İrəvanda sükut pozuldu: Baş nazirin siyahısında kimlərin adı var? - GƏLİŞMƏ

18-09-2019, 18:31           
 İrəvanda sükut pozuldu: Baş nazirin siyahısında kimlərin adı var? - GƏLİŞMƏ
Ermənistanda “Məxməri inqilab”dan sonra yaranmış siyasi sükut pozulmağa başlayıb.

Hökumətdə başlanan istefaların zəncirvari hal alması ölkədə siyasi gərginliyi artıra bilər. Baş nazir Nikol Paşinyan isə hakimiyyətinə qarşı yarana biləcək təhlükələri aradan qaldırmaq üçün bütün mümkün rəqiblərinə qarşı hücumları gücləndirib. Baş nazir özünü demokrat elan etsə də, şəxsi xarakterinə görə tabeliyində olan məmurların onun sözlərinin qarşısına arqument qoymasını sevmir.

Bir neçə gün öncə hökumətdəki bütün nazirlərin Paşinyanın kobud davranışına etiraz olaraq, gecə saatlarında hamılıqla istefa verdiyi, yalnız prezidentin və baş nazirin məsələyə müdaxiləsindən sonra ərizələrini geri götürdüyü barədə məlumat yayılmışdı. Hələlik onlardan yalnız Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanesyan vəzifədən azad edilib. Lakin Ermənistan mediası istefaların bununla yekunlaşmayacağını yazır. Yaxın vaxtlarda Ermənistan polisinin rəisi Valeri Osipyanın və müdafiə naziri David Tonoyanın da istefaya gedəcəyi bildirilir.

Nikol Paşinyanın elitada mərkəzdənqaçma meyillərinin qarışısını almaq və hakimiyyətini möhkəmlətmək üçün özünə yaxın olan şəxsləri vəzifələrə təyin edəcəyi xəbər verilir. Artıq baş nazir bu niyyətini qanunvericiliklə təsbit edə bilib. Ermənistan Milli Məclisinin yaş həddi ilə bağlı qanunvericiliyə düzəliş etməsi də təsadüf hesab edilmir. Yeni qanunla baş nazir Ermənistan Polisinin və Milli Təhlükəsilik Xidmətinin rəisi vəzifələrinə yalnız həmin sistemdən deyil, ölkədə dörd il vətəndaşlığı olan, 25 yaşı tamam olmuş hər bir şəxsi təyin edə bilər. Bu hüquqi dəyişiklikdən sonra Nikol Paşinyanın özünün yaxın dostu, Ermənistan Polis Qoşunlarının rəisi Vahe Qazaryanı Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edəcəyi qeyd edilir. Həmin posta əsas namizədlərdən biri kimi sabiq müdafiə naziri Vaqarşak Arutunyanın da adı çəkilir.

Nikol Paşinyanın Valeri Osipyanın fəaliyyətindən də razı qalmadığı bildirilir. Ermənistan parlamentinin deputatı Arman Babacanyan polis sisteminin iflic vəziyyətə düşdüyünü deyib. Onun sözlərinə görə, Ermənistanda üstü açılmamış cinayətlərin sayı çoxluq təşkil edir. Hüquq-mühafizə orqanları isə profilatik funksiyasını yerinə yetirə bilmir. “Cəmiyyət hər yerdə polisə qarşı hiddətlənir, ölkədə “şəxsi mühakimə” adlanan institut inkişaf edir. Robert Köçəryanın və Serj Sarkisyanın prezidentliyi dövründə sistemli institusional nailiyyətlər ləğv edildi və inqilabdan sonra polis əslində, köhnə sistemin xarabalıqları altında qaldı,”-Babacanyan belə bəyan edib.

Lakin deputat hesab edir ki, Valeri Osipyanın istefaya göndərilməsi ilə bütün robemlərin həllini tapacağını düşünmək səhv olar. Onun sözlərinə görə Ermənistan müstəqillik qazandıqdan sonra polis sistemi yeni siyasi reallıqlara uyğunlaşa bilməyib.

