Fransanın 1 milyondan çox əhalisi olan əyaləti erməni işğalındakı Hadrutla dostlaşdı...-FOTO

21-09-2019, 09:04           
Fransanın 1 milyondan çox əhalisi olan əyaləti erməni işğalındakı Hadrutla dostlaşdı...-FOTO
Həmsədrlərin tədbirləri, bəyanat və notalar bol olarsa, basılmaz Qarabağ!..


ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın daha bir əyaləti, 30 ilə yaxındır, Azərbaycanın işğalçı və separatçı ermənilərin nəzarəti altında qalan bir bölgəsi ilə “dostlaşıb”.

Moderator.az xəbər verir ki, qondarma separatçı rejimin “xarici işlər” qurumunun erməni nəşrləri vasitəsilə yaydığı məlumatda deyilir:

“Artsaxın “Hadrut rayonu” ilə Fransa Respublikasının Izer departamenti arasında dostluq bəyannaməsi imzalanıb. İmzalanma mərasimi sentyabrın 20-də departamentin mərkəzi olan Qrenobl şəhərində, Izer administrasiyasının konfrans salonunda baş tutub. Sənədi “Hadrut rayonu” administrasiyasının rəhbəri Kamo Petrosyan və İzer departament şurasının sədri Jan-Pyer Barbye imzalayıblar. İmzalanma mərasimində “Artsax Respublikası”nın Fransadakı daimi nümayəndəsi Hovanes Gevorkyan, Ermənistan Respublikasının əyalətdəki vitse-konsulu Qayane Manukyan, departament rəhbərliyinin əməkdaşları, erməni icmasının nümayəndələri və jurnalistlər iştirak ediblər”.

Qeyd edək ki, İzer - Fransanın cənub-şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biridir. İnzibati mərkəzi — Qrenobldur . Əhalisi — 1 milyon 233 min 759 nəfər, sahəsi — 7431 km²-dir. Departamentə 3 rayon, 29 kanton və 532 kommun daxildir

Xatırladaq ki, sovet dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibində olan Hadrut rayonu(mərkəzi Hadrut qəsəbəsi) 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə ləğv edilərək inzibati cəhətdən Xocavənd rayonuna birləşdirilmişdir.

P.S. Həmsədrlərin tədbirləri, bəyanat və notalar bol olarsa, basılmaz Qarabağ!..

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.