Azərbaycanlı oliqarxın bu malikanəsini sökəcəklər

12-05-2015, 11:49           
Azərbaycanlı oliqarxın bu malikanəsini sökəcəklər
Moskvadakı məşhur Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin (sovet dövrünün məşhur VDNX-sı) administrasiyası Azərbaycandan olan milyarderin nəhəng malikanəsinin sökülməsini tələb edir.

VDNX administrasiyasının tələbinə əsasən əslən Qubanın Qırmızı qəsəbəsindən olan, daim mətbuatdan uzaq qaçan sirli yəhudi oliqarx Yakov Yakubovdan sərgi kompleksinin ərazisini boşaltmalı və qanunsuz tikilmiş malikanəni sökməlidir.

Malikanənin sökülməsi barədə iddianın hələ ötən ilin sonunda qaldırıldığı məlum olub. İddiaya Moskav Arbitraj məhkəməsi baxır. İddiaçı malikanənin tikintisinin qanunsuz hesab edilməsini və onun sökülməsi barədə qərar çıxarılmasını tələb edir.

Əsl adı Yakum Məlik Sadıx oğlu olan Yakov Yakubov 1948-ci ildə Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbədə anadan olub. Moskvanın Tverskoy və Yeni Arbat səmtlərində “qızıl dəyərində” minlərlə kvadratmetrlik daşınmaz əmlakın sahibidir. Nadir hallarda jurnalistlərlə qarşılaşır və israrla kölgədə qalmağa çalışır. Deyilənə görə, vaxtının çox hissəsini ABŞ-da keçirir.Ekspertlər deyirlər ki, Yakubov çoxsaylı şirkətlərini və onların adından bağlanan müqavilələri adətən öz müavinlərinin və mühasiblərinin adına rəsmiləşdirir.Y.Yakubov Qırmızı Qəsəbədən olan digər yəhudi milyarderlər Zarah İliyev və Qod Nisanovla bir çevrədədir.

Nəhəng malikanə 10 ildidən çoxdur VDNX-nin “Dovşançılıq” pavilyonu ilə yanaşı, sərgi kompleksinin ərazisində tikilib. Yakubov orada arabir səs-küylü ziyafətlər təşkil edir. Milyarder malikanənin tikildiyi ərazini öz adına qeydiyyatdan keçirməyə cəhd edib. Söhbət ona məxsus “Meldero Commercial Limited” offşor şirkəti tərəfindən subicarəyə götürülmüş 3450 kvadratmetr ərazidən gedir. Ərazini “Meldero Commercial Limited” şirkəti 2004-cü ildə, VDNX-yə Dağıstanın indiki rəhbəri Ramazan Abdulatipovun kürəkəni olan Maqomed Musayevin rəhbərlik etdiyi dövrdə icarəyə götürüb. Musayev Moskvanın o dövrkü meri Yuri Lujkovun dostu olub.

VDNX-nin baş direktoru Vladimir Poqrebenko əvvəlcə deyib ki, mülkün sökülməsindən söhbət getməyəcək. Administrasiya mülkün mülkiyyətçisi ilə onun necə istifadə olunacağını müəyyən etmək istəyir. Lakin bu il aprelin 15-də VDNX administrasiyası Moskvanın şəhər əmlakı departamentinə və Yakubovun offşor şirkəti olan “Handlia Limited”ə sərgi kompleksinin ərazisində tikilmiş mülkün sökülməsi barədə tələb göndərib. Hazırda xaricdə yaşayan Yakubovun və onun hüquq firmasının nümayəndələrinin məsələyə dair şərhini almaq mümkün olmayıb.
Yakubovun VDNX ilə bağlılığı təkcə bu mülk deyil. Onun çevrəsində olan digər oliqarxlar-prezident Vladmir Putinin tələbəlik dostu olan İlham Rəhimovun biznes ortaqları, Moskvanın daşınmaz əmlak kralları olan Qod Nisanov və Zarah Əliyev Moskva meriyası ilə əldə edilmiş razılaşmaya əsasən VDNX ərazisində restavrasiya aparıb 685 min kvadratmetr sahəsində kommersiya təyinatlı daşınmaz əmlak inşa etməli idi. Bu konsepsiya 1.5 milyard dollara başa gələcəkdi. Milyarderlərin konsepsiyasına əsasən VDNX-nin ərazisində okeanarium, qapalı əyləncə parkı, konqres-mərkəz, otellər, ticarət-əyləncə mərkəzi inşa edilməli idi. Lakin üç il ərzində investorlar ərazidə ancaq okeanarium tikə biliblər. Bundan ötrü kompleksin bir hissəsi sökülüb. Ancaq okeanariumun hündürlüyü 29 metrdir və sərgi kompleksində yol verilən hündürlük limitini pozur. Okeanariumun nə vax açılacağı məlum deyil. Onun əvəzində investorlar sərgi kompleksinin bir neçə pavilyonunu restavrasiya etməli idi. Ancaq bunun əvəzində iki fontanı təmir edib və bir yeni fontan salıblar, vəssalam. Nəticədə VDNX-nin tam restavrasiyası üçün Moskva büdcəsindən 3 milyard rubl ayırıblar.

Bu ilin fevral ayında isə VDNX-də tikilmiş okeanariumun mülkiyyətçiləri dəyişib. Obyektin yeni mülkiyyətçilərinin əslində Nisanovla İliyevin adamları olduğu təxmin edilir. Oliqarxlar mülkiyyətçinin niyə dəyişdiyini deməyiblər. Ehtimal edilir ki, bunun səbəbi tikintinin qanunsuz olması barədə iddialar ortaya çıxarsa məsuliyyəti üzərindən atmaq planlarıdır. Hərçənd ki, hakimiyyət bu ssenarini yaxına buraxmır.

Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.