“Ona de, özünü yığışdırsın, yoxsa...” - General Balasanyan Şuşada Paşinyana lağ etdi, belə xəbərdarlıq aldı

11-05-2019, 17:51           
“Ona de, özünü yığışdırsın, yoxsa...” - General Balasanyan Şuşada Paşinyana lağ etdi, belə xəbərdarlıq aldı
Mayın 9-da, Şuşanın ələ keçirilməsi münasibətilə təşkil olunan bayram mərasimləri zamanı qondarma “dqr”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyana istehza edib. Əvəzində Paşinyan onu hədələyib.

Teref.az virtualaz.org-a istinadən xəbər verir ki, Şuşada jurnalistlər Balasanyandan son günlər təmas xəttində atışmaların artması haqda soruşublar. Balasanyan isə belə cavab verib: “Gedin onu “lift danışıqlarının” aparıcısı Paşinyandan soruşun”.

Balasanyan bununla N.Paşinyanın ötən ilin payızında Qazaxıstan paytaxtındakı MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə baş tutmuş qeyri-formal görüşünə eyham vurub. Həmin sammit zamanı Əliyevlə Paşinyan təmas xəttində gərginliyin azaldılması, qarşılıqlı rabitə kanalının qurulması kimi məsələlərdə anlaşıblar. Söhbətin bir hissəsi də liftdə qalxarkən baş tutub.

“Qraparak” qəzetinin yazdığına görə Ermənistan rəhbərliyi Balasanyanın bu ironiyasından qəzəblənib. Paşinyan qondarma “dqr” rəhbəri Bako Saakyana xəbərdarlıq edib ki, Vitali Balasanyana özünü yığışdırmalı olduğunu çatdırsın. Və deyib ki, əks halda gələn dəfə onunla başqa dildə danışacaqlar.

Qeyd edək ki, Balasanyan Dağlıq Qarabağda “prezidentliyə” əsas iddiaçıdır.

Qəzet yazır ki, Paşinyan Qarabağdan yaxşı əhvalla qayıtmayıb. Onun Yerevana qayıdandan sonra Qarabağda “əksinqilab ocaqları” barədə Facebook-da sttaus yazmasının səbəblərindən biri Balasanyanla bağlı məsələdir. Digər səbəbi isə budur ki, Şuşada bayram yemək-içmək mərasimi zamanı Dağlıq Qarabağ rəhbərləri Paşinyanla ünsiyyətdən qaçıblar. Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan isə ümumiyyətlə Paşinyandan yan qaçıb və oliqarx Ruben Ayrapetyanın müşaiyət etdiyi Serj Sərkisyanı isti qarşılamağa üstünlük verib.

Paşinyan yazmışdı ki, ona bəzilərinin Qarabağı əksinqilab ocağına çevirmək istədiyi haqda xəbərlər çatır və belə cəhd olsa o, Qarabağı inqilab ocağına çevirəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.