Lakin Ermənistan hakimiyyətində dəyişikliklər bununla yekunlaşmır. Ermənistanın parlamentindəki hakim “Mənim addımım”ın fraksiyası Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam vermək istiqamətində prosesə başladıqlarını açıqlayıb. Buna səbəb olaraq H.Tovmasyanın vəzifəsində pozuntulara yol verdiyi və səlahiyyətlərindən sui-istifadə etdiyi göstərilir. Bu məsələ ilə bağlı son qərar Konstitusiya Məhkəməsi tərəfindən veriləcək. Qeyd edək ki, Konstitusiya Məhkəməsi Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Koçaryanın sərbəst buraxılması barədə qərar qəbul etmişdi. Əslində, Tovmasyanın bu vəzifədən uzaqlaşdırılacağı gözlənilən idi. Çünki sentyabrın 4-də Konstitusiya Məhkəməsinin R.Köçəryanın həbsinin Cinayət Prosesual Məcəllənin 35-ci maddəsinə zidd olmasəı barədə qərar çıxartmasından sonra H.Tovmasyan Paşinyanın hədəfinə çevrilmişdi. İyun ayından başlayaraq məhkəmə sistemini Köçəryana yaxın kadrlardan təmizləməyə başlayan Paşinyan həm də hakimiyyətin üçüncü qolu üzərində nəzarəti bərpa etməyə çalışır. Ona görə də aşağı məhkəmə instansiyalarında buna nail olsa da, Konstisusiya Məhkəməsində bu proses yekunlaşmayıb.

Paşinyanın “sözəbaxmaz” kadrları hakimiyyət strukturlarından uzaqlaşdırması paralel olaraq, müxalifətin fəallaşmasına imkan yarada biləcək halların qarşısını almağa xidmət edir. Sentyabrın 17-də birinci instansiya məhkəməsinin Robert Köçəryanın həbsdə saxlanılması barədə qərar çıxartması, eyni zamanda Hrayr Tovmasyanın səlahiyyətlərinin alınacağı barədə xəbər Paşinyanın müxalifətin hakimiyyət düşərgəsindəki ocaqlarını söndürməyə yönəldiyini göstərir. Artur Vanesyanın da 2008-ci il 1 mart hadisələrinə dair sənədlərin itməsinə görə Paşinyanın qəzəbinə tuş gəldiyi bildirilir. Vanesyan həmin sənədlərin Serj Sarkisyanın prezidentliyi dövründə yandırıldığını təsdiqləsə də açıqlaya bilməyəcəyini deyib. Bu isə MTX-nin rəisinin Köçəryana isti münasibətinin olması barədə baş nazirdə şübhələri artırıb. A.Vanesyanın işdən çıxarılması Paşinyanın hakim düşərgədə təmizləmə əməliyyatına başladığını deməyə əsas verir. Bu əməliyyat həm də müxalifətin zəiflədilməsinə yönəlib. Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın müxalifətin yeni lideri olacağına dair məlumatların yayılmasından dərhal sonra Paşinyan ona qarşı cinayət işinin açılması barədə göstəriş verib. Minasyan maliyyə fırıldağında ittiham olunur.

Ona görə də indi erməni medaisı istefa siyahısında növbəti kimlərin olacağına dair suallara cavab axtarır. David Tonoyan siyasi baxışlarına və anti-Rusiya mövqeyinə görə Paşinyana yaxın adam hesab olunsa da o, daha çox subyektiv davranışa üstünlük verir. Onun açıqlamalarının bəzən Paşinyanın bayanatlarından fərqlənməsi də bununla bağlıdır. Bir müddət öncə də Tonoyanın tutduğu vəzifədən azad edilərək baş nazirin müavini təyin ediləcəyinə dair məlumat yayılmışdı. Ona görə də müdafiə nazirinin istefaya göndəriləcəyinə dair xəbərlər inandırıcı təsir bağışlayır.

Vəzifəsi ilə vidalaşacaq hökumət üzvləri arasında xarici işlər naziri Zöhrab Mnasakanyanın da adı çəkilir. Onun yerinə Paşinayanın köhnə dostu və Baş nazirin mətbuat katibi Vladimir Karapetyanın təyin edləcəyinə dair xəbərlər yayılıb. Vladimir Karapetyan eks-prezident Levon Ter-Petrosyanın komandasının üzvüdür. Ermənistan mətbuatı isə Xarici İşlər Nazirlyindəki hazırkı aparıcı vəzifəli kadrların əksəriyyətinin Z.Mnatsakanyanın dostlarından və qohumlarından ibarət olduğunu yazır.

Ümumiyyətlə, Ermənistanın “siyasi payız”ının bu il çox “isti” keçəcəyi proqnozlaşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.