PUTİN “RUSİYA YANĞINSÖNDÜRƏN DEYİL” İFADƏSİ İLƏ KİMLƏRƏ MESAJ GÖNDƏRDİ?

16-05-2019, 20:16           
PUTİN “RUSİYA YANĞINSÖNDÜRƏN DEYİL” İFADƏSİ İLƏ KİMLƏRƏ MESAJ GÖNDƏRDİ?
ABŞ-ın dövlət katibi Mayk Pompeonun Rusiyaya səfərini belə izah edənlər tapıldı ki, İran məsələsində Vaşinqtonla Moskva arasında razılıq mümkündür. Həqiqətən Rusiya prezidenti Vladimir Putin son çıxışında Amerika ilə yanaşı İranı da tənqid etdi. Putin dedi ki, Rusiya hər zaman İranı müdafiə edə bilməz. Putin hətta belə bir ifadə də işlətdi: “Rusiya yanğınsöndürən deyil ki, hər yerə özünü çatdırsın”.

Putin hardasa haqlıdır. Suriyada təhlükə yaranır, Bəşər Əsəd rejimi Rusiyanı köməyə çağırır, Venesuellada çevrilişə cəhd olunur, prezident Nikolas Maduro Rusiyanı köməyə çağırır, indi də Tehran Rusiyadan dəstək istəyir. Putin də demək istəyir ki, Rusiya hər yerdə ABŞ və digər ölkələrlə toqquşmaqdan yorulub. Çünki bu halda həm Rusiyaya qarşı sanksiyalar sərtləşir, həm də Rusiya enerjisini və pulunu kənarda xərcləmək məcburiyyətində qalır, halbuki, bu enerjinin və pulun daxildə xərclənməsinə və dərin iqtisadi və sosial problemlərin həllinə ehtiyac var.

Rusiya prezidenti İranın nüvə anlaşmasından çıxmaması vacibliyini bildirdi. Halbuki, İran prezidenti Həsən Ruhani deyib ki, Amerikanın siyasəti dəyişməsə İran iki ay ərzində nüvə anlaşmasından çıxacaq. Bu yanaşma Avropa ilə yanaşı Rusiyanı da narahat edir. Çünki, İranla nüvə anlaşmasına Amerika ilə yanaşı Avropa dövlətləri və Rusiya da imza atmışdılar.

Buna baxmayaraq, Rusiya Amerikanın İrana qarşı sanksiya siyasətini qəbul etmir. ABŞ-ın İranı vurması üçün Rusiyanın razılığına ehtiyacı yoxdur. Çünki, Kremlı heç zaman İranın vurulması üçün Amerika ilə açıq və ya gizli razılaşmaya getməz. Vaxtilə Rusiya Bəşər Əsədə məhz ona görə hərbi dəstək verdi ki, bu ölkədə hakimiyyət dəyişikliyi Amerikanın istədiyi şəkildə baş verməsin. ABŞ-la Rusiyanın maraqları fərqlidir. Ona görə də bütün digər məsələlərdə olduğu kimi İran mövzusunda da Vaşiqntonla Moskva arasında razılaşma mümkün deyil. İrana qonşu olan heç bir ölkə bölgədə təlatüm və müharibə istəməz. Rusiya da bu mövqedən çıxış edir. İranda hakimiyyət dəyişikliyi Rusiyanın maraqlarına cavab vermir. Bir anlığa təsəvvür edin ki, İranda şah rejimi bərpa edildi, keçmişdə olduğu kimi Pəhləvi sülaləsi Amerikanın bütün tapşırıqlarını yerinə yetirməyə başladı. Rusiya qonşuluğunda Amerikaya müttəfiq dövlətin formalaşmasına razılaşmaz.

“Atlas” Araşdırmalar Mərkəzi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.