Haker hücumuna məruz qalan Fransa kanalı öz parolunu özü açıbmış

14-04-2015, 11:16           
Haker hücumuna məruz qalan Fransa kanalı öz parolunu özü açıbmış
Fransada hakimiyyət orqanları ölkənin TV5Monde telekanalına məxsus 11 stansiyanın siqnallarının eyni vaxtda kəsilməsinin səbəblərini təhqiq etdiyi bir vaxtda, kanalın işçilərindən biri təhlükəsizlik parolunun necə oğurlana biləcəyi üzərinə “işıq salıb”.

Daha doğrusu, TV5Monde kanalının 13 Heures proqramına satellit hakerliyi barədə müsahibə verən müxbir David Delos özü də bilmədən şirkətin ən azı bir parolunu açıb.

Arxa plandakı parol

Bu ona görə olub ki, müxbir iş masasının qarşısında müsahibə verirdi və bu zaman masaya yapışdırılmış sarı qeyd kağızları və indeks kartları arxa planda görünürdü. Bu kağızlardan bəzilərinin üzərində internet hesablarının adları və parolları göstərilmişdi.

Konkret olaraq Delos-un müsahibəsi zamanı TV5Monde kanalının Tvitter və İnstagram hesablarının parollarını oxumaq mümkün idi. Lakin bunu hər halda verilişin arxivlənmiş videoyazısından oxumaq çətin imiş. Amma əvəzində Youtube saytına aid informasiyanı görmək olurdu. Pent0thal adlı Tvitter istifadəçisi görünən parolun "lemotdepassedeyoutube" olduğunu deyib. Bu fransız dilindən “YouTube saytının parolu” kimi tərcümə olunur və uzunluğuna baxmayaraq son dərəcə sadədir.

Kibercihad?

Telekanalın haker hücumuna məruz qalması Fransada dövlət səviyyəsində çaxnaşmaya səbəb olub.

Baş nazir Manuel Valls bu aktı “informasiya azadlığı üzərinə yolverilməz hücum” adlandırıb.

Ölkənin daxili işlər naziri Bernard Cazeneuve hadisənin “terror aktı” ola biləcəyinə işarə edib.

TV5Monde kanalının Facebook saytına hakerlər tərəfindən post edilmiş mesajda deyilirdi: “Kiberxilafət İslam Dövləti düşmənlərinin əleyhinə kibercihadını davam etdirir”.

Hakerlər kanalın profilini dəyişərək əvəzində maskalı islamçının şəklini yerləşdirmişdilər.

TV5Monde parollarla bağlı yayılan son xəbərlərə hələlik reaksiya verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.