Benzin üsyanında ən çox itki verən vilayət: Xuzistan İran üçün niyə bu qədər əhəmiyyətlidir?

19-11-2019, 17:21           
Benzin üsyanında ən çox itki verən vilayət: Xuzistan İran üçün niyə bu qədər əhəmiyyətlidir?
Ötən həftənin cümə axşamı İran hökumətinin yanacaq qiymətlərini 3 dəfə artırmasıyla başlayan xalq etirazları təhlükəsizlik xidmətlərinin sərt repressiv tədbirlərinə rəğmən, davam edir. İstər İran hökumətinin, istərsə də dini liderin dünənki bəyanatları rəsmi Tehranın bundan sonra da xalq etirazlarına səbrlə yanaşmayacağını, əksinə lazım gələrsə, öz xalqına qarşı müharibəyə başlayacağını göstərir.

Ovqat.com xəbər verir ki, İranın Daxili İşlər naziri Əbdürrza Rəhmani Fəzli benzinin 3 dəfə bahalaşmasına etiraz edən xalqı təhdid edərək, artıq təhlükəsizlik qüvvələrinin heç nəyə göz yummayacağını, etiraza çıxan hər kəsi cəzalandıracağını deyib.

Nazir indiyədək polislərin insanlarla "təmkinlə davrandığı"nı iddia edərək deyib ki, etirazçılar bəzi şəhərlərdə xoşagəlməz addımlar atıblar. Bu halların davam edəcəyi təqdirdə, polis və təhlükəsizlik orqanları təmkinə son verəcəklər. Çünki onlar lazımi tədbirləri görməklə bağlı göstəriş alıblar.

İranın dini lideri də dünən açıqlama verərək, hökumətin bütün qərarlarını dəstəklədiyini bildirib. Əli Xamenei dünən çıxış edərək polis və təhlükəsizlik qüvvələrini etirazçı sivil insanlara qarşı "lazım olan tədbirləri görməyə" çağırıb. O, etirazçıları "təxribatçı" adlandıraraq, qərarın icra edilməsinin "zəruri" olduğunu vurğulayıb. Dini liderin bu çıxışından sonra İran parlamentinin “Ümid” fraksiyasının benzinə tətbiq edilmiş qiymət artımının ləğv edilməsi barədə təkliflər paketi Milli Məclisin gündəliyindən çıxarılıb. Xamenei çıxışında etiraz aksiyalarında bir neçə nəfərin öldürüldüyünü və bir çox dövlət idarəsinin dağıldığını təsdiqləyib.

Qeyri- rəsmi məlumatlara əsasən isə, müxtəlif şəhərlərdə polisin açdığı atəş nəticəsində indiyə qədər 40-a yaxın insan həyatını itirib.

Əl-Ərəbiyyə telekanalı da aksiyada ən azı 12 etirazçının öldürülüdüyünü xəbər verib. Telekanalın məlumatına görə, ən çox ölüm hadisəsi Xürrəmşəhrdə qeydə alınıb – 4 nəfər. Tehran, Şiraz, İsfahan, Kərəc, Behbahan, Əhvaz, Sircan şəhərlərinin hər birində isə 1 etirazçı qətlə yetirilib. Öldürülənlərdən birinin polis olduğunu rəsmi dairələr də təsdiqləyib.

Xuzistan vilayətinin şəhərlərindən olan Xürrəmşahda daha çox ölüm faktının qeydə alınması təkcə bu şəhərin aksiyalarda daha fəal iştirakı ilə deyil, həm də İranın milli ayrı-seçkilik siyasəti ilə bağlıdır və ya ən azı elə təəssürat yaradır. Nədən ki, cəmi 126 min əhalisi olan Xürrəmşah əsasən ərəblərin məskunlaşdığı Xuzistan əyalətinə aiddir. Etirazçı ölümlərinin qeydə alındığı Əhvaz və Bəhbahan şəhərlərinin də Xuzistan əyalətinə daxil olduğunu nəzərə alsaq, ortaya qəribə mənzərə çıxır. Belə aydın olur ki, İrandakı etiraz aksiyalarında qeydə alınan ölüm hadisəsinin yarısı (6 nəfəri) eyni əyalətin – Xuzistanın payına düşür.

Sual oluna bilər: İran niyə Xuzistana bu qədər həssas və ikinc dərəcəli viləyət kimi yanaşır?

