmir:

“Azərbaycanda radikal dini təmayüllər üçün çox münbit zəmin yaranıb. Son vaxtlar Milli Təhlükəsizlik Nazirliyində baş verənlər onu göstərir ki, ölkənin milli təhlükəsizliyinə rəhbərlik edən qurum cinayət şəbəkəsi tərəfindən idarə olunurdu. Buranı inayət yuvasına çevirmişdilər. Belə olan təqdirdə, milli təhlükəsizliyin təmin olunması, dövlətçiliyə yönələn təhdidlərin qarşısının alınması arxa plana keçir. Bütün bunları nəzərə alaraq demək olar ki, İŞİD və digər radikal qrupların Azərbaycana gəlməsi üçün imkanlar var və bu mümkün ola bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.