Ermənilərin aksiyası dağıdıldı

23-06-2015, 10:09           
Ermənilərin aksiyası dağıdıldı
Nümayişçilərə qarşı güc tətbiq edilib, saxlanılanlar var

Bakı-APA. Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 15 dəqiqə davam edən əməliyyat nəticəsində saxlanınanlar var.

***

Bakı-APA. İrəvanın polis rəisi Aşot Karapetyan nümayişçilərlə görüşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, A.Karapetyan aksiya iştirakçılarını ictimai asayişi pozmamağa, Baqramyan prospektini tərk edərək Opera teatrının qarşısındakı meydana keçməyə çağırıb.

“Bu küçə qanuni yolla açılmalı, paytaxtda ictimai asayiş və təhlükəsizlik bərpa olunmalıdı”, deyə A.Karapetyan bildirib.

Nümayişçilər, öz növbəsində, canlı efirdə kütləvi informasiya vasitələrinin iştirakı ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdə israrlıdırlar. Bundan əvvəl onlar İrəvan polisinin rəis müavini Valeri Osipyanın prezidentlə görüşmək üçün 3-5 nəfərlik qrup yaratmaq təklifini rədd etmişdilər.

***

Bakı-APA. İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.

Oturaq aksiya artıq 3 saatdır ki, davam edir. Son məlumatlara görə, aksiyaya Ermənistanın bölgələrindən gələnlər qoşulur. Hazırda İrəvana giriş yollarının bağlandığı bildirilir.

İrəvanın mərkəzinə xeyli sayda polis qüvvələri cəmlənib, əraziyə su şırnağı vuran polis maşınları gətirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.