İranın bu sazişi münasibətlərdə gərginlik yaradacaq - Ekspert

28-07-2016, 18:56           

"Bu Azərbaycan-Gürcüstan- İran münasibətlərində gərginlik yaradacaq. Gələcəkdə İran Azərbaycandan daha sərfəli qiymətlər təklif edərək Gürcüstan bazarına hakim olmağa çalışacaq".

Bu sözləri "Qaynarinfo.Az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İranın Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz ixracına dair saziş imzalamasına münasibət bildirərkən deyib.



Natiq Cəfərli qeyd edib ki, İran bölgənin ən güclü enerji resursu olan dövlətidir: "Təbii ki, ətraf ölkələrin bazarlarına müdaxilə etməyə və çıxmağa çalışır. İran 15 ilə yaxındır ki, Ermənistana qaz satır. Bunu Azərbaycan tərəfi də bilir. Ermənistan qazın və elektrik enerjisinin bir hissəsini İrandan alır. Zaman- zaman bu Azərbaycan İran münasibətlərinə mənfi təsir göstərsə də, amma köklü qopmalara gətirib çıxarmayıb. Çünki Azərbaycan tərəfi anlayır ki, iki ölkə arasında olan münasibətlərə hansısa bir formada təzyiq etməsi mümkünsüzdür. Çünki bu enerji layihələridi və İran bu enerjini Ermənistana pula satır. Bu gərginliklər hər zaman olur".



Ekspertin sözlərinə görə, Gürcüstan öz bazarını diversifikasiya etmək istəyir: "Gürcüstan müxtəlif mənbələrdən qaz almaqla, bir mənbədən asılı qalmaq istəmir. Çünki Gürcüstanın özü də bu yaxınlarda bəyənat verdi ki, Azərbaycandal alınan qazdan əlavə olaraq, 1 miyard kub mavi yanacağa ehtiyacı var. Çünki qazla işləyən yeni elektrik stansiyası tikilib. Ona görə də Gürcüstan tərəfinə əlavə qaz mənbəsi lazımdır. Çox güman ki, İranla anlaşma da həm çox şaxəli modelə keçmək, həm də Azərbaycanın Gürcüstanın qaz ehtiyatlarını tam ödəməyəcəyi halda İran qazından istifadə etməyi düşünür. Bu Azərbaycan-Gürcüstan- İran münasibətlərində gərginlik yaradacaq. Amma hər hansı bir qopma nöqtəsinə gəlib çatacağını düşünmürəm".

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın gələcəkdə regionda tək enerji mənbəyi olması rolu zəifləyir: "İranın dünyaya açılması buna çox ciddi təsir göstərdi. İran enerji resurslarına, nüfuzuna, təsir vasitələrinə görə, Azərbaycandan çox üstündür. İran dünyanın ən böyük qaz rezervlərinə və dünyanın ən çox 4-cü neft ehtiyatlarına sahib ölkəsidir. Bu anlamda Azərbaycanın enerji mənbəyinə görə, əvvəlki illərdə olduğu əhəmiyyəti getdikcə azalır. İran Ermənistan üzərindən qazı Gürcüstandan əlavə Avropaya verəcəksə, sonunda Azərbaycanla da razılaşmalıdır. Bundan başqa İranın Türkiyə ilə birbaşa əlaqəsi və ordan keçən 20 milyard kubmetrlik boru kəməri var. Gələcəkdə bu boru kəmərinin TANAP-a qoşulması müzakirə obyekti olacaq və artıq müzakirə olunur. Bu yolla İran qazının Avropaya çatdırılması mümkündür. İran Gürcüstana bir potensial bazar kimi baxır. Gələcəkdə İran Azərbaycandan daha sərfəli qiymətlər təklif edərək Gürcüstan bazarına hakim olmağa çalışacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.