Ölkədən talan edilib qərb bankılarında gizlədilmiş milyardların batmaq təhlükəsi.....

18-10-2018, 09:30           
Ölkədən talan edilib qərb bankılarında gizlədilmiş milyardların batmaq təhlükəsi.....
Ekspertlər Azərbaycanda kapital amnistiyası təklif edirlər; Vahid Əhmədov: “O vəsaitlər kənarda saxlanmayıb Azərbaycana gətirilsin, qanunsuz işlərə deyil, iqtisadiyyata yatırılsın”
Ötən bir ildə yaşananlar göstərir ki, korrupsiya yolu ilə əldə edilən pullar təhlükə qarşısındadır. Uzun illər boyu Avropa bankları xüsusilə postsovet ölkələrindən daşınan milyardlar üçün təhlükəsiz məkan olub.

Korrupsiyanın çiçəkləndiyi bu ərazidən çox böyük həcmdə pullar ofşor zonalara, Avropaya, Amerikaya daşınıb. Lakin son illərdə dünyada gizli hesablar, qazanılma yolları bəlli olmayan vəsaitlərin heç də təhlükəsiz olmadığı aydınlaşdı. Buna görə də bütün dünyada bu pullara qarşı mübarizə başladıldı. Düzdür, ilkin mərhələdə mübarizə çağırış və bəyanatlar formasında olduğuna görə diqqəti elə də cəlb etmədi. Lakin zaman gəldi ki, müxtəlif ölkələrdən qanunsuz yollarla çıxarılan pulların aşkarlanması istiqamətində real addımlar atılmağa başlandı.

Bu istiqamətdə ilk prosedurlar da elə postsovet ölkələri ilə bağlıdır. Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovanın Avropa banklarına yerləşdirdiyi milyonlarla dollar vəsaiti ölkəsinə qaytarırlar. Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin xanımının Böyük Britaniyadakı varidatı eyni aqibəti yaşamaq üzrədir. Prosesə Böyük Britaniya kimi ofşorlar ölkəsinin aktiv şəkildə dəstək verməsi göstərir ki, Azərbaycandan kənara çıxarılan pulların sahibləri də hər an Zamirə Hacıyevanın taleyini yaşaya bilərlər. İllər boyu dövlətdən, xalqdan oğurlanaraq ofşorlara, Avropa banklarına daşınan vəsaitlərin geri qaytarılması indiki qədər real olmayıb. Əlbəttə, əgər dövlət səbiyyəsində proses başladılarsa - Z.Hacıyeva işində olduğu kimi.

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov Z.Hacıyeva işinin Azərbaycan üçün ciddi fürsət yaratdığı qənaətindədir: “İngiltərədə Zamirə Hacıyevanın əmlakının müsadirəsi Azərbaycan kimi ilkin kapitalın toplanma dövrünü yaşayan ölkələr üçün mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, ilkin iri kapital bir qayda olaraq, cinayət yolu ilə əldə edilir. Sonra isə hər şey sıfırdan başlanır və qanunçuluq bərqərar olur. Həmişə və hər yerdə belə olub. Qərbdə bu, əsrlər öncə olub. Məhz buna görə də çirkli pullarla mübarizə məsələsində Qərb hazırda daha qətiyyətlidir. Mənbəyi məlum olmayan, yəni böyük ehtimalla qanunsuz gəlirlər hesabına əldə edilmiş əmlakın müsadirəsi təcrübəsinə Qərbin mənəvi lideri olan İngiltərə başladı. Aydın məsələdir ki, bu təcrübə yaxında digər Qərb ölkələrində də yayılacaq”.

