Dövlət büdcəsini “xortumlayan” və azadlıqda gəzən məmurlar

20-11-2018, 08:37           
Dövlət büdcəsini “xortumlayan” və azadlıqda gəzən məmurlar
Hüquqşünas: “Həmin məmurlar həbs edilərsə, digərləri üçün dərs olar”

Ölkədə kiçik məmurlar rüşvət və korrupsiya faktına görə həbs edilsələr də, büdcəni “xortumlayan” sabiq məmurların əksəriyyəti cinayət məsuliyyətinə cəlb edilməyib, azadlıqdadırlar.

Belə ki, son olaraq Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qaçaqmalçılıq yolu ilə ölkədən İspaniyaya 2 ton şərab daşıması məlumatı yayıldı. Abel Məhərrəmov vəzifəsindən azad edilsə də, hələ ki onun həbs edilməsi və ya cinayət məsuliyyətinə cəlbi ilə bağlı məlumatlar yoxdur.

Eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlı barədə də ötən ay xeyli məlumatlar yayıldı. Onun harın həyat tərzi, bahalı avtomobilləri, müxtəlif saatları və sair barədə ölkə mətbuatında çoxsaylı materiallar dərc olundu.

Həmin materiallardan aydın oldu ki, sabiq Palata rəhbəri çox dəbdəbəli həyat tərzi keçirib, bahalı aksesuarlara, əyləncə və gəzintilərə külli miqdarda pullar xərcləyib. Məsələn, haqqın.az saytının yaydığı məlumatdan R. Aslanlının Londonda bir hoteldə qalmağa minlərlə funt-sterlinq xərclədiyi ortaya çıxır. Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funt-sterlinq xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib. Bundan əlavə, R.Aslanlı Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bazarlıq etdiyi “Harrods” adlı ticarət mərkəzindən böyük məbləğdə alver edib. Belə ki, 2016-cı ilin 2 sentyabr tarixində onun kart hesabından həmin ticarət mərkəzi üçün 31 min 435,15 dollar çıxılıb. Elə həmin gün həmin ticarət mərkəzində R.Aslanlı daha 40 min 561 dollar xərcləyib.

Lakin Rüfət Aslanlı hələ də həbs edilməyib. Həmçinin sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sabiq nəqliyyat naziri Ziya Məmmədov, onun qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun barəsində çoxsaylı məlumatlar yayılıb. Bu məlumatlarda adları qeyd edilən şəxslərin çoxsaylı qanunsuz əməlləri əks olunub. Lakin hər üç nazir hələ də azadlıqdadır. Bu siyahını bir qədər də uzatmaq olar...

Eyni zamanda onu da qeyd edək ki, son illərdə dövlətin pulunu oğurladığı üçün həbs edilən yüksək çinli məmurlar da olub. Məsələn, “MTN işi”, “Rabitə işi” çərçivəsində xeyli sayda məmurlar həbs edildilər. Lakin bu işlərdə də həm ləğv edilmiş MTN naziri Eldar Mahmudov, həm də rabitə naziri Əli Abbasov məsuliyyətdən kənarda qaldılar.

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, sabiq məmurların fəaliyyətləri qanunaziddir və cinayət tərkibi olan fəaliyyətlərdir: “Rüşvət artıq özü cinayət əməlidir. Bunun azı-çoxu yoxdur və mütləq həmin şəxs cəzaya məruz qalmalı, həbs edilməlidir. Rüşvət məsələsinə bütün dünyada pis baxılır və bu, ən ağır cinayət sayılır. Hətta çox yerlərdə rüşvət alan məmura girov, ev dustaqlığı da təqdim olunmur. Birbaşa həbs edilirlər. Mətbuatdan oxuduq ki, bizdə də bir çox məmurlar yeyintilərə yol veriblər. Bu yeyintilər isə külli miqdarda vəsaitdir. Lakin onların demək olar ki, heç biri həbs edilməyiblər. Yalnız ”MTN işi"ndə bəzi generalları həbs edildilər. Buna da səbəb odur ki, həmin adamlar dövlət sirrinin daşıyıcıları idi. Bu məmurları işdən azad edib, azadlığa buraxmaq düzgün olmazdı. Onlar dövlətdən qisas almaq məqsədilə bu məlumatları sata, yaxud da başqa cür istifadə edə bilərdilər. Görünür ki, bu səbəbdən də onlar barədə qeyd edilən maddə üzrə həbs seçilib. Digər məmurlar, eləcə də sonuncu işdən çıxarılan Abel Məhərrəmov, rüşvətxorluq, qaçaqmalçılıq kimi qeyri-qanuni əməllərə yol veriblər. Bunların hamısı ağırlaşdırıcı hallardır. İctimaiyyəti də bu təəccübləndirir ki, hansısa kiçik işçi 15-20 manat aldığına görə işdən çıxarılır, külli miqdarda olan mənimsəmələrə isə hüquqi cəhətdən qiymət verilmir. İctimaiyyətdə belə fikirlər dolaşır ki, həmin məmurların əmlaklarını qeyri-rəsmi şəkildə əllərindən alırlar. Ancaq bu, gələcək cinayətlərin qarşısını almaq üçün kifayət deyil. Hər bir məmur görməlidir ki, əgər o, bu kimi oxşar əməli törədərsə, ona qarşı ciddi, kəskin hüquqi tədbirlər görüləcək. Məmurlar bunu görmədikləri üçün öz əməllərindən geri qalmırlar. Çünki görülən tədbirlərin qabaqlayıcı, tərbiyəedici tərəfi yoxdur. Məmur düşünür ki, uzaqbaşı əlimdə olan mülkün bir hissəsini alacaqlar. Bu səbəbdən də məmurların əksəriyyətinin öz adlarında heç nə yoxdur. Müsadirə etmək üçün nəticədə heç nə tapa bilmirlər. Ən pisi odur ki, həbs yoxdur. Cinayət var, cəza yoxdursa, ədalət prinsipi kəskin surətdə pozulur. Nəticədə bu cür qeyri-qanuni əməllər davam edir və belə getsə, edəcək də".

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.