Bu gün Sarkisyanın və Qarabağın taleyi həll olunur

10-08-2016, 15:21           
Bu gün Sarkisyanın və Qarabağın taleyi həll olunur
Bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək.

Maraqlıdır ki, Kremlin rəsmi saytında avqustun 10-da Rusiya və Ermənistan prezidentlərinin Moskvada ikitərəfli münasibətləri, habelə bir sıra aktual regional və beynəlxalq problemləri müzakirə edəcəyi bildirilsə də, tərəflər arasında hər hansı sənədin imzalanacağı barədə məlumat yoxdur.

Onda sual olunur: Sarkisyan Mosvaya niyə gedib, daha doğrusu, Putin Sarkisyanı qənşərinə niyə çağırıb?

Qeyd edək ki, 2 gün əvvəl Azərbaycan, Rusiya və İran prezidentlərinin "trio sammiti"ndə iştirak etmək üçün Bakıda olarkən Putinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək söhbəti də olub.

Hər halda KİV-lərdə Putinin Azərbaycan prezidentinin iqamətgahında qonaq olaraq çay süfrəsi ətrafında səmimi söhbət etdikləri barədə materiallar yer aldı. İstisna deyil ki, prezidentlər bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsini də müzakirə ediblər.

Üstündən bir gün sonra Rusiyanın Sankt-Peterburq şəhərində Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etdi. İki ölkə arasında yaranmış 10 aylıq soyuqluqdan sonra bu görüş münasibətlərin istiləşməsi baxımından əvəzsiz əhəmiyyət daşıyırdı. Ərdoğanın Rusiya səfərinin bütün təfərrüatlarından belə bəlli olur ki, tərəflər bütün umu-küsülülüyü unudub əlaqələri nəinki tam bərpa etmək, hətta əvvəlkindən də daha üstün səviyyəyə qaldırmaq niyyətindədirlər. Lakin ehtimal etmək olar ki, Ərdoğan-Putin görüşündə təkcə iki ölkə arasında münasibətlərin inkişafı müzakirə edilməyib. Bu görüşdən sonra keçirilən mətbuat konfransında bəlli oldu ki, Ərdoğan Türkiyə, Rusiya və Azərbaycanın iştirakı ilə üçlü formatın yaradılmasını təklif edib və Rusiya da bundan imtina etməyib.

İndi bütün bunlardan sonra prezident Vladimir Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edir. O da maraqlıdır ki, bu, ölkəsində ara qarışandan bəri S.Sarqsyanın xarici ölkəyə etdiyi ilk rəsmi səfərdir. Əsasən Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən döyüşçülərdən və terrorçulardan ibarət "Sasna tsrer" qruplaşması Ermənistanda dövlət çevrilişi etmək niyyətində idi. Polis post-patrulu alayının binasının səbt edib, iki polisi öldürən, digərlərini girov götürüb daha sonra azad edən terrorçu-üsyançıların əsas tələbi isə o idi ki, Sarqsyan hakimiyyətdən getməli, qruplaşmanın həbs olunmuş lideri Jirayr Səfilyan azad edilməli və ən əsası, Dağlıq Qarabağ məsələsində heç bir güzəştə gedilməməlidir. Üsyançıların niyyəti tam baş tutmasa da, ölkədə onları dəstəkləyənlərin etirak aksiyaları keçirməsi və ölkədə süni şəkildə antirusiya əhval-ruhiyyəsinin yaradılması cəhdi də diqqətdən qaçmadı.

İndi ehtimal etmək olar ki, Rusiya prezidenti özünün Bakı səfərinin ardınca Ermənistan prezidentini Moskvaya çağırmaqla ilk növbədə müttəfiq ölkədə narazılığı səngitmək, rəsmi İrəvanı və erməni ictimaiyyətini sakitləşdirmək istəyir. Güman ki, bu istiqamətdə Putin Sarqsyanı hakimiyyətdə saxlamaq üçün müəyyən dəstək vəd edəcək.

O da ola bilər ki, tərəflər Dağlıq Qarabağa dair növbəti üçtərəfli görüşün təşkili ilə də bağlı razılığa gəlsinlər. Böyük ehtimalla "Putin planı" adlandırılan nizamlama variantının, yəni Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması qarşılığında Azərbaycan tərəfdən Ermənistanın blokadasının götürülməsinin detalları, eləcə də Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit həcmində silah-sursat verməsinin tezləşdirilməsi və s. məsələlər müzakirə edilə bilər.

Qeyd edək ki, Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilmişdi. Görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqiyə gətirib çıxarmağa imkan verəcək bir sıra məsələlər üzrə razılığın əldə olunduğu bildirilmişdi.

Düzdür, Sarkisyan hətta bu görüşdən sonra sərsəm militarist bəyanatlar və Dağlıq Qarabağı Azərbaycana güzəştə getməyəcəyinə dair fikirlər səsləndirməkdə davam edib. Amma işğal olunmuş ətraf 7 rayonun heç vaxt qaytarılmayacağı barədə bir söz deyilməyib.

Hər halda, çoxları hesab edir ki, bu ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişiklik gözləmyə dəyər. Çünki artıq hamı anlayır ki, bu münaqişəni donmuş vəziyyətdə saxlamaq mümkün olmayacaq və aprel hadisələri bunu bir daha sübut etdi. Hamı anlayır ki, əgər verilən vədlər yerinə yetirilməsə və məsələnin həlli yenə də süni şəkildə uzansa, regionda böyük fəlakətlərə gətirib çıxara biləcək böyük müharibə başlaya bilər.

Burada diqqət çəkən məqam Qərbin nisbətən susqunluq göstərməsidir. Qərb həm Ermənistanda dövlət çevrilişi cəhdinə dair sərt bəyanatlar səsləndirmir, həm də Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair keçirilən görüş və danışıqlarda gözə görünməməyə üstünlük verir. Düzdür, regionda siyasi formatın və düzənin dəyişməsi regionda sülhün və təhlükəsizliyin təmin edilməsində nikbinlik yaradır. Amma bunda maraqlı olmayanların "gözəgörünməz barmaqları"nın haranısa qurdalayıb mütləq bir "zibil qarışdıracağı" da istisna deyil...

Milli.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.