Səudiyyə Ərəbistanından İrana rəsmi ittiham –Neft obyektlərinə hücumla bağlı

19-09-2019, 00:00           
Səudiyyə Ərəbistanından İrana rəsmi ittiham –Neft obyektlərinə hücumla bağlı
Səudiyyə Ərəbistanı hökuməti bu günlərdə ölkənin neft sənayesi müəssisələrinə törədilmiş hücumlarla bağlı İranı ittiham edib.

TASS xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki mətbuat konfransı zamanı İranın agentlər vasitəsilə regiondakı təxribatlarda əli olması barədə əllərində sübutlar olduğunu bildirib.

“Bu hücumun Yəməndən törədilmədiyinə dair əlimizdə sübutlar var. İran faktları saxtalaşdırmağa çalışır. “Saudi Aramco”nun obyektlərinə hücumlar şimaldan İranın dəstəyilə həyata keçirilib”, – Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

O, neft müəssisələrinə hücumlarda istifadə olunmuş dronların qalıqlarını və raketlərin parçalarını jurnalistlərə nümayiş etdirib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanındakı iki neft müəssisəsinə dron hücumları nəticəsində yanğınlar baş verib. Bundan sonra dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan bu ölkənin hökuməti 9,8 milyon barellik gündəlik neft hasilatını 5,7 milyon barel azaltdıqlarını açıqlamışdı. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə müharibə apardığı husi qiyamçıları hücumların onlar tərəfindən törədildiyini bəyan etmişdi/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.