Alimlər qlobal istiləşməni dayandırmağın sadə üsulunu tapıblar

5-07-2019, 22:09           
Alimlər qlobal istiləşməni dayandırmağın sadə üsulunu tapıblar
Qırılan meşələrin böyük hissəsini bərpa etməklə, orta illik temperaturun və atmosferdə karbon qazının həcminin bundan sonrakı artım sürətini dərhal azaltmaq və hətta dayandırmaq mümkün ola bilər. Bu meşələr insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının üçdəbirini udmağa qadir olacaq.

Alimlər bu barədə “Science” jurnalında yazırlar.

“Hamıya məlumdur ki, meşələrin bərpası bizə qlobal istiləşmə ilə mübarizədə yardımçı ola bilər, lakin bu vaxta qədər heç kim onların fəaliyyət gücünü dəqiq qiymətləndirə bilməyib. Hesablamalarımız göstərir ki, bu, iqlim dəyişmələri ilə mübarizədə hələ ki, ən yaxşı üsuldur. Biz indi hərəkətə keçsək, o zaman atmosferdə karbon qazının payını dörddəbirədək aşağı salmağa nail ola bilərik”, – deyə Sürixdəki İsveçrə Ali Politexnik Məktəbindən Tom Krauter bildirir.

Meşələrin sanksiyalaşdırılmış və qeyri-qanuni yolla qırılması bu gün Yer kürəsinin ekologiyası və iqlimi üçün başlıca problemlərdən biri kimi qalmaqdadır. NASA-nın dəyərləndirməsinə görə, meşələrin qırılması son 10 il ərzində 62 faiz artaraq rekord göstəriciyə çatıb.

Peyk ölçülərinə müvafiq olaraq, hər il Yer kürəsi Seylon adasının sahəsi ekvivalentində nəhəng meşə massivlərindən məhrum olur. Meşələrin qırılmasının böyük hissəsi tropiklərin payına düşür. Planetimizin səthi üç trilyona yaxın ağacı saxlayır.

İqlimşünasların müşahidələri göstərir ki, meşələrin qırılması təkcə böyük miqdarda karbon qazı uducularının məhvinə deyil, həm də ekologiya sistemi və iqlimin fəaliyyətində digər çoxsaylı dəyişikliklərə gətirib çıxara bilər. Ağaclar torpağın səthini sərinləşdirməklə, küləyin hərəkətini tənzimləməklə, suyun həddən artıq buxarlanmasına mane olmaqla, atmosferi sərinləşdirən, Günəşin istiliyini və işığını əks etdirərək kosmosa qaytaran aerozol mənbəyi rolunu oynayır.

Krauter və onun həmkarları meşələrin təbiətdə karbon qazı cərəyanına necə güclü təsir etməsi və meşələrin əvvəlki sahələrinin bərpasının iqlimə və istixana qazları tullantılarına necə təsir göstərməsi üzərində düşünüblər.

BMT-nin cari dəyərləndirmələrinə görə, Yer kürəsində meşələrin ümumi sahəsi hazırda 5,5 milyard hektar təşkil edir. Bununla yanaşı, bu sahənin yarısı ağac çətirlərinin payına düşür. Krauterin və onun həmkarlarının fikrincə, hər iki göstəricini insan həyatına və Yer kürəsinin iqtisadiyyatına heç bir xələl gətirmədən, qırılan meşələrin bir hissəsini bərpa etmək yolu ilə təqribən üçdəbirədək çox asanlıqla qaldırmaq mümkündür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.