İraqla həmsərhəd bölgədə və Fars körfəzinin sahillərində yerləşən Xuzistan əhalisinin 55%-nin ərəb, 11%-nin lur olduğunu nəzərə alsaq, bu sualın əsl cavabı aydınlaşır. Belə çıxır ki, molla dəyənəyindən ən “yağlı payını” alan Xuzistanlıların Tehrandakılardan daha fərqli günahı həm də ərəb olmalarıdır. Fikrimizcə, bu fakt öz təsdiqini taparsa, İran rejiminin uzun müddət əsas baş ağrısına çevriləcək, rəsmi Tehranın teokratik yox, fars şovinist dövlət olduğunun başlıca dəlili kimi önünə qoyulacaq və beynəlxalq arenada daha çox qınanmasına yol açacaq.

Xuzistanlıların başqa “günahları” da var. Bunlardan biri İranın ən həssas və strateji bölgələrindən birində yaşamalarıdır. İranın ən böyük karbohidrogen yataqları və dünyanın ən böyük neft ayırma müəssisələri bu əyalətdə yerləşir. Hətta Xuzistan valiliyinin 2015-ci ildə yaydığı məlumata görə, İran iqtisadiyyatının 80%-i bu əyalətin payına düşür. İraqla İran arasında 8 illik müharibəyə səbəb olan Şəttül-ərəb çayı üzərində yerləşən Xürrəmşəhr və Abadan isə İran iqtisadiyyatının şah damarı üzərində yerləşir. Xuzistanda yerləşən 4 ticari limanının 2-i, 25 neft-kimya müəssisəsinin, zəngin neft və qaz yataqlarının mühüm hissəsi bu şəhərlərdə yerləşir.

Onların bir başqa günahı isə yaşadıqları şəhərlərdə əhalinin əksəriyyətini təşkil edən ərəblərin yarıdan çoxunun şiə olmalarına baxmayaraq, Fars körfəzindəki digər dövlətlərə meyllilikləridir. Xüsusilə İraqda İran əleyhinə başlayan etiraz dalğaları onlara da ciddi təsir göstərir. Şəttül-ərəb çayı üzərində Bəsrə ilə yaxın qonşuluqda yerləşən bu şəhərlər özlərini İrandan çox, İraqa aid hesab edirlər. Bu düşüncə isə əsassız deyil.

Əvvəla, ona görə ki, Şəttül-ərəbin cənub hissəsi, xüsusilə Abadan və Xürrəmşəhr kimi neft zəngini olan şəhərlər uzun illər boyu iki dövlət arasında mübahisə predmeti olub və hələ də bu mübahisələrə son qoyulmayıb. I Dünya müharibəsinədək Osmanlıların əlində olan Şəttül-ərəb daha sonra İngiltərənin nəzarətinə keçmiş və o zamandan Səddam Hüseynin Küveyti işğal edənə qədər İraqla İran arasında bölüşdürülə bilməmişdir. 8 illik İran-İraq müharibəsində tamamilə dünya ilə əlaqəsi kəsilən bölgələr bir də Səddam Hüseynin Küveytə hücumundan sonra ABŞ tərəfindən geri püskürdülməsilə tam və qəti olaraq İranın əlinə keçmişdir.

Bu dövrdən sonra yenidən dünya ticarətinə açılan Şəttül-ərəbin ən önəmli xüsusiyyətlərindən biri də ticarət gəmilərinin və neft tankerlərinin dənizdən rahatlıqla quruya keçməsinə şərait yaratmaq imkanı ilə əlaqədardır. Zira 200 km uzunluğunda olan Şəttül-ərəb Dəclə və Fərat çaylarının qovuşması ilə gəmilərin rahatlıqla üzdüyü su hövzəsinə çevrilir, əlavə tranzit xərclərinə ehtiyac duyulmadan İraq və İranın neft yataqlarına qədər uzanır. Təsadüfi deyil ki, Dəclə və Fəratın qovuşaraq Fars körfəzinə töküldüyü bu hövzədə 3 böyük liman yerləşir – Bəsrə, Xürrəmşəhr və Abadan limanları. Əsasən neft nəqliyyatı üçün nəzərdə tutulan bu limanlar dünya sənayesı baxımından böyük əhəmiyyət daşıyır.

Beynəlxalq enerji nəqliyyatı xətti baxımından Xürrəmşəhr və Abadan şəhərləri, ümumiyyətlə Xuzistan vilayəti İranı Şərqi və Cənubi Asiya, həmçinin Avropaya bağlayan qovşaq üzərində yerləşir. Bundan əlavə, bu ərazidə yerləşən İmam Xomeyni limanı, neft-kimya zavodları və Abadan neft emalı zavodu bölgəni İranın ən böyük neft və təbii qaz sənayesi mərkəzinə çevirir. Vilayətdəki Ramin, Zərgan, Abadan, Xürrəmşəhr, Fəcr istilik və təbii qaz elektrik stansiyaları regional, milli və transmilli əhəmiyyətə malikdir. Bölgədə həmçinin İran Polad Sənayesi holdinqi, Xuzistan Polad Şirkəti, Neverd Kaviyan Şirkəti fəaliyyət göstərir ki, bu müəssisələr ölkənin ağır sənayesinin can damarlarıdır.


Xusistan vilayəti kənd təsərrüfatı sahəsində də İran üçün böyük önəmə sahibdir. Bölgədə yetişən şəkər qamışı İranın qənd istehsalının əsas xammalını təşkil edir. Dünya xurma ehtiyacının 80%-ə qədəri də bu vilayətdə yetişir. Şəttül-ərəb iki böyük çayın birləşməsindən əmələ gəldiyindən ciddi şirin su ehtiyatı deməkdir. Ümumiyyətlə, İranın kənd təsərrüfatına və içməyə yararlı su ehtiyatının 40%-i bu bölgədə yerləşir. Əsasən quraq ərazilərdən ibarət olan İranın son zamanlar ölkənin digər bölgələrinə Şəttül-ərəbdən su kanalları çəkməsi də Xuzistan sakinlərinin dərin narahatlığına yol açır. Xuzistanlılar özlərinin İran tərəfindən istismar olunmasını düşündüklərindən bu ölkədən ayrılaraq müstəqilliyini elan etmək istəyirlər. Yuxarıda qeyd etdiyimiz kimi, Xuzistan valisinin bir neçə il əvvəl dilə gətirdiyi “biz İran iqtisadiyyatının 80%-ni təşkil edirik” düşüncəsi də məhz bu istəyin ifadəsidir.


İran isə nəyin bahasına olursa-olsun, Xuzistanı əldən buraxmaq istəmir. Təkcə ona görə yox ki, bu bölgə ölkə iqtisadiyyatının mühüm hissəsi deməkdir. Həm də ona görə ki, Xuzistan İran üçün əvəzsiz geopolitik önəmə sahibdir.

İranın neft ixracının mərkəzi sayılan əl-Əhvaz bölgəsinin demək olar ki, 90% -ni təşkil edən Xuzitsan vilayəti Fars körfəzinin sahillərində və İranın cənub-qərbində 64,057 kvadrat kilometrlik ərazidən ibarətdir. Hardasa Azərbaycan böyüklüyündə olan bu əyalətdəki İmam Xomeyni, Mahşehir, Xürrəmşəhr və Həndican limanları İranı açıq sularla birləşdirir. Bu limanlar Xürrəmşəhr-Tehran dəmir yolu xətti ilə paytaxta bağlanır. Beləliklə, İranın paytaxtı və digər sənaye bölgələri Xürrəmşəhrlə dünyaya açılır. Xuzistan vilayətinin İraqla 1200 km ortaq sərhədi var və iki dövlət arasında əsas qapılar bu ərazidə yerləşir. İran məhz bu qapılar vasitəsilə həm də Yaxın Şərqə “Şiə hilalı” strategiyasına uyğun olaraq islam inqilabi düşüncəsini ixrac edir, beləcə regional dövlətdən böyük dövlətə çevrilməyə can atır.


Bu mənada İranın bir dövlət kimi dünya hegemoniyasında özünəməxsus yer tutmasının açarı Xuzistandır. Xuzistanı əldən çıxarmaq İranın nəinki daha zəiflədər, hətta bir dövlət kimi yoxoluşa sürükləyə bilər.

Xuzistanın bu qədər mühüm geopolitik və iqtisadi önəmə sahib olması rəsmi Tehranın bölgəyə daha “həssas” və qəddar yanaşmasını şərtləndirir.

Heydər Oğuz

Ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.