Putinin anası ilə bağlı şok iddia - FOTO

9-05-2015, 12:55           
Putinin anası ilə bağlı şok iddia - FOTO
Almaniyanın «Dei Zeit» qəzeti Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı məlumat dərc edib. Qəzetin yazdığına görə, Putin öz doğma valideynlərinin yanında böyüməyib. Onun həqiqi anası Vera Putina bu günə qədər Gürcüstanın Metex kəndində yaşayır. Bütün bunların əsas şahidi isə hazırda Avropada yaşayan Rustam Daudov adlı çeçendir. Daudovdakı videoyazıda Vera Putina Vladimir Putinin həqiqi anası olduğunu deyir. Daudovun sözlərinə görə, bu videoyazını hələ 2000-ci ildə üzə çıxarmaq - Artyom Borovik adlı jurnalistə vermək istəyib. Lakin Borovik həmin ilin mart ayında çeçen iş adamı Ziya Bajayevlə birgə təyyarə qəzasında dünyasını dəyişib. Bu səbəbdən də görüş baş tutmayıb. Borovikin atası avtoqəza ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətini günahlandırır. O hesab edir ki, oğlunu həmin vaxt apardığı araşdırmaya görə aradan götürüblər. Bundan sonra Daudov ümid edib ki, mövzunu Türkiyənin nəhəng media qurumu olan «İlhas Holdinq» işıqlandıracaq. Bununla da Rusiya mediası mövzuya maraq göstərəcək.

Daudovun sözlərinə görə, videoyazı Türkiyənin media qurumlarının birində nümayiş etdirilib. Lakin Rusiya səfirliyi işə qarışandan sonra videoyazı yığışdırılıb. Daha sonra İtaliyanın hərbi jurnalisti Antonio Russo Daudovla əlaqə yaradıb. Russo Gürcüstana gəlib Vera Putinanın videoyazısına baxmağa hazır olduğunu bildirib. Daudovla görüşüb videoyazının surətini özü ilə aparan italyan jurnalist görüşdən bir gün sonra (2000-ci ilin oktyabrında) Tiflisin 35 kilometrliyində ölü tapılıb. Naməlum şəxslər onu oğurlayaraq yük maşını ilə üzərindən keçiblər.

Jurnalistin oteldəki otağından isə kompüteri, mobil telefonu və məlum videoyazı yoxa çıxıb. Qətl hadisəsi bu günə qədər araşdırılmayıb. Maraqlıdır ki, Russonun işini araşdıran iki gürcü polisi də qəfildən dünyasını dəyişib.

«Dei Zeit» qəzeti Rusiya Prezident Administrasiyasına müraciət edərək videoyazıya münasibət bildirməyi xahiş edib. Administrasiya əməkdaşının müraciətə ilk reaksiyası belə olub: «Bu heç də sıradan mövzu deyil. Belə bir məlumatı ancaq prezidentin şəxsi mətbuat katibi Dmitri Peskov verə bilər». Peskov isə bu sualları cavabsız qoyub.

Qəzet yazır ki, əməkdaşları bu ilin fevralında Metex kəndinə gedərək 88 yaşlı Vera Putinayla görüşməyə çalışıblar. Lakin qohumları deyiblər ki, xüsusi-xidmət orqanları qadına jurnalistlərlə danışmaq qadağası qoyub. Onu da bildiriblər ki, bir neçə il əvvəl Rusiya xüsusi-xidmət orqanlarının əməkdaşları polis və tibb bacısı adı altında kəndə gələrək Vera Putinadan qan analizi götürüblər. Həmin vaxt Vera Putinada olan bütün şəkillər də yoxa çıxıb. Şəkillərdə Putinin həqiqətən bu qadının oğlu olduğu sübut olunurdu. Putinlə bağlı məhv edilməmiş bir şəkil qalıb ki, o da Rustam Daudovdadır.

Putinin həqiqi anası ilə bağlı məsələ ilk dəfə 2000-ci ildə gündəmə gəlib. 2008-ci ildə Britantiya mətbuatı bu barədə məqalə dərc edib. Vera Putina bildirir ki, oğlunu 99-cu ildə televizorda görərkən tanıyıb. Dediyinə görə, Putin 2 yaşından 10 yaşınadək Metexdə yaşayıb. Sonra isə Rusiyanın Perm şəhərində yaşayan nənə-babasının yanına göndərilib. Vera Putinanın bu sözləri yerli orta məktəbin 1959-1960-cı illərdəki arxivi ilə üst-üstə düşür. Həmin illərdə orada milliyyətcə gürcü olan Valodya Putin adlı şagird təhsil alıbmış.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.