Rusiyalı jurnalistlər rus hərbçilərin Suriyadakı böyük itkilərindən YAZDILAR

30-03-2016, 15:54           
Rusiyalı jurnalistlər rus hərbçilərin Suriyadakı böyük itkilərindən YAZDILAR
Kreml rəsmi səviyyədə yalınz 6 rus hərbçisinin Suriyadakı hərbi əməliyyatlarda həlak olduğunu təsdiqləyib.

Modern.az Rusiyanın “Fontanka.ru” saytına istinadən xəbər verir ki, əslində Suriyada onlarla rus əsgəri həlak olub. Onlar “Vaqner” özəl hərbi şirkətinin muzdlu döyüşçüləri kimi müqavilə əsasında Suriyada döyüşüblər.

Məlumata görə hər şey 2013-cü ildə Ukraynanın Krım və Luqansk vilayətləri uğrunda döyüşmək üçün ehtiyatda olan polkovnik Dmitri Utkinin yaratdığı “Slavyan korpusu” döyüş birliyinin yaradılması ilə başlanıb.

2013-cü ilə qədər Pskov vilayətinin Peçora şəhərində Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin 700-cü əlahiddə xüsusi təyinatlı dəstəsinin komandiri kimi çalışan Utkin, istefaya çıxdıqdan sonra hərbi xidmət vaxtı aldığı “Vaqner” ləqəbinin şərəfinə yaratdığı özəl hərbi şirkətə bu adı vermişdi.

“Fontanka” Utkinin yaratdığı özəl batalyonun Rusiyada heç bir hüquqi statusa malik olmadığını yazsa da, onun döyüşçülərinin Rusiya və Suriyanın dövlət mükafatları ilə təltif olunduğunu müəyyən edib.

Jurnalistlər bataylonun Suriyada böyük itkilər verdiyini, lakin bunun gizlədildiyini yazır.

Jurnalistlərin məlumatına görə, “Vaqner” batalyonu əsas itkilərini yanvar və fevral aylarında Palmira istiqamətindəki döyüşlərdə verib.
Suriyaya daxil olan hərbi bölüklərdən bir oranı tərk edərkən şəxsi heyətin 93 döyüşçüsündən geri dönənlərin sayı heç 60 nəfərə çatmayıb.

Özəl şirkətin verdiyi itkilərin sayını müəyyən etməkdə yaranan çətinliklərdən biri isə döyüşçülərin bir-birinin adını və soyadını belə, bilməməsi ilə bağlıdır.

“Vaqner” batalyonuna yazılımaq istəyənlərin sayı isə boş vakansiyalardan qat-qat çoxdur. Belə ki, özəl şirkət ayda 3500 dollar maaş təklif edir.

“Fontanka” saytı Suriyada “Vaqner” batalyonunun 3 kəşfiyyat bölüyündən, hava hücumundan müdafiə bölüyündən, mühafizə bölüyündən və tibbi yardım bölüyündən ibarət olduğunu yazıb.

Adı açıqlanmayan döyüşçülərdən biri “Vaqner” balayonunu özəl hərbi şirkətlərə xas olmayacaq dərəcədə çox itki verməsini belə əsaslandırıb.

“Biz İkinci Dünya Müharibəsi taktikası ilə döyüşürük. Biz nə edirik? Birinci dalğa ilə gedirik. Aviasiya ilə artilleriyanı düşmənin üzərinə yönəldirik. Ardınca Suriya xüsusi təyinatlıları, ardınca isə Rusiya telekanallarının əməkdaşları daxil olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.