Ermənistan İrana “iqtisadi müharibə” elan etmək ərəfəsində - “Sement qalmaqalının” siyasi motivləri...

19-04-2019, 19:56           
Ermənistan İrana “iqtisadi müharibə” elan etmək ərəfəsində - “Sement qalmaqalının” siyasi motivləri...
“Sementlə bağlı məsələdə siyasi motivlərin izləri də böyükdür”
Ermənistan parlamentinin iqtisadiyyat komissiyasında ölkəyə sement idxalı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Buna səbəb ölkənin sement istehsalçılarının İrandan idxal olunan analoji məhsulla rəqabətə davam gətirə bilməməsidir.

İclasda çıxış edən ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan deyib ki, dövlət rüsumları ilə bağlı qanunvericilikdə dəyişiklik qəbul edilməlidir. Onun fikrincə, Ermənistana xarici dövlətlərdən sement idxalına yüksək məbləğdə rüsum tətbiq edilməlidir ki, yerli müəssisələr keyfiyyət və qiymət sarıdan rəqabətə tab gətirə bilsinlər. Nazir bildirib ki, əks halda, ölkədəki sement istehsalçıları müflis olacaq, zavodlar bağlanacaq və insanlar işsiz qalacaqlar.

Deputat Aram Sarkisyan isə naziri tənqid edib və bu təklifin düzgün olmadığını, ölkədə azad rəqabət mühitinin yaradılmasının vacib olduğunu bildirib: “Qoy 400 adam işsiz qalsın, ancaq əvəzində biz tikinti sektorunun inkişafını və büdcə gəlirlərini təmin edəcəyik”.

Erməni deputat deyib ki, nazirin təklifi qəbul olunarsa, yerli istehsalçılar arxayınlaşar və sementin keyfiyyəti aşağı düşə bilər.

Nazir isə ona cavabında vurğulayıb ki, Ermənistanda sement istehsalı baha başa gəlir. Bu da müəssisələrin işlətdikləri təbii qazın qiymətilə bağlıdır. Ona görə də yerli müəssisələr İran kimi ölkələrin istehsalçıları ilə rəqabət apara bilmirlər.

Ermənistanın İranla çox yaxın münasibətlərə malik olduğunu nəzərə alsaq, sement idxalına məhdudiyyətin qoyulması ilə bağlı müzakirələrin başlaması bir sıra məqamlardan xəbər verir. Ermənistanın iqtisadi sahədə də bu ölkə ilə əlaqələrini nəzərə alanda, sementlə bağlı belə yanaşmanın ortaya çıxması, görünür, bəzi gözləntilərin özünü doğrultmaması ilə bağlıdır. Qeyd edək ki, bu ilin fevralında baş nazir Nikol Paşinyanın İrana rəsmi səfəri oldu. Səfər zamanı bir sıra görüşlər keçirildi. Ancaq məlum olan odur ki, Ermənistanın İranla bağlı bir sıra iqtisadi gözləntiləri özünü doğrultmadı. Məsələn, Ermənistan rəhbərliyinin İrandan yeni qaz xəttinin çəkiləcəyi ilə bağlı gözləntiləri vardı. Bu reallaşmadı. İranla Ermənistan sərhədində yaradılan azad iqtisadi zona, faktiki olaraq, yerində sayır. Paşinyan gözləyirdi ki, illərdir arzuladıqları “Şimal-Cənub” avtomobil magistralının tikintisi ilə bağlı konkret addımlar atılacaq. Ancaq iqtisadi baxımdan sərfəli olmadığına görə İran bunda maraqlı deyil.

O baxımdan, Ermənistanın İran sementinə məhdudiyyət qoymaq istəyi sözügedən gözləntilərin özünü doğrultmaması səbəbindən İrana siyasi təzyiq xarakterli addım ola bilərmi?

Arzuxan Əlizadə: “Ermənistanın cənub qonşusundan iqtisadi gözləntiləri azalır”
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə bunu istisna etmədi. Onun fikrincə, bunun kökündə həm iqtisadi, həm də siyasi amillər ola bilər: “İranın bir zamanlar Ermənistan üçün hansı önəmə malik olduğunu təsəvvür etmək heç də çətin deyil. Çünki bununla bağlı kifayət qədər ortada fakt var. İran 90-cı illərdə Ermənistanın blokadadan çıxmasında mühüm rol oynayıb. Sonrakı dövrlərdə də iki ölkə arasında geniş əlaqələr qurulub. Baxmayaraq ki, Ermənistan təcavüzkar siyasət yeridərək Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ancaq bütün bunlara rəğmən, Ermənistan iqtisadi baxımdan İran üçün xüsusi önəm kəsb etmir. Ona görə ki, iqtisadi baxımdan geri qalmış bir ölkədir. Əksinə, Ermənistan istəyir ki, İrandan daha çox faydalansın. Ancaq bəzən bu mümkün olmur. Necə ki, Ermənistan istəyirdi İran vasitəsilə bəzi meqalayihələri reallaşdırsın, amma alınmadı. Bu səbəbdən Ermənistanın cənub qonşusundan iqtisadi gözləntiləri, bir növ, azalır. Ola bilsin ki, İran sementinə tətbiq olunan rüsumun kökündə bu dayanır. Ancaq sementlə bağlı məsələdə siyasi motivlərin izləri də böyükdür. Çünki Paşinyan İrana yönəlik sanksiyaların fərqindədir. O görür ki, İranla bağlı həlqə daralır. Hesab edirəm ki, Paşinyan bununla Qərbə yönəlik reveranslar edir. Çünki Ermənistanın İranla olan yaxın münasibətləri ABŞ-ın xoşuna gəlmir. O üzdən, Paşinyan erməni hiyləgərliyinə xas olaraq bu cür addımlar atır. Onu da qeyd edim ki, bu günlərdə İran parlamentinin sədri Laricani erməni həmkarı ilə görüşündə ona iradını söylədi. Bildirdi ki, Ermənistan Araz çayını çirkləndirir”.
baki-xeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.