PKK-ya yardım artırılır, yunan Kiprinə sanksiya ləğv edilir – Türkiyəyə şok

13-12-2019, 10:03           
PKK-ya yardım artırılır, yunan Kiprinə sanksiya ləğv edilir – Türkiyəyə şok
Konqresin Nümayəndələr Palatasında 2020-ci il üçün ABŞ-ın hərbi müdafiə büdcəsi ilə bağlı qanun layihəsi qəbul edilib.

Teleqraf.com xəbər verir ki, layihədə İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə İraqa 645 milyon dollar nəzərdə tutulduğu halda, Suriya üçün ayrılan vəsaitin həcmi açıqlanmayıb.

Layihənin Türkiyə ilə bağlı hissəsində Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almağa davam etməsi səbəbindən Ankaraya “F-35” qırıcılarının təslim edilməməsi təklif olunub. Habelə sanksiyaların tətbiq edilməsinin vacibliyi vurğulanıb.

Layihə Türkiyənin “F-35” proqramından çıxarılmasını təklif edir.

Sənəddə Türkiyəni maraqlandıran digər məsələ isə Cənubi Kiprlə bağlıdır. Konqresin Nümayəndələr Palatası Cənubi Kiprə silah embarqosunun ləğv edilməsini tələb edib.

Büdcə layihəsində diqqət çəkən digər bir detal isə Suriyadakı bəzi silahlı qruplara hərbi yardımların ayrılması ilə bağlıdır. Lakin həmin qruplara hancı həcmdə yardımın ayrılacağı bildirilməsə də, ABŞ-ın hər il YPG/PKK başda olmaqla digər kürd silahlı terror təşkilatlarına büdcədən 500 milyon dolların ayırdığı bəllidir. Bu dəfə isə ABŞ hökumətinin bu yardımı artıracağı ehtimal edilir.

Sözügedən layihə Senatda təsdiq edildikdən sonra ABŞ Prezidenti Donald Trampın sərəncamına veriləcək. Prezident layihəni təsdiqləməkdən imtina da edə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.