Müəmmalı qətl: Kadırovu tənqid edən bloqerlər ölümlə hədələnir

8-07-2020, 14:25           
Müəmmalı qətl: Kadırovu tənqid edən bloqerlər ölümlə hədələnir
Vyanada qətlə yetirilən çeçen bloqer Mamıxan Umarov mütəmadi olaraq təhdidlər alıb. Azvision.az xəbər verir ki, bu barədə Ramzan Kadırovu tənqid edən çeçen bloqerlər Umarovun qətli barədə danışarkən deyiblər.

Bəziləri onun təhqirlərdən istifadə etməsinə haqq qazandırmadığını, amma mərhumun kifayət qədər populyar insan olduğunu vurğulayıblar.

Finlandiyada yaşayan çeçen bloqer Musa Lomayev deyib ki, o, özünə konstruktiv yanaşma seçib, təhqirlərdən, qeyri-etik ifadələrdən istifadə etmir.

“Lakin "Vyanada Anzor" Çeçenistan xalqının sözünü deyirdi. Alçaldılan çeçen xalqı əmin olurdu ki, hakimiyyət lüks şəkildə yaşayır, xalq isə heç kimdir. Buna görə çeçenlərə belə bir insan lazım idi".

Lomaeyevin sözlərinə görə, özü də dəfələrlə təhdidlər alıb: "Bu yaxınlarda ailəli olan və Çeçenistanda yaşayan bacımın evinə gəliblər, onu qorxutmağa başlayıblar. Anzordan sonra növbəti mən olacağımla bağlı təhdid var. Bunu mənə Avropada yaşayan Aslan Masxadovun oğlu deyib".

O, təhdidlər barədə Finlandiya polisinə şikayət etdiyini söyləyib: "Polis etibarlı ölkədə yaşadığımdan heç nə olmayacağına dair məni əmin edib".

Bloqerin sözlərinə görə, sui-qəsd cəhdinin qarşısını almaq üçün mütəmadi olaraq maşın və evini yoxlayır.

Fransada yaşayan çeçenistanlı mühacir jurnalist Musa Taipov Umarovun qətlinin motivinin onun bloqlarındakı təhqirlə bağlı olduğunu düşünür.

Umarovu şəxsən tanıdığını deyən jurnalist onun bahalı geyindiyini, BMW X5 markalı avtomobil sürdüyünü bildirib. O əlavə edib ki, bloqlarında söylədikləri qəbuledilməz idi - qadınları və uşaqları təhqir edirdi. Belə təhqirlərə görə qan intiqamı elan olunur.

Jurnalist bildirib ki, əslində heç kimin təhlükəsizliyinə təminat yoxdur.

"Strasburqda yaşadığım zaman təhdidlər aldım. Polislə əlaqə saxladım, onlar buna əhəmiyyət vermədilər. Təhdidləri, əlbəttə ki, fəaliyyətimlə əlaqələndirirəm - ichkeria.info saytını işlədirəm. Zorakılığa, şəriətə və s. çağırışlar yoxdur. Buna baxmayaraq, Rusiyada qadağan olunmuş saytlar siyahısına salınıb”.

Məlumata görə, Umarovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb, onlar çeçen əsillidirlər, 15 ildən çoxdur ki, Avropada qaçqın statusu alıblar. Hər ikisi 14 gün müddətinə həbs edilib. Müstəntiqlər qətlin siyasi səbəbdən baş vermə versiyasını araşdırırlar.

"YouTube" istifadəçiləri Avropa İttifaqının hakimiyyət orqanlarının siyasi mühacirlərin öldürülməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməli olduqlarını bəyan ediblər.

Xatırladaq ki, "Vyanada Anzor" kimi tanınan Çeçenistan əsilli Mamixan Umarov iyulun 4-də Vyanada öldürülüb. "YouTube" videolarında Ramzan Kadırovu tənqid edib, hətta Çeçenistan rəhbərini və valideynlərini dəfələrlə təhqir edib. O, 2005-ci ildən Avstriyada yaşayıb və 2007-ci ildə qaçqın statusu alıb.

Vyanada qeydiyyata alınan "İçkeria" mədəniyyət birliyi iyulun 7-də Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Əllərində "Avropada daha neçə çeçen öldürüləcək?" şüarlarını tutan onlarla iştirakçı etiraz bəyanatları səsləndirib.

Qurumun rəhbəri Hüseyn İsxanov yerli televiziyaya bildirmişdi ki, 1993-cü ildən indiyədək Avropada 19 çeçen öldürülüb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.