"Müharibə veteranları inanırlar ki, bu özbaşınalıq və qanunsuzluq aradan qaldırılacaq"

21-10-2018, 11:50           
"Müharibə veteranları inanırlar ki, bu özbaşınalıq və qanunsuzluq aradan qaldırılacaq"
Əziz dostlar! Hörmətli həmkarlar!
Vaxt azlığından imkan tapıb söz verdiyim bəzi vacib məsələləri həftə ərzində çatdırmaq imkanımız olmadı. Amma, qətiyyən narahat olmayın və inşallah yaxın günlərdə biz həlli vacib məsələləri mütləq əlaqədar dövlət və hökumət qurumlarının nəzər-diqqətinə çatdırıcağıq. Ələlxüsus hörmətli Baş nazir Novruz Məmmədovun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yetkililəri qaldırılan məsələlər ilə bağlı mütləq zəruri açıqlamalar və qərarlar verməyə BORCLUDURLAR. Bizim qaldırdığımız məsələlər fərdi və ya şəxsi xarakter daşımadığı üçün, hesb edirəm ki, yaxın günlərdə biz bu PROBLEMLƏR ilə bağlı RƏSMİ münasibətin nədən ibarət olduğunu görəcəyik.
Şükürlər olsun ki, həm Nazirlər Kabinetinin, həm də ƏƏSMN-nin gənc rəhbərliyi artıq cavabdeh olduqları sahələrin ümumi vəziyyəti ilə tanış olmaq imkanı əldə etmiş və artıq qərarların qəbulu üçün konkret addımlar atılmalıdır.
Bu ayın əvvəlində biz mətbuat vasitəsiylə artıq neçənci dəfə həm Nazirlər Kabinetinə, həm də ƏƏSMN-nin rəhbərliyinə müraciət edərək xatırlatmışıq ki, sabiq ƏƏSM naziri, hazırda Aviasiya Akademiyasının kafedra müdiri Səlim Müslümov adlı özündən çox razı bir məmur, ÖZBAŞINALIQ və QANUNSUZLUQ edərək biz Qarabağ müharibəsi veteranlarının dövlətdən aldığımız, (adam utanır da dilinə gətirməyə) 11(?!) manat müavinatı 2012-ci ilin mayın 1-dən heç bir qanuni və hüquqi əsaslar olmadan verilməsini dayandırıb. Mən inanıram ki, əgər dövlət başçısı, həmçinin hazırda hökumətə rəhbərlik edən yeni Baş nazir məsələnin məğzindən və mahiyyətindən xəbər tutsalar, bu məsələ qısa bir müddətdə öz həllini tapacaqdır. Çoxsaylı müharibə veteranları da buna həm ümid edirlər, həm də inanırlar ki, bu özbaşınalıq və qanunsuzluq tez bir zamanda aradan qaldırılacaqdır.
Dövlət Sosial Müdafiə Fondu bizim müraciətimizə caba olaraq bildiriblər ki, onlar bunu “Sosial Müavinatlar Haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanunun 7.0.6-cı maddəsinə əsasən dayandırıblar.Belə ki, həmin müavinatın onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadığı halda təyin edilməsi bildirilir. Belə bir qərarın səhvən qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisad Kollegiyası tərəfindən də 25 aprel 2013-cü ildə bir daha rəsmən təsdiq edilməsinə baxmayaraq bu günə qədər bu müavinat ödənilmir.
2001-ci ildə "Veteranlar haqqında" qanunvericiliyə bir əlavə edildi. Belə ki, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 №-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştrak etdiyinə görə “Müharibə Veteranı” adı almış şəxslərə 11 AZN məbləğində aylıq müavinat müəyyən olundu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 09 yanvar 2№2-H qərarı ilə təsdiq olunmuş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunması ilə əlaqədar həmin müavinatların vətəndaşlara verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən (17.06.2006-cı il tarixli 151 saylı Qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 №-li Fərmanı ilə müəyyən olunan müavinatlar hərbi qulluqçulara-onların xidmət keçdiyi orqan, pensiya alanlara isə, pensiyaların üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan tətəfindən ödənilirdi. Maraqlı olan cəhət ondan ibarətdir ki, hərbi xidmətdə olan, işləyən “Müharibə Veteranları” üçün 2014-cü ilin aprelin 1-dən 45 manat, indi isə artıq 55 manat olsa da, pensiyada olan müharibə veteranları üçün həmin məbləğ ümumiyyətlə ödənilmir və ödənilməyə başlayarsa, nədənsə 11 manat olacaqdır.
Biz Qarabağ müharibəsi veteranlarını ən çox maraqlandıran məsələlərdən biri də, 01 yanvar 2006-cı ildən qüvvədə olan “Sosial Müavinatlar Haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddəsinin tələbləri qüvvəyə mindikdən 6 (altı) il, 01 may 2012-ci ildən sonra tətbiq olunmağa başlayıb.
Bundan əlavə, “Sosial Müavinatlar Haqqında”Azərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddələrində göstərilənlər Azərbaycan Respublikasının Ali Qanuni olan Konstitusiyanın 25-ci (Bərabərlik Hüququ) və 149-cu maddələrində (Normativ Hüquqi Aktlar Haqqında) təsbit edilən əsas İnsan hüquqlarının və azadlıqlarının müddəalarına nə dərəcədə uyğundur?
ƏN VACİBİ və ƏN ÖNƏMLİSİ: 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş "Sosial müavinatlar haqqında" qanun və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərman isə Azərbaycan Respublikası Prezidentinin 11 manat məbləğində müavinatla əlaqədar olan 26 dekabr 2001-ci il tarixli, 613 nömrəli və 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanları LƏĞV ETMƏMİŞLƏR.
Ona görə də, bu 6 il ərzində bizim pullarımızı faktiki mənimsəyən Səlim Müslümov və onun başının dəstəsi həm qeyri-qanuni addımlarına görə CİNAYƏT MƏSULİYYƏTİNƏ cəlb edilməklə, onlardan müharibə veteranlarına ödənilməsi üçün maliyyə vəsaitləri ALINMALI və ÖDƏNMƏLİDİR. Əks təqdirdə, bu məsələ daha da böyüyəcək və dövlət, hökumət adına xoşa gəlməyən müzakirələrə, hüquqi nəticələrə səbəb olacaqdır.
Tanrı Azərbaycanımızı qorusun!

Üzeyir Cəfərov, Tanınmış hərbi ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.