İranın Azərbaycanla bağlı yeni qaz planı

11-02-2016, 22:10           
İranın Azərbaycanla bağlı yeni qaz planı
İran Azərbaycandan keçməklə Gürüstana və Avropaya təbii qaz ixrac etmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə İranın Gürcüstandakı səfiri Abbas Taleb Tiflisdə dərc olunan “Rezonansı” qəzetinə müsahibəsində bildirib.

Abbas Talebin sözlərinə görə, hazırda Gürcüstana qaz tranzitinin texniki detalları üzərində iş gedir. Layihə Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Tehrana səfəri zamanı geniş müzakirə ediləcək.

Gürcü mətbuatı səfirin bu sözlərindən sonra Azərbaycan prezidenti İlham Əliyevin də fevralın sonunda İrana səfər edəcəyini yada salıb. «İstisna edilmir ki, Tehranda danışıqların əsas mövzularından biri İran qazının Azərbaycandan keçməklə Gürcüstana nəqli olacaq»,- deyə "Business Qruziya" portalı ehtimal edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə müsahibəsində İranla Azərbaycan arasındakı mövcud infrastrukturun buna imkan vermədiyini vurğulayıb:

"Yəqin ki, söhbət hansısa perspektiv layihədən gedir. İndiki infrastrukturlar buna imkan vermir. İran gələcəkdə Bakı - Tiflis - Ərzurum qaz kəmərinin genişlənmiş variantına qoşula bilər.Bunun üçün Hacıqabuldan İran sərhədinə qədər illik nəql gücü 5-10 milyard kubmetr olan qaz kəməri çəkilməlidir.İndi belə bir kəmər var, amma onun illik nəql gücü 1 milyard kubmetrdir. Həmin kəmərlə biz Naxçıvana ildə 500 milyon kubmetr qaz veririk. Yeni kəmərin Azərbaycan hissəsinin çəkilməsi üçün ən azı 1 milyard dollar vəsait lazımdır. İran tərəfi isə öz ərazisində daha uzun kəmər çəkməlidir".

İlham Şabanın fikrincə, bu istiqamətdə danışıqlar əslində İranın region ölkələri əlaqələri gücləndirmək çərçivəsində aparılır:

“Əslində, ortalıqda real bir şey olmasa da, iki ölkə arasında uzun sürən danışıqlar İran üçün Gürcüstana təsir imkanları yaradacaq. Ümumiyyətlə, qərbin İrana sanksiyaları ortadan qalxdıqdan sonra Tehran belə addımlar atmaqla region ölkələrinə inteqrasiyanı gücləndirdiyini nümayiş etdirmək istəyir”.

İran mətbuatının yazdığından belə görünür ki, Tehranın Ermənistanla bağlı da müəyyən planları var. Məsələn, Şərqi Azərbaycan ostanının general-qubernatoru İsmayıl Cabbarzadə dünən Ermənistanın İrandakı səfiri Artaş Tumanyan ilə göüşüb. İsmayıl Cabbarzadənin sözlərinə görə, prezident Ruhani xarici dünya ilə əlaqələri böyük əhəmiyyət verir. 2015-ci ilin ortalarında Qərblə İran arasında gedən danışıqlarda ilk razılıq əldə edildikdən sonra Tehranda hansı bayram ab-havası yaşandığını xatırladıqda anlamaq olur ki, bu cür addımlar daha çox daxili bazar üçün nəzərdə tutulur.

Amma istənilən halda, Azərbaycan İranın bu cür təkliflərini dəyərləndirməlidir. Hər halda, gələcəkdə Azərbaycanın neft gəlirləri azalacaq. Onda ölkədə iqtisadiyyatın müxtəlif sahələrindən, o cümlədən enerjidaşıyıcılarının tranzitindən gələn pullara böyük ehtiyac yarancaq. Yəni rəsmi Bakı ölkəyə kənarda gələn hər qəpiyin qədrini bilməli olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.