Ekspert deyir ki, Azərbaycan kimi iri kapitalın, bir qayda olaraq, korrupsiya yolu ilə əldə edildiyi ölkənin zənginləri (məmurlar və onlarla əlbir olan sahibkarlar) Qərb ölkələrinə qoyduğu sərmayələri itirə bilər: “Məlum olduğu kimi, Azərbaycanda mənfəətlə işləyən şirkət azdır, iri şirkətlər isə demək olar ki, yoxdur. Yüksək gəlirlər əsasən kölgə iqtisadiyyatı hesabına olub. Hətta qanuni gəlirləri də savadlı şəkildə rəsmiləşdirə bilməyiblər əksər hallarda. Odur ki, xaricdə əmlakının qanuni mənbəyini sübut edə bilən varlılarımız azdır. Buna görə də hazırda onlar təşvişdədir. Əlbəttə, onların çoxunun Rusiya, habelə Birləşmiş Ərəb Əmirlikləri kimi müsəlman ölkələrində də əmlakı var. Lakin təbii, Qərbə etibarları daha çoxdur (geosiyasi liderlik və qanunçuluğun yüksək səviyyəsi səbəbindən) və əmlakların əksəriyyəti məhz oradadır. Buna görə də hazırda zənginlərimiz istər-istəməz xaricə çıxardıqları əmlakın müəyyən hissəsini Azərbaycana qaytarmaq istəyəcək. Dövlətimiz də bundan istifadə etməlidir".

Ə.Həsənovun fikrincə, dövlət bu fürsətdən istifadə edərək kapital amnistiyası elan etməlidir: “Ən başlıcası kapitalların amnistiyası həyata keçirilməlidir. Yəni hər kəs qeyri-leqal əmlakını bəyan etməklə və müəyyən vergi (məsələn, 10 faiz) ödəməklə həmin əmlakı leqallaşdırma imkanına malik olmalıdır. Həmin əmlakın mənbəyi ilə maraqlanmaq lazım deyil. Təki əmlak ölkəmizin iqtisadi inkişafına xidmət etsin. Amma eyni zamanda dövlət bəyan etməlidir ki, amnistiya üçün müəyyən edilən dövr (1-3 il) bitəndən sonra müəyyən edilən qanunsuz əmlak müsadirə ediləcək və sahibi cinayət məsuliyyətinə cəlb olunacaq”.

Hüquqşünas bildirir ki, bütün bunlarla bərabər köklü hüquqi islahatlar, o cümlədən qanunvericilik islahatları (Mülki Məcəllədən başlayaraq) aparılmalıdır: “Məhkəmə islahatları aparılmalıdır: hakimlər müstəqil, ədalətli və savadlı olmalıdır. Çünki zənginlər, sahibkarlar yalnız əminlik şəraitində fəaliyyət göstərə bilər. Oyun qaydaları şəffaf və dəqiq olmalı, onlara riayət edilməlidir. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bundan asılıdır! Gözəl şansımız var! Qərb yeni təcrübəyə Azərbaycan vətəndaşından başladı. Bizdən oğurlanan pulları özünə götürdü. Odur ki, biz də elə etməliyik ki, ölkəmizdən daha heç kəs qanunsuz pul çıxarmasın, hamı vəsaitini Azərbaycanın inkişafına sərf etsin. Biz də birinci olaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Azərbaycanda da qanunsuz yollarla kapital əldə edənlər var: “Bir vaxtlar Azərbaycanda müəyyən qanunlar olmayıb, bəzi şəxslər üçün şərait yaradılıb, müəyyən nazirlər və vəzifədə olan digər şəxslər kifayət qədər kapital əldə ediblər. Bu kapitalın əsas hissəsini Azərbaycandan çıxararaq xarici ölkələrdə ya əmlak alıblar, ya banklara yerləşdiriblər. Hazırda dünyada buna tamamilə əks olan proseslər gedir. Məsələn, Böyük Britaniya dövləti qanun qəbul edib ki, mənim ərazimdə mal-mülk almırsan, gəl onu necə qazandığını açıqla, deklarasiya ver mənbəyi barədə”.

Millət vəkilinin sözlərinə görə, kapital amnistiyasının verilməsi təklifi ilə bir neçə dəfə Milli Məclisdə də çıxış edib: “Demişəm ki, o vəsaitlər kənarda saxlanmayıb Azərbaycana gətirilsin. Daha terrorçuluğu dəstəkləmək və digər qanunsuz işlərə deyil, iqtisadiyyata yatırsınlar. Vəsaitlər investisiya kimi müxtəlif sahələrə qoyulsun, istehsal müəssisələri yaradılsın. O pulu onlar onsuz da oğurluq-doğurluq əldə ediblər. Bundan sonra onlardan ölkə üçün səmərəli istifadəyə nail olmaq üçün amnistiya ən doğru yoldur. Dünyada gedən proseslər göstərir ki, belə bir amnistiyanın verilməsi gec-tez Azərbaycanda gündəmə gələcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.