“Şiə hilalı”nın qolları kəsilir

4-05-2015, 02:35           
“Şiə hilalı”nın qolları kəsilir
“Ədən hava limanı husilərdən geri alınıb”. Bunu devrilmiş Yəmən prezidentinin - Ədbürrəbi Mənsur əl-Hadinin sözcüsü Əli əl-Əhmədi bildirib. Sözcü açıq şəkildə bu zəfəri Səudiyyə Ərəbistanının yardımıyla əldə etdiklərini deyib. Rəsmi Riyad bu barədə açıqlama verməyə tələsməsə də, əl-Ərəbiyyə telekanalı ordu mənsublarının diliylə müqavimət gücünə dəstək verdikləri xəbərini təkzib edib.

Husilərin dəstəkləyicisi olan İran isə hələ də heç nə edə bilmir. Bir müddət əvvəl öz hərbi gəmilərini Yəmən Körfəzinə göndərən Tehran ABŞ əngəliylə qarşılaşmış və sürətini azaltmışdı. Təxminlərə görə, həmin gəmilər husilərə silah daşıyırdı. İranın hümanitar yardım təyyarələrinin də Yəmənə uçuşuna icazə verilmir. Bir müddət öncə, bir İran təyyarəsi ölkənin paytaxtı Sanaya enmək istərkən, hava limanı Səudiyyə atəşinə məruz qalaraq dağıdılmış və təyyarə geri qayıtmışdı. Daha sonra bir başqa təyyarəyə də Səudiyyə tərəfi öz sərhədləri üzərindən uçmağa icazə verməmişdi.

Qısası, İranın həm havadan, həm də dənizdən Yəmənə girişinin önü kəsilib. Bu da təsadüfi deyil. Husilərin Yəmənə sahib olmaq davası İranın Yaxın Şərqdə yayılmacılıq siyasəti olan “Şiə hilalı” strategiyasının tərkib hissəsi kimi başa düşülür, bütün ərəb dövlətləri tərəfindən narahatlıqla qarşılanır. Hətta bu cür məsələlərdə təmkinini və susqunluğunu qoruyan Türkiyə belə, yaşananlara sərt reaksiya vermiş, Tehranı “özünü yığışdırmağa” çağırmışdı.

İranın Yaxın Şərqdəki tərəfdaşlarına qarşı həyata keçirilən hücumlar təkcə Yəmənlə də məhdudlaşmır. “Şiə hilalı”nın şimal qolunda da vəziyyət xeyli gərgindir. Bəşər Əsəd rejiminə qarşı müxalifətdə olan Azad Suriya Ordusu bir neçə rayonu ələ keçirərək diktatorun məmləkəti Lazkiyyə şəhərinin önündə dayanıb. İndi bu liman şəhəri uğrunda gərgin döyüşlər gedir.

Qeyd edək ki, Lazkiyyə hərbi-strateji baxımdan olduqca önəmli bir şəhərdir. Ağ dənizə açılan bu şəhər əldən gedərsə, Bəşər Əsəd rejiminin də “nəfəsi kəsilər”. Digər tərəfdən isə “Şiə hilal”ın dünyayla bağlantısı qopar. Gələcəkdə İran, İraq və Suriyanın neft və qazının Qərbə axışı potensial olaraq aradan qalxar.

Bu qədər kritik bir vəziyyətdə İranın boş duracağını gözləmək olmaz. Zira, görünən budur ki, onun Yaxın Şərqi ağuşuna alan qolları kəsilir. Maraqlıdır ki, bu qol kəsimində yalnız Səudiyyə Ərəbistanı deyil, həm də qardaş Türkiyə önəmli rol alıb. Suriyadakı müxalif gücləri dəstəkləyən əsas regional qüvvələrdən biri də rəsmi Ankaradır. “Şiə hilalı”nın ən çox Türkiyənin strateji maraqlarına zərbə vurduğunu düşünsək, onun bu məsələdə həssasiyyətini anlaya bilərik.

Əslində Türkiyə və Ərəbistanın birgə əməliyyat planlaşdırdıqları xəbəri bir müddət əvvəl dünya mediasında da yayılmışdı. Amerikanın nüfuzlu “Huffington Post” xəbər portalı bu barədə məlumat vermiş, Türkiyənin qurudan, Səudiyyə Ərəbistanının havadan Suriyaya hücum edəcəyini bildirmişdi. Proseslərin doğrudan da o istiqamətə getdiyi və həqiqətən, rəsmi Riyadın havaya, Türkiyənin isə quru hücumuna üstünlük verdiyi sezilir. Mümkündür ki, qardaş ölkə bu proseslərdə öz əsgəri gücüylə yox, yetişdirib silahlandırdığı yerli qüvvələrlə rolunu oynasın.

Bu ehtimallar doğrudursa, İran Suriyada iki atəş arasında qala bilər. Təbii ki, əgər onun son anda gizli müttəfiqi kəsilən ABŞ icazə versə...

Heydər Oğuz

Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.