Birgə tərəfdaşlıq çərçivəsində layihə - İnklüziv təhsilin inkişafında yeni mərhələdir.

20-11-2018, 09:30           
Birgə tərəfdaşlıq çərçivəsində layihə - İnklüziv təhsilin inkişafında yeni mərhələdir.
Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir.
Hazırda inklüziv təhsil adlandırdığımız təhsilalma forması ölkəmizdə ayrı-ayrı dövrlərdə müxtəlif adlarla – “Fiziki və əqli cəhətdən qüsuru olan uşaqların təhsili”, “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili”, ”Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili” adı altında müəyyən inkişaf yolu keçmişdir. Sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə, xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunmaqdadırlar.
“Əlillərin hüquqları haqqında” Konvensiyanın 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və əlilliyi olan şəxslərin fasiləsiz təhsil almaq imkanını təmin etməlidirlər. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər.
Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılmışdır. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılmışdır.
Bununla belə, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Bütün bunları nəzərə alaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi (2.5.1.); məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsi. (2.5.2.) kimi ayrıca müddəalar salınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş ”2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda deyilir ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.
Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Bu məqsədlə Dövlət Proqramında sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələri üzrə inklüziv təhsil hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktların təkmilləşdirilməsi; təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi; sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması; inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması; sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması kimi mühüm vəzifələr yaxın gələcəkdə öz həllini tapmalıdır.
Bu ilin noyabrın 12-də mənim də bilavasitə iştirakçısı olduğum Avropa İttifaqı (Aİ), BMT-nin Uşaq Fondu (UNICEF) və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimat mərasimində Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamikanın müşahidə olunduğunu diqqətə çatdırıb. Nazir həyata keçirilən islahatlar nəticəsində təhsilin keyfiyyətinin daha da yüksəldiyini vurğulayıb, Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. UNICEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji universitetlərin və ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, Bakıda və regionlardakı məktəblərdə 9 resurs mərkəzinin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarına dair məlumatlılığı artırmaq məqsədilə ictimai davranış və sosial dəyişiklik kampaniyalarının keçirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, layihə üzrə 10 min nəfərdən çox müəllim və məktəb direktoru inklüziv təhsil üzrə ixtisasartırma proqramlarından faydalanacaq. Layihə 2020-ci ilədək ümumtəhsil məktəblərində 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşağın təhsil almasına imkan yaradacaq.
Ümid etmək olar ki, “Sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması onların bilik qazanmasına və inkişaf etməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu cür uşaqların ictimai həyatda fəaliyyəti barədə yanlış düşüncələrin əsassız olduğu sübuta yetiriləcək. Təhsilin hər bir uşaq üçün əlçatan olması sağlamlıq imkanları məhdud uşaqların öz potensiallarından hərtərəfli istifadə etməsinə imkan verəcək.
Nadir İsrafilov
Teref.az
